“…müxalifətçi deyiləm”

Azər Həsrət

Azər Həsrət: “Bu gedişlə nə zamansa deputat ola biləcəyim şübhə doğurur”

Qaynar.info-nun “Qaynar qonaq” rubrikasında bu dəfə oxucuların suallarını Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, tanınmış jurnalist Azər Həsrət cavablandırır

Azər Həsrət: Suallara cavab verməzdən öncə Qaynar.info resursuna bu imkanı mənə verdiyi üçün təşəkkür etmək istərdim. Digər tərəfdən də mənə sual ünvanlayanlara təşəkkür edərdim. Həm də fürsətdən yararlanıb bütün oxucuları Qurban Bayramı və 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm. Xüsusən 17 Noyabr millətimizin ən yaddaqalan bayramlarından biridir və sevinirəm ki, bir millət olaraq bizim taleyimizdə belə bir şərəfli gün var.

– Rövşən Tofiqoğlu: Salam, Azər müəllim! Nəyə görə deputat ola bilmədiniz?

Cavab: Əleyküm salam, Rövşən bəy! Ya zəlzələdən, ya vəlvələdən. Deputat ola bilmədim. Bu gedişlə nə zamansa ola biləcəyim də şübhə doğurur. Çünki bu ölkədə oyun qaydaları mənə görə deyil. Mən qanunların qulu olmağa öyrəşmiş, ədalətə özünü təslim etmiş birisiyəm və hətta çalışsam da özümü dəyişə bilmirəm. Həm də indi durub ictimai rəyi məşğul etmək istəməzdim. Seçkiylə bağlı müvafiq şikayətlərimizi vermişik və artıq Avropa İnsan Haqları Məhkəməsinə hazırlaşırıq. Ən azından onların ədalətinə inanıram.

– Tural Fərəcli: Salam, Azər bəy. Mən bilmək istərdim ki, sizin qurduğunuz təşkilat hansı işləri görüb, hansı uğurları qazanıb. Çünki mən sizin təşkilatınızın adını ilk dəfədir eşidirəm…

Cavab: Hörmətli Tural bəy! Maraqlı sualdır və təbiidir. Bizim çalışmalarımız haqqında mütləq hər kəsin xəbərdar olduğunu iddia edə bilmərik. O cümlədən sizin də. Qaldı ki, hansı işləri gördüyümüzə, yetərincə səs gətirən çalışmalarımız olub və davam edir. Misal üçün, ən böyük işimiz bu il iyulun 3-də Bursa şəhərində Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının açılış törəni olub. On minlərlə insanın qatılımı ilə yeddi bağımsız türk dövlətinin bayraqlarının birlikdə rəsmi törənlə göylərə yüksəldilməsi bizim işimizdir. Daha bir səs gətirən çalışmamız ortaq türk əlifbası layihəsinin hazırlanması və onun ətrafında müzakirələrin təşkilidir. Bu müzakirələr hələ də davam edir və yaxın zamanlarda əlifba çevirici proqramının işlənməsinə başlamağı düşünürük. Daha bir işimiz dünya Ahıska türkləri üçün İnternet resursunun hazırlanmasıdır. Belə resurslardan daha birini Özbəkistanın Xorazm Futbol Klubu, digərini isə Qazaxıstandakı Azərbaycan diaspor təşkilatı üçün hazırlamışıq. Bundan başqa daha bir neçəsini Azərbaycanın gənclər təşkilatları üçün hazırlamışıq. Burada söhbət həmin resursların adı çəkilən qurumlara hədiyyə edilməsindən gedir. Bütün bunlarla bərabər Orta Asiya, Azərbaycan və Türkiyə arasında şəbəkələrin qurulmasını da qeyd etmək olar. Ən önəmli çalışmamız isə ortaq türk dili formalaşdırılmasına köklənən Yalquzaq.com İnternet resursunun mövcudluğudur. Həm də bizim haqqımızda bilgi almaq üçün sadəcə İnternetdə axtarış aparmaq yetərdi məncə…

Nüsrət: Azər bəy, əlinizdə hər hansı maddi və təşkilati resurs olmadığı halda evdən Türk Birliyini qurmaq ideyası gülməli gəlmir ki?

Cavab: Nüsrət bəy, dediyiniz hal doğruysa gülməli gələrdi. Yəni əlimizdə heç bir resurs olmadan evdə oturaraq Türk Birliyi qurmağı mən də mümkün saymıram. Ancaq xəbəriniz olsun ki, bizim gördüyümüz işlərə yetəcək qədər maddi və təşkilati resurslarımız, insanlarımız və şəbəkələrimiz var. Yəni əgər bu gün bizim çalışmalarımız haqqında türk dövlətlərinin hətta dövlət informasiya qurumları məlumat yayırsa, insanlar bizim fikirlərimizdən hərəkət edərək işlər görürsə, bizim sıralarımıza qoşulmaq üçün hər gün müraciətlər olursa, deməli Türk Birliyi çabalarımız boş bir şey deyil. Demək istədiyim odur ki, indiki durumda yetərli sayıla biləcək imkanlara malikik.

Elvin: Azər bəy, salam. Bayramınız da mübarək. Bilmək istərdim, seçkilərdə neçə səs topladığınız haqqında məlumatı necə əldə edirsiniz? Bəyəm buna imkan verirlərmi?

Cavab: Əleyküm salam, Elvin bəy! Sizin də bayramınız qutlu olsun! Mənim seçkilərdə neçə səs topladığım haqqında informasiyanı heç cür dəqiqləşdirə bilmərik. Əgər seçkiyə haram qatılıbsa, təbiidir ki, bu zaman kimin neçə səs topladığını müəyyən etmək mümkün deyil. Yəni fikrinizə mən də qatılıram ki, buna imkan verilmir. Bununla belə MSK-nın rəsmi İnternet saytında ayağımıza yazılan səslərlə tanış ola bilərsiniz.

Manaf: Çayxanada keçirilən Yeddi Dövlət – Bir Millət Konseyinin gizli iclasını necə anlayaq? Açıq havada gizli iclas – bu nə dərəcə doğrudur?

Cavab: Belə bir iclası heç cür anlamayın! Çünki doğrudan da çayxanada hansı gizli iclasdan söhbət gedə bilər ki? Təbii ki, belə bir şey doğru deyil. Doğru olmayan həm də sizin mənə bu sualı verməyinizdir. Yəni sizə kim deyib ki, biz hansısa çayxanada Yeddi Dövlət – Bir Millət Konseyinin gizli iclasını keçirmişik? Ümumiyyətlə gizli iclasımız olmayıb və gizlətməyə gərək də duymamışıq. Bizim bütün işlərimiz açıqdır və bütün iclaslarımız haqqında şəkillərlə bərabər ictimaiyyətə açıqlama verilir. Heç gələcəkdə də gizli iclas keçirmək fikrimiz yoxdur. Zatən qanuni fəaliyyətlərimiz var və bunları gizlətməyə lüzum yoxdur.

– Asif: Azər bəy, hazırda Milli Məclisə müxalifət adıyla düşmüş partiyaları müxalifət hesab edirsizmi?

Cavab: Hər şeydə olduğu kimi müxalifətçilikdə də bir nisbilik var. Mən yalnız özüm haqda əminliklə deyə bilərəm ki, müxalifətçi deyiləm. Milli Məclisə düşən partiyalara gəlincə, əgər onlar özlərini müxalifət hesab edirsə, deməli belədir. Qaldı ki, onlar necə müxalifətdir, bu məsələ ətrafında müzakirə açmaq olar. Misal üçün, onların əksəriyyəti özünü konstruktiv müxalifət adlandırır və mən də bu mövqeyə hörmətlə yanaşıram.

– Vasif Quliyev: Azər müəllim, bir vaxtlar özünüzün də yaxından əməkdaşlıq etdiyiniz “Azadlıq” qəzetinin baş direktou Azər Əhmədovla bağlı olaya münasibətiniz necədir? Bir jurnalist olaraq

Cavab: Əlbəttə ki, bu olay şəxsən məni ciddi şəkildə kədərləndirdi. Hər şeydən öncə ona görə ki, adını çəkdiyiniz şəxslə düz səkkiz il birlikdə işləmişəm və nümayiş etdirilən əxlaq mənim üçün məqbul sayıla bilmədiyindən əhvalım heç də xoş olmadı. Digər tərəfdən, bu olayı lentə alıb belə həvəslə yayımlayanlara da haqq qazandıra bilmərəm. İstənilən halda insanın şəxsi həyatına müdaxilə məqbul hesab edilə bilməz. Jurnalist olaraqsa deyərdim ki, bu olayı tirajlayanlar jurnalist etikasını ciddi şəkildə pozublar. Yəni Azər Əhmədov nə qədər qınağa tuş gəlməlidirsə, bunu çəkib yayanlar heç də ondan az qınanmamalıdır.

Qaynaq: Qaynar.info

Oxunma sayı: 8720
Share