Türk dünyasının hər tərəfində deputat seçiləcəyim günü gözləyirlər

Azər Həsrət

Bakı, AzerHasret.com, 27.10.2010 – 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Azər Həsrətin seçki kampaniyası uğurla davam edir. Namizədin seçki qərargahından verilən bilgiyə görə, artıq Mehmandarov, Neapol, Şıxlinski, Tusi, Aşıq Ələskər küçələrinin ayrı-ayrı məhəllələrində bir neçə kiçik həcmli və bir böyük görüş keçirilib. Bütün görüşlər açıq havada keçirilib və seçicilərlə interaktiv ünsiyyətə üstünlük verilib. Bundan başqa adı keçən küçələrdə və həmçinin Xudu Məmmədov küçəsinin bir hissəsində qapı-qapı kampaniyası çərçivəsində təşviqat materialları paylanılıb.

Seçki qərargahından verilən bilgidə deyilir ki, ərazidə Azər Həsrətə ciddi maraq var və onun İTV-dəki çıxışından sonra bu maraq daha da artıb. Xüsusən də ictimaiyyət artıq Azər Həsrətin deputat seçiləcəyinə əminlik ifadə etməyə başlayıb. Bu isə təsadüfi deyil. Çünki Azər Həsrət digər əsas iddialı namizədlərdən fərqli olaraq dairənin ərazisində yaşayır və sakinlərin problemlərini özü də hər gün öz çiyinlərində hiss edir.

Azər Həsrətin təşviqat materiallarını yaymaqla məşğul olan qərargah üzvləri maraqlı müşahidələrini də dilə gətiriblər. Onlar deyib ki, namizədin təşviqat materialları bir qayda olaraq həvəslə qəbul edilir və seçicilər əlavə nüsxələr də əldə etmək istəyirlər. Bundan başqa təşviqat materiallarının paylanmağa başlandığı ərazilərin sakinləri Azər Həsrət haqqında yaxşı fikirdə olduqlarını, təşviqat aparılmasa belə ona səs verməyə hazırlaşdıqlarını deyirlər. Buna səbəb kimi onun bir çox namizədlərdən fərqli olaraq yalan vədlər verməməsi, öz zərərinə olsa belə doğru-dürüst addımlar atması göstərilir.

Azər Həsrət özü də bu müddət ərzində keçirdiyi görüşlərdən daha da ruhlanıb. Bir qayda olaraq sakinlərlə sadə ünsiyyətə üstünlük verən namizəd yalnız hazırda fəaliyyətdə olan və bu dairədən namizədliyini irəli sürən deputatlar haqqında iradları dinləməkdən yorulduğunu deyir: “Dairəmizdən 12 namizəd qeydə alınıb. Ancaq maraqlıdır ki, sakinlər onların yalnız üçü haqqında danışmağa meyllidir. Bu üç nəfərdən biri mənəm, digər ikisi isə hazırda fəaliyyətdə olan deputatlardır. Elə söhbətə başlayan kimi seçicilər həmin deputatlar haqqında iradlarını dilə gətirirlər. Mən isə siyasi əxlaq qaydalarına sadiq qalaraq onlar haqqında deyil, özüm haqda danışmağa üstünlük verirəm”.

Azər Həsrət onu da deyib ki, artıq həm ölkə daxilində, həm də ölkə xaricində onun deputat seçiləcəyi haqda qəti fikir formalaşıb: “Mənim ünsiyyətdə olduğum insanlar birmənalı şəkildə deyirlər ki, deputat seçilməyim üçün heç bir əngəl görmürlər. Bunu təkcə ölkə içində deyil, Azərbaycandan minlərlə kilometr uzaqlarda yaşayan, türk dünyasının ayrı-ayrı bölgələrini təmsil edən insanlar da deyir. Onların əsaslandığı budur ki, rəqiblərim mənimlə müqayisədə xeyli zəif təsir bağışlayır və onların burada apardığı mübarizə o qədər də hiss edilmir. Əslində bu fikri söyləyənlər haqsız sayılmazlar. Həm də nəzərə almaq lazımdır ki, təkcə dairə ərazisində deyil, virtual aləmdə də mənim üstünlüyüm təsdiqlənir. Üç ayrı İnternet resursunda aparılan səsvermədə mən birmənalı şəkildə bütün rəqiblərimi ciddi səs fərqi ilə üstələyərək birinciliyimi qoruyuram”.

Azər Həsrət daha bir önəmli məqamı da qeyd edib: “Mənim deputat seçilməyimi kimsənin süni yollarla əngəlləyəcəyini düşünmürəm. Ən azından ona görə ki, bu günə qədərki proseslərdə bu baş verməyib və ölkə rəhbərliyi də birmənalı şəkildə ədalətli seçki keçirməyə söz verib. Mən Azərbaycan prezidentinin iradəsinə güvənirəm və düşünmürəm ki, kimlərsə aşağı səviyyədə hər hansı sıradışı addım atmaqla məni və arxamda olan minlərlə insanı narazı salmağa şərait yaratsın. Bəllidir ki, məni ölkə ictimaiyyətinin önəmli bir kəsimiylə bərabər böyük türk dünyasının hər tərəfində minlərlə insan dəstəkləyir və deputat seçiləcəyim günü səbrsizliklə gözləyir”.

Oxunma sayı: 4610