Azər Həsrət “Yola davam!” dedi

Azər Həsrət

Bakı, AzerHasret.com, 08.11.2010 – Artıq Azərbaycanda parlament seçkiləri arxada qaldı. Bu seçki Azər Həsrət üçün uğurlu sonuclanmasa da o, seçkinin ümumi nəticələrini dəyərləndirərək böyük faciənin baş vermədiyi qənaətinə gəlib. “Əlbəttə ki, mən bu seçkidə qalib gəlməliydim. Ancaq ya zəlzələdən, ya vəlvələdən, biz bu seçkini məğlub durumda başa vurduq. Düşünürəm ki, dəyərli zamanımı insanların ürəyincə olmayan sonucların müzakirəsinə xərcləmək doğru olmazdı. Bizi böyük türk dünyasının birliyi uğrunda mücadilə gözləyir və bu, bir seçki davasından qat-qat yuxarıda duran məsələdir. Ona görə də bütün dava arxadaşlarımı mənasız seçki müzakirələrindən əl çəkib milli davaya davam etməyə çağırıram. Biz bu mərhələni uduzsaq da yola davam etməliyik”, – deyə Azər Həsrət bildirib.

Milli Məclisin dünənki seçkidən sonra formalaşan tərkibinə gəlincə, Azər Həsrət deyib ki, burada onun millət vəkili kimi görmək istədiyi xeyli sayda insan var: “Hələlik bəlli olan sonucları təhlil edib bu qənaətə gəldim ki, ən azından 35 nəfər mənim deputat kimi görmək istədiyim insan Milli Məclisdə yer alıb:

2 saylı Şərur SD – İsa Həbibbəyli
5 saylı Şahbuz-Babək SD – Siyavuş Novruzov
7 saylı Culfa-Ordubad SD – Qüdrət Həsənquliyev
8 saylı Binəqədi I SD – Oqtay Əsədov
14 saylı Xəzər II SD – Mehriban Əliyeva
18 saylı Nərimanov-Nizami SD – Rasim Musabəyov
22 saylı Nəsimi II SD – Asim Mollazadə
26 saylı Sabunçu I SD – Fazil Mustafa
35 saylı Xətai III SD – İqbal Ağazadə
46 saylı Şirvan SD – Azay Quliyev
47 saylı Mingəçevir SD – Aydın Mirzəzadə
52 saylı Quba SD – Vahid Əhmədov
53 saylı Quba-Qusar SD – Yevda Abramov
55 saylı Xaçmaz şəhər SD – Arif Əşrəfov
60 saylı Salyan-Neftçala SD – Fəzail Ağamalı
63 saylı Sabirabad I SD – Ceyhun Osmanlı
69 saylı Cəlilabad-Masallı-Biləsuvar SD – Fəzail İbrahimli
71 saylı Masallı kənd SD – Elmira Axundova
72 saylı Yardımlı-Masallı SD – Sabir Rüstəmxanlı
74 saylı Lənkəran kənd SD – Hadi Rəcəbli
80 saylı İmişli-Beyləqan SD – Çingiz Qənizadə
83 saylı Ağcabədi-Füzuli SD – Aqil Abbas
85 saylı Şamaxı SD – Elxan Süleymanov
93 saylı Bərdə şəhər SD – Zahid Oruc
94 saylı Bərdə kənd SD – Gövhər Baxşəliyeva
99 saylı Şəmkir kənd SD – Məlahət İbrahimqızı
100 saylı Şəmkir-Daşkəsən SD – Mübariz Qurbanlı
102 saylı Samux-Şəmkir SD – Valeh Ələsgərov
105 saylı Tovuz SD – Qənirə Paşayeva
106 saylı Tovuz-Qazax-Ağstafa SD – İlyas İsmayılov
108 saylı Ağstafa SD – Nizami Cəfərov
113 saylı Şəki şəhər SD – Yaqub Mahmudov
114 saylı Şəki kənd SD – Əli Məsimli
116 saylı Qəbələ SD – Fəttah Heydərov
119 saylı Ağdam kənd SD – Bəxtiyar Sadıqov

Məncə bu insanların parlamentə düşməsi ümumi işin xeyrinədir”.

Azər Həsrət onu da deyib ki, artıq bu gündən onun seçki qərargahı fəaliyyətini dayandırır: “Fürsətdən istifadə edib bütün qərargah üzvlərinə və mənə seçkidə yardım edənlərə təşəkkür etmək istərdim. Doğrudan da bu insanlar mümkün olan hər şeyi etdilər. Ümid edirəm ki, biz yenə də birlikdə işləyəcəyik. Artıq seçki qərargahımız öz işini başa vurmuşdur”.

Azər Həsrətin seçki qərargahı

Oxunma sayı: 9011
Share

1 Comment to "Azər Həsrət “Yola davam!” dedi"