Qazaxıstandan da Azər Həsrətə dəstək gəldi

Əhməd və Dəriğə

Bakı, AzerHasret.com, 04.11.2010 – Seçki günü yaxınlaşdıqca ən şanslı namizədlər ətrafında təmərküzləşmədə sürət də artmaqdadır. Bu baxımdan 34 saylı Xətai II seçki dairəsindən müstəqil namizəd Azər Həsrətə dəstəyin coğrafiyası digər namizədlərlə müqayisədə xeyli genişdir. Artıq bir sıra türk dövlət və topluluqlarından ona dəstək məktubları ard-arda gəlməkdə davam edir. Dünən isə daha iki dəstək ifadəsi qardaş Qazaxıstandan daxil olub.

Mərkəzi qərargahı Qazaxıstanın Almatı şəhərində yerləşən Türk Xalqları Mədəniyyəti Fondunun başqanı Əhməd Dağduran Azər Həsrətə ünvanlanan məktubunda bu seçki kampaniyasını həyəcanla izlədiklərini, onun qalib gəlməsi üçün dua etdiklərini bildirib. Azər Həsrətə daxil olan müraciətdə bildirilir: “Deputatlığa namizəd olmağınıza çox sevindik. Qazaxıstandakı Türk Xalqları Mədəniyyəti Fondu olaraq sizi bütün qəlbimizlə dəstəkləyir və bu seçimdə mütləq qələbə arzu edirik. Bizim bu arzumuza fondumuzun gənclər təşkilatı, qadınlar birliyi və ziyalılar qolu da qoşulduqlarını ayrıca ifadə edir”.

Qazaxıstan Qadınlar Birliyi adına ayrıca müraciət edən Dəriğə Yunus da Azər Həsrətin deputatlığa namizədliyini dəstəklədiklərini, bu yarışmanın uğurlu sonuclanacağını bildirib.

Bu dəstəklərə xüsusi önəm verdiyini deyən Azər Həsrət qeyd edib ki, xüsusən də türk dövlət və topluluqlarından gələn dəstək məktubları onu çox sevindirir: “Bəlli olduğu kimi mənim fəaliyyətim birmənalı şəkildə türk dünyasıyla bağlıdır. Belə olduğu halda türk dünyasının müxtəlif yerlərindən tanınmış insanların və qurumların mənə dəstəyini ifadə etməsinə çox sevinirəm. Lakin Azərbaycan qanunları əcnəbilərin bu dəstəyi burada tətbiq etməsinə imkan vermədiyi üçün onların sadəcə fikrini ifadə etməsilə yetinməli oluruq”.

Oxunma sayı: 7377
Share