Azər Həsrət: Açıq fərqlə öndə olmağım təsadüfi deyil

Azər Həsrət

Bakı, AzerHasret.com, 22.10.2010 – 34 saylı Xətai II seçki dairəsindən deputatlığa müstəqil namizəd Azər Həsrət proqnozlaşdırıldığı kimi artıq seçicilər arasında ciddi fərqlə önə çıxmağa başlayıb. Təşviqat kampaniyasının yeni başlamasına baxmayaraq dairə ərazisində ictimai-siyasi fəallığı ilə seçilən insanlar əsasən üç namizədin gerçək siyasi imkanları olması haqda mülahizələr yürütməkdədir. Bunlardan biri və birincisi Azər Həsrət, digər ikisi isə Müsavat və Yeni Azərbaycan partiyalarının namizədləridir. Dairə ərazisində ciddi fərqlə önə çıxmaqla qalmayan Azər Həsrət həm də son günlər İnternetdə təşkil edilən səsvermələrdə də eyni uğurunu təkrar edir.

“Mənim yerlərdə irəli çıxmağım əlbəttə ki, komandamın və özümün insanlarla daha səmimi və açıq olmağımızdan, eyni zamanda bir sıra “stajlı” millət vəkillərini belə kölgədə qoyan bioqrafiyamın zənginliyidir. Nəzərə alsaq ki, mən hazırda 12 namizədin iddia etdiyi bir dairədə mübarizə aparıram və onların arasında hakim Yeni Azərbaycan və müxalif Müsavat da daxil olmaqla bir neçə partiyanın namizədi var, mübarizənin heç də asan olmadığı anlaşılar. Bununla belə görünən odur ki, istər YAP-dan, istərsə də Müsavat Partiyasından namizədliyi irəli sürülən deputatlar belə öz geniş partiya imkanlarına baxmayaraq mənimlə ayaqlaşa bilmirlər”, – deyə Azər Həsrət bildirib.

Deputatlığa namizəd onu da qeyd edib ki, YAP-ın və Müsavatın namizədinin ondan geri qalması heç də o partiyaların zəifliyi kimi anlaşılmamalıdır: “Onlar sadəcə bu dairə üçün namizəd müəyyən edərkən görünür bir sıra vacib məqamları diqqətdən qaçırıblar. Elə buna görə də hazırda bu partiyalardan olan namizədlər öz təşviqat kampaniyalarını təşkil etməkdə çətinliklərlə üzləşirlər. Mənim isə belə problemim yoxdur. Həm də nəzərə almaq lazımdır ki, mən onlardan fərqli olaraq ərazinin sakiniyəm və buranın hər qarışında namizəd olmadan belə adamlarım vardı. Demək istədiyim budur ki, bu iki namizədin zəif görünməsi heç də onların partiyalarının zəifliyi kimi anlaşılmamalıdır”.

Son günlər İnternetdə keçirilən səsvermələrdə də açıq fərqlə önə çıxmasına münasibət bildirən Azər Həsrət əslində bunun dairədəki gerçək durumu əks etdirdiyini deyir: “Onlayn səsvermələrdə mən bəzən ən yaxın rəqibimdən 20-22 faiz öndə olmaqla mütləq birinciliyi qoruyuram. Bu isə ondan xəbər verir ki, təkcə dairə ərazisində deyil, həm də dünyanın hər tərəfində insanların böyük çoxluğu məhz məni Azərbaycan Milli Məclisinin deputatı kimi görmək istəyir. Düşünürəm ki, istər dairədəki, istərsə də virtual aləmdəki belə əlverişli iradə noyabrın 7-də rəsmiləşəcək və mən mütləq millət vəkili seçilərək dövlətimə və dövlətçiliyimə qulluq edəcəm”.

Oxunma sayı: 6432
Share