Bu davada biz sizinləyik, Cənab Ali Baş Komandan!

Azər Həsrət

Azər Həsrət (azer@azerhasret.com)

Son zamanlar prezident İlham Əliyevin türk dünyası və əzəli Azərbaycan torpaqlarıyla bağlı etdiyi çıxışlar elə türk dünyası da daxil olmaqla yer üzünün siyasi çevrələrində ciddi maraqla izlənilir. Azərbaycan prezidenti millətimizin strateji hədəflərinə yüzdə yüz uyğun gələn açıqlamaları ilə şəxsən mənim ünsiyyətdə olduğum geniş çevrələrdə sensasiya sayıla biləcək effekt yarada bilib. Düzdür, mənim istər ölkə içində, istərsə də ölkədən kənarda, xüsusən də geniş türk coğrafiyasındakı şəbəkəmdə Azərbaycan prezidentinin bir gerçək türk olması və məhz çoxmillətli Azərbaycan xalqı da daxil olmaqla böyük türk dünyasının gələcəyinə hesablanan fəaliyyətləri haqqında tez-tez söhbət açırdıq. Ancaq bəzən biriləri bilgisizliyi üzündən mənim söylədiklərimə az da olsa şübhə etmək istəyini büruzə verirdi. Və bu an prezidentimiz açıq mətnlə türk birliyi haqqında danışdı! Dəyərli oxucularım xatırlar, bununla bağlı mən Türkiyədə də geniş maraqla qarşılanan “Mesajınız Alınmışdır, Sayın Cumhurbaşkanlarım” adlı bir yazı yazmışdım. Orada Azərbaycan prezidentinin “Azərbaycanla Türkiyənin münasibətləri türk birliyi üçün çox önəmlidir” fikrindən hərəkət edərək İlham Əliyevin məhz elə biziim kimi insanların uğrunda mübarizə apardığı məqsədə xidmət etdiyini vurğulamışdım. Ardından da cənab prezident İstanbul Zirvəsində türk dövlət başçıları ilə birlikdə çıxış edərkən yenə də açıq mətnlə türk birliyi haqqında danışaraq bir zamanlar Azərbaycana aid olan Zəngəzurun məhz türk dünyasını parçalamaq üçün əlimizdən alındığını dedi. Bununla da qalmayan prezident bu günlərdə Yevlax şəhərində məktəb açılışında etdiyi çıxışda onu antimilli adlandıranların əl-qolunu büsbütün qıracaq açıqlamalarla gündəmi işğal etdi! Həm də tək Azərbaycanın deyil, bütün türk dünyasının! Bunu deməyə əsas verən isə şəxsən mənə Azərbaycan prezidentinin bu çıxışlarından dolayı daxil olan təbriklərdir! Bəli, türk dünyasının hər tərəfindən insanlar ölkəmizin liderinin bu cür açıqlamasını böyük sevinclə qarşıladı!

Nə deyirdi bəs prezident? Azərbaycan prezidenti deyirdi: “Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən!” Bu fikirləri dinləyən, oxuyan hər kəsin tükləri biz-biz olur! Doğrudan da ölkəmin prezidenti tarixi ədalətsizliyə üsyan edərcəsinə öz milli kimliyinin müdafiəsinə qalxdığını nümayiş etdirir!

Və cənab prezident sözünə davam edərək deyir: “Mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan – xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan olunması Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib?! Əgər o bölgələr dırnaqarası “Böyük Ermənistan”a aid idisə, onda nə üçün bizdən icazə alırdılar?!”

Prezident İstanbul Zirvəsində dilə gətirdiyi fikri bir daha təkrarlamaqla dünyaya qətiyyət mesajı verir! Bizim vəzifəmiz nədir o zaman? Bu siyasəti dəstəkləmək! Sorğusuz və sualsız belə bir siyasəti dəstəklədiyimizi bütün dünyaya bəyan etmək hər birimizin vətəndaşlıq borcumuzdur! Qoy dünya görsün ki, Azərbaycan prezidenti bu sözləri xalqının iradəsini ifadə edərək deyir!

Prezident İlham Əliyevin sözü bununla da bitmir: “Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni dilində “Qarabağ” sözü var? Yoxdur! Qarabağın Xankəndi şəhərinə Stepanakert adını o vaxt Sovet İttifaqı verib. Nədir Stepanakert?! Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi bir keçmişi olsaydı o adı qoyardılar?! Onun tarixi adı Xankəndidir. Budur reallıq. Yəni bizim uşaqlar bütün bunları bilməlidirlər ki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yerləşir. Bu az imiş, hələ istəyirlər bizim ərazimizdə ikinci dövləti yaratsınlar. Tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq istəyirlər. Heç vaxt buna razılıq verə bilmərik və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. İstənilən yolla! Mən buna şübhə etmirəm!”

Ali baş komandan tam qətiyyətlə tarixi faktlara dayanaraq ərazi bütövlüyümüzü bərpa edəcəyimizi deyir! Yenə də təkrar etmək istərdik, bu siyasət dəstəklənməməlidirmi? Əlbəttə ki, dəstəklənməlidir! Biz Azərbaycan xalqının öndə gələn kəsimi olaraq insanlarımızın məhz belə siyasətin yanında olmasına çalışmalıyıq! Çünki bu siyasəti dəstəkləməmək dövlətə xəyanət olardı! Bu davada biz sizinləyik, Cənab Ali Baş Komandan!

Oxunma sayı: 5893

1 Comment to "Bu davada biz sizinləyik, Cənab Ali Baş Komandan!"