Seçkilər başa çatdı və… müzakirələr hələ davam edəcək

Azər Həsrət

Azər Həsrət (azer@azerhasret.com)

Builki parlament seçkilərində iddialılardan biri kimi bütün mümkün vasitələrlə öz təbliğatımı qurmuşdum. Təbii ki, ən irəli texnologiyaların tətbiqində hamıdan öndə olmağı hədəfləmişdim və çox ciddi sonuclar da əldə edə bildim. Lakin bu yazıda hər şey haqqında deyil, yalnız bir şey haqqında danışmaq fikrindəyəm.

Sözüm İnternet saytlarında təşkil edilən səsvermə haqqındadır. Dörd ayrı resursda bütün dairələr üzrə səsvermə keçirilirdi. İlk olaraq Secki2010.info saytındakı səsvermə yekunlaşdı və bəndəniz açıq fərqlə bütün namizədləri qabaqlayaraq birinci oldu. Aşağıdakı şəkildə də göründüyü kimi ilk üçlükdə məndən sonra AXCP-Müsavat blokunun vahid namizədi Nəsib Nəsibli, ondan sonra isə Yeni Azərbaycan Partiyasının namizədi Gülər Əhmədova yer alıb:

Secki2010.info saytının sonucları

Bundan sonrakı səsvermədə də eyni birincilik öz yerində qaldı və bu dəfə hətta daha ciddi fərqlə sonuclandı. Yeri gəlimşkən deyim ki, Seckiler.org ünvanında keçirilən bu səsvermədə süni müdaxilə cəhdləri də oldu və şəxsən mənim sayt inzibatçılarına müraciətimdən sonra o müdaxilənin qarşısı birdəfəlik və dərhal alındı. Namizədlərdən birinə burada sürətli süni səsvermə təşkil edilmişdi və dairə ərazisində belə düz-əməlli tanınmayan birisi Kenya, Sudan, Malayziya, Yaponiya, Çili, Argentina kimi ölkələrdən durmadan səs alırdı. Sayt inzibatçıları həmin səsləri təmizlədikdən sonra gerçək səslər yerində qaldı və sonuclar aşağıdakı kimi oldu:

Seckiler.org. Son göstəricilər.

Üçüncü bir səsvermə Namized.com ünvanında təşkil edilmişdi. Burada ilk günlər normal proses getsə də sonradan süni müdaxilə nəticəsində namizədlərdən biri sürətlə irəli keçməyə başladı. Hətta bu müdaxilə o qədər sürətli oldu ki, 1,77 faiz səsi olan namizəd bir gündə 45 faiz səs toplayaraq önə keçdi. Sayt inzibatçılarının bu yaramazlığa vaxtında diqqət yetirməməsi şəxsən mənim əsəbi tonda “Virtual səsvermə və… Namized.com haramzadalığı” adlı yazı yazmağıma səbəb oldu. Lakin səsvermənin sonuna doğru bu saytda da süni müdaxilənin qarşısını qismən aldılar. Nəticədə isə yenə də mən halal şəkildə birinci yeri təmin edə bildim:

Namized.com saytında sonuclar

Haqqında danışacağımız sonuncu İnternet resursu isə 1news.az rusdilli informasiya agentliyinə məxsusdur. Burada təşkil edilən səsvermədə təbii olaraq bəndəniz halal şəkildə birinciliyi qoruyub saxlaya bilirdi. Lakin bir müddət sonra kənar müdaxilə nəticəsində yenə də hər hansı şəbəkəyə və xüsusi məşhurluğa sahib olmayan bir namizədin səsləri sürətlə artmağa başladı. Bu artım düz noyabrın 6-dək davam etdi. Noyabrın 1-də bu durumu fərq edincə şəxsən özüm agentliklə telefon əlaqəsi saxlayıb baş verənləri izah etdim. Bildirdilər ki, onların təhlükəsizlik sistemi kənar müdaxiləyə imkan vermir. Mən də izah etməli oldum ki, hazırda 100 faizli heç bir təhlükəsizlik sistemi yoxdur və ona görə də sadə bir yolla bu müdaxilənin varlığını müəyyən edib qarşısını almaq olar. Dedilər ki, problemi həll edərik. Ancaq bir gün sonra gördük ki, heç bir addım atılmır. Yenidən əlaqə saxladıq və yenə də dedilər ki, problemi həll edərik. Heç nə dəyişmədi və daha bir gün sonra əlaqə saxladıqda Rəhman adlı redaktor sadəcə məni ittiham elədi ki, “bu nədir, ikidə bir zəng vurursunuz? Biz sonda problemi aradan qaldıracayıq və sizin müracətinizə ehtiyac yoxdur”. Bu yanaşmadan sonra düşündüm ki, bəlkə doğrudan da düz eləmirəm? Qoy gözləyək, sonuclar açıqlanan zaman yəqin ki, süni yolla verilən səsləri təmizləyərlər. Ancaq daha betər bir hal oldu. Həmin halı günbəgün müşahidə etmək üçün aşağıdakı şəkillərə diqqət yetirmək yetərlidir:

1news.az-ın 1 noyabr üçün göstəriciləri. Göründüyü kimi Əliyev Teyyub adlı namizədin səsləri 0-dır. Əhmədova Gülər isə cəmi 13 səsə sahibdir. Bəndəniz 55 səslə birincidir.

Və proses başlandı. Əliyev Teyyub sürətlə irəliləməyə üz tutur:

1news.az-ın 1 noyabr saat 18-dən sonra üçün göstəriciləri. Əliyev Teyyub sürətlə irəli keçməyə başlayır.

Bu isə elə həmin gün axşam saat 11 üçün olan göstəricilərdir. Kimsə təəccüb etməsin gərək:

1news.az-ın 1 noyabr saat 23-dən sonra üçün göstəriciləri. Əliyev Teyyubun səsləri 172 oldu! Həm də cəmi 5 saat ərzində!

Ayın 2-nin sonuna doğru bu şəxs artıq 314(!) səslə mütləq lider olur:

1news.az-ın 2 noyabr saat 21.20-dən sonra üçün göstəriciləri. Əlyev Teyyub çox sürətlə irəliləyir.

4 noyabrda isə bu şəxsin səsləri daha da artıq və 439 olur:

1news.az-ın 3 noyabr saat 18.40-dan sonra üçün göstəriciləri. Əliyev Teyyub 439 səslə ciddi şəkildə irəli atılır.

Bu “irəliləmə” noyabrın 4-də və 5-də də eyni sürətlə davam etdi. Yalnız noyabrın 6-da bu vaxtadək yerində sayan Əhmədova Gülər adlı namizəd sürətlə irəli çıxmağa başladı. Özü də bir neçə saatın içində:

Bu göstəricilər 1news.az saytının noyabrın 6-sı gecə saat 24.00 üçün olan rəqəmləridir. Göründüyü kimi Əliyev Teyyubun səslərini yerində saxlayıb Əhmədova Gülərə 663(!) səs hədiyyə ediblər. Halbuki əvvəlki günlərin dinamikasına və digər səsvermələrə baxsaq sonuncu ya yerində sayıb, ya da diqqəti cəlb etməyəcək irəliləməsi var. Ancaq nə möcüzə baş veribsə bütün insanlar bir neçə saatın içində Əhmədova Gülərə səs "verib".

Hələ bu da son deyil. Əsl möcüzə bu səsvermə başa çatandan sonra baş verib. Noyabrın 6-sə gecə saat 24.00-da səsvermə rəsmən yuxarıdakı şəkildə olan rəqəmlərlə başa çatsa da noyabrın 8-i üçün durum belədir:

1news.az-ın sondan sonrakı sonucları. Kimsə təəccüb etməsin. Bu ölkədə hər şey mümkündür. Göründüyü kimi Əhmədova Gülərə hətta seçkidən sonra da səs veriblərmiş. Necə ki, yerlərdə səslər bu xanımın xeyrinə saxtalaşdırıldı, elə bu saytda da eyni proses eyni qaydada davam edib.

Yuxarıdakı şəkilləri oxucuların öhdəsinə buraxıram. Qoy hər kəs öz vicdanı qarşısında hesabat versin. Seçkini saxtalaşdıran şərəfsizlər Azərbaycan xalqına edilən xəyanətdə rol aldıqlarına görə, tarix qarşısında mütləq cavab verəcəklər. Elə virtual səsverməni saxtalaşdıranlar da. Hə, bir də bu Rəhman müəllim mənə demişdi ki, kimə istəyirsiniz şikayət edə bilərsiniz. Təbii ki, bu cür ədəbsizlik yalnız Azərbaycanda mümkündür. Yazıq millətim…

Və son olaraq. 1news.az saxtakarlığını anbaan izləmək üçün mənim Facebook albomumu ziyarət edin: Azer Hasret.

Oxunma sayı: 9610