Deputatlığa namizəddən fərqli seçki müşahidəsi taktikası

Azər Həsrət

Bakı, AzerHasret.com, 03.11.2010 – Builki deputat seçkilərində özünün fərqli seçki kampaniyası ilə nəinki Azərbaycan ictimai rəyində, hətta ölkədən kənarda belə diqqəti üzərinə cəlb etməyi bacarmış 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Azər Həsrət daha bir ilkə imza atmaq üzrədir. Bu isə onun noyabrın 7-də tətbiq edəcəyi seçki müşahidəsi ilə bağlıdır. Maraqlıdır ki, deputatlığa namizəd özünün bu addımı haqqında hələlik heç bir geniş açıqlama vermir.

“Bəlli olduğu kimi builki seçki marafonunda çağdaş texnologiyalardan ən yüksək səviyyədə istifadə edirəm. Nəinki öz dairəmdə, ümumiyyətlə bütün ölkə üzrə bu texnologiyalardan istifadə üzrə ən öndə olan namizədlərdən biri və bir çox hallarda da birincisiyəm. Mən öz kampaniyamda təbii ki, ənənəvi üsullardan da istifadə edirəm. Ancaq tətbiq etdiyim yeni üsullar daha asan və daha verimlidir. Onu da deyim ki, mənim indi tətbiq etdiyim üsulları 2013-cü il prezident seçkilərində uğurla tətbiq edə biləcək namizəd mütləq qalib gələcək. Çünki o zamana qədər bu üsulların tətbiqi üçün daha əlverişli şərait yaranacaq”, – deyən Azər Həsrət seçki müşahidəsi ilə bağlı taktikası haqqında yalnız bir neçə kəlmə deməklə yetinib: “Seçki müşahidə taktikam olduqca sadə və verimlidir. Ancaq onu indidən açıqlasam verimliliyi bir qədər azala bilər. Yalnız bir şeyi deyə bilərəm ki, bu taktika tam qanun çərçivəsindədir və seçkidən sonra onun mahiyyəti haqqında arzu edənlərə açıqlama verməyə hazıram”.

Onu da əlavə edək ki, Azər Həsrətin seçki kampaniyası xüsusən türk dünyasında diqqəti ciddi şəkildə cəlb etməklə maraqla izlənilməkdədir.

Oxunma sayı: 4204