34 saylı dairədə yenidən seçkilər keçirilsin! (Video)

34 saylı DSK

Dairədən namizədlər birgə bəyanat verdilər

7 noyabr seçkisinə 34 saylı Xətai ikinci seçki dairəsindən qatılmış namizədlər Teyyub Əliyev, Məhərrəm Həsənov, Azər Həsrət, Zakir Hüseynov, Böyükbala Məmmədov, Alik Muradov, Nəsib Nəsibli birgə bəyanat yayıb.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Milli Məclisə seçki zamanı 34 saylı dairədə Seçki Məcəlləsinin bir sıra maddəsi kobud şəkildə pozulub. Seçkiqabağı təşviqatın aparılması şərtlərinə əməl edilməyib, Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yalnız üç yerdə seçicilərlə görüşmək imkanı verilib.

Seçkiqabağı dövrdə Xətai rayonunun inzibati resursları YAP-dan olan namizəd Gülər Əhmədovanın xeyrinə səfərbər edilib, məktəblər, mənzil-kommunal istismar sahələrinin və digər yerli büdcə təşkilatlarının işçiləri bu namizədin təbliği işinə cəlb olunub. Bununla yerli hakimiyyət orqanlarının seçkilərin gedişinə müdaxiləsini qadağan edən Azərbaycan Respublikası prezidentinin sərəncamının tələblərinə əməl edilməyib”.

Bəyanatda başqa qanun pozuntularının da olduğu vurğulanır və deyilir: “Bu bəyanatı imzalamış deputatlığa namizədlər dördüncü çağırış Milli Məclisinə 7 noyabr 2010-cu il seçkisinin azad olmayan şəraitdə keçirildiyini, ədalətli olmadığını, deputatlığa namizəd Gülər Əhmədovanın bu seçkidə qalib gəlmədiyini bəyan edir, 34 saylı seçki dairəsindəki seçkinin elan olunmuş nəticələrinin ləğvini və burada yenidən seçkilərin keçirilməsini tələb edir”.

Qaynaq: MediaForum.az

Oxunma sayı: 8188
Share