Azər Həsrət 22 minədək seçiciylə təmas qura bilib

Azər Həsrət

Bakı, AzerHasret.com, 06.11.2010 – Artıq bəlli olduğu kimi builki parlament seçkilərində təşviqat mərhələsi noyabrın 6-sı saat 08.00-da başa çatıb. Bu mərhələ bitdikdən sonra 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Azər Həsrətin seçki qərargahı intensiv iş rejimində keçilmiş mərhələyə yekun vurub. Əldə olunan bilgilər gözləniləndən bir neçə qat artıq uğurlu qiymətləndirilib.

Azər Həsrətin seçki qərargahının hesablamalarına görə, 42 minə qədər seçicisi olan dairə ərazisində hər gün görüşlər keçirilib və çap materialları paylanıb. Bundan başqa ayrı-ayrı məhəllələrdə söhbətlər təşkil edilib və qapı-qapı təbliğat aparılıb. Ümumi hesabla bu iş üçün 178 nəfər könüllü cəlb edilib. Könüllülər arasında adi ticarət adamından tutmuş ali məktəb müəllimləri və elmlər doktoruna qədər, jurnalist və şairlər, iş adamları yer alıb.

Maraqlı cəhətlərdən biri budur ki, təşviqat kampaniyasında həm hakim Yeni Azərbaycan Partiyasından, həm də müxalif partiyalardan olan nümayəndələr birlikdə iştirak edib.

Xüsusi üsulla təşkil edilən təşviqat kampaniyasında bəzən bu insanlar bir-birlərindən xəbərsiz paralel təbliğat aparmaqla verimliliyin artma ehtimalını yüksəldiblər. Əldə edilən rəqəmlərə əsasən seçicilərə 10 minədək çap materialı paylanılıb. Bu materiallardan beş mini birbaşa evlərə aparılıb.

Seçki qərargahının hesablamalarına görə, ümumi hesabla təşviqatçılar və deputatlığa namizədin şəxsən özü 42 min seçicidən 22 minə qədəri ilə təmas qura bilib və Azər Həsrət təxmini olaraq 7 min civarında səs almağı gözləyir. Bu ehtimal namizədin oktyabrın 24-də İTV efirindəki çıxışından sonra daha da möhkəmlənib.

Qərargahdan o da bildirilib ki, Azər Həsrətin namizədliyinin irəli sürülməsindən bu günədək olan müddət ərzində 40 dəfə mətbuat üçün açıqlama yayılıb. Dörd ayrı İnternet resursunda keçirilən səsvermənin hələlik açıqlanan ikisinin sonuclarına görə, Azər Həsrət müvafiq olaraq 41 faiz (ən yaxın rəqibindən 18 faiz artıq) və 73,37 (ən yaxın rəqibindən 66,06 faiz artıq) faizlə mütləq qələbə qazanıb.

Bunlardan başqa Azər Həsrətə türk dünyasının hər tərəfindən yüzdən artıq dəstək mesajı daxil olub və hal-hazırda da daxil olmaqda davam edir.

Azər Həsrətin seçki reklamları yeddi ayrı İnternet resursunda daimi yayımlanıb və bu gün səhər saat 8-dək bütün reklamlar yığışdırılıb.

Azər Həsrətin seçki qərargahı

Oxunma sayı: 7148
Share