Yeni xalq hərəkatı yaranmalıdır!!!

Xural qəzeti

Ya da buraxmaq lazımdır ki, böhran daha da dərinləşsin – gedən getsin, qalan qalsın ki, onun da üzərində kimlərsə nələrsə qura bilsinlər…
Müxalifətin hansının əlində qərargahı varsa, onu almağa çalışacaqlar, onlar üçün süni problemlər yaradaraq sıradan çıxaracaq və o biriləri üçün şərait yaradacaqlar…
Müstəqil mətbuatı da – media düşərgəsində nəyi varsa, nə qalıbsa, sıxmağa çalışacaqlar…
İnsanlar dövlətinə, bayrağına, hakimiyyətinə, müxalifətinə – hər şeyinə inamlarını itiriblər…

Seçkilərin, əslində isə Milli Məclisə 4-cü çağırış təyinatın baş tutmasından sonra cəmiyyətdə ciddi və ağır şok yaşanır. Əvvəlkilərdən fərqli olaraq bu seçkilərdə nə küçələrə çıxan, nə etiraz edən, nə də təpəsinə dubinka yeyən olmadı. Olmadı, amma yenə əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdən sonra cəmiyyətdə için-için bir gərginlik atəşi fitillənməyə başladı. Nə olursa olsun, seçkilərdən sonra səsini çıxaran, dəyirmi masalar keçirən, nələr olub-bitdiyini müzakirə edən bir şərait görmədik və qəribə orasındadır ki, bu məsələdə aktivlik nümayiş etdirməli olan televiziya kanalları və aparıcı mətbuat orqanları da sıradan geridə qaldılar. Televiziya kanallarını başa düşdük – onları hakimiyyət tam zərərsizləşdirib. O zaman haqlı bir sual meydana çıxır – bəs qəzetlər?! Onlar da deyəsən, baş redaktorlarının seçki şokundan hələ ayılmayıblar. Söhbət təbii ki, ölkənin informasiya sahəsinin əsas aktyorlarından olan «Azadlıq» və «Yeni Müsavat» qəzetlərindən gedir…

Hamı seçki şokunda ikən, «Xural» mövzunu masaya yatırmaq qərarına gəldi. Seçkiyə qatılan və nəticələrdən narazı qalan namizədlərin qatılımı ilə bir dəyirmi masa düzənlədik. Dəvət etdiklərimizdən söz verib qatılmayanlar olsa da, qatılanlar da oldu və masanın keçirilməsindən sonra aldığımız reaksiyalar onu göstərdi ki, bu tip dəyirmi masalara hələ çox ehtiyac olacaq. Təbii ki, təyinat rəsmiləşəndən sonra Milli Məclisə təyin olunan və seçkilərin şəffaf keçirildiyini iddia edən deputatları da toplantılarımıza dəvət edəcəyik. Hələlik isə, danışır «Xural»ın «Mətbuatda Canlı Yayın» rubrikası altında keçirdiyi dəyirmi masa. Bu masada seçki adı ilə təşkil olunan aksiyada nələr baş verdiyindən bəhs etdik… Qərarı isə Siz verəcəksiniz, Əziz «Xural» Oxucuları…

Əvvəli ötən sayımızda

Sevinirəm ki, Etibar Hüseynov kimi insanlarla bir yerdə oturmaqdan məhrum olunmuşam

Pərviz Səmədbəyli – 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd: «Xural» qəzetinin rəhbərliyinə bu tədbiri təşkil etdiyi üçün və seçkilər ərəfəsində hər zaman haqqın və ədalətin yanında yer aldığına görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Əvəz bəy vaxtilə Ankarada göstərdiyi müstəqil mətbuat fəaliyyətini bu gün də Azrbaycanda davam etdirir və bu da hər birimizə bir təsəllidir. Əvvəla, mən sevincliyəm. Ona görə ki, bu gün Etibar Hüseynov kimi insanlarla bir yerdə oturmaqdan məhrum olunmuşam. Allahıma çox şükürlər ki, bu cür şərəfsizliyi mənə nəsib etmədi. Mənim də buna görə Allaha şükürlər etməkdən başqa yolum yoxdur. Burada proses gedir. O proses ondan ibarətdir ki, Milli Azadlıq Hərəkatında iştirak edən adamlar tariximizdən, insanların yaddaşından silinməlidir. Mən kənardan baxan müşahidəçi kimi görürəm ki, hakimiyyətin əsas məqsədi Milli Azadlıq Hərəkatında iştirak edən və bu gün də əhalinin içində olub, müəyyən təcrübəyə malik olan bu insanları bir daha haqsız yerə vurmaqdır. Hakimiyyət onlardan qorxur, çəkinir. Hesab edir ki, bu insanlar bir gün ayağa qalxıb onlara düşən halal haqlarını bu hakimiyyətdən tələb edəcəklər. Bunu çox yaxşı bildiyi üçün hakimiyyət çox məkrli üsullara əl atdı. Artıq tarix də onu göstərir ki, belədir və bu gün də hakimiyyət görüntü yaratmaq naminə özlərinə yaxın, özlərinin sifariş və göstərişləri ilə işləyən adamları parlamentə müxalifətin adından salmaqla kimlərinsə gözündən pərdə asmağa çalışdı, Amma nail ola bilmədi.

Fazil Qəzənfəroğlu hələ Türkiyədə mənə demişdi ki, partiyam olacaq

Mən sözümü açıq deyən adamam. Burada əyləşənlərin çoxları bilir ki, mən bir vaxtlar Fazil Qəzənfəroğlu, indi isə Fazil Mustafa olan millət vəkilimizlə Ankarada təhsil alarkən, çox yaxın münasibətlərdə olmuşam. Fazil Qəzənfəroğlu ilə mən bir yerdə olanda o, rəhmətlik Əbülfəz Elçibəyin köməkçisi idi və mənə də təklif etmişdi ki, partiyam olacaq, orada təmsil ol. Halbuki o zaman Əli Kərimovla o çox yaxın dost idi. Mən də dosta sədaqətli bir insan olduğum üçün onun bu fikrindən dəhşətə gəldim ki, dost da dosta qarşı bu cür intriqa yarada bilərmi? Baxmayaraq ki, mənim Əli Kərimli ilə münasibətim Fazil Qəzənfəroğluya qarşı olan münasibətim qədər səmimi deyildi, mən ona qarşı çıxdım və bəyan etdim ki, elə bir partiya yaratsa belə, orada müavin olmaram. Əgər mən bir insandan o cür sədaqətsizlik görürəmsə, bu adam illər keçəndən sonra eyni sədaqətsizliyi mənə qarşı edəcəkdi. Tarix və zaman göstərdi ki, mən öz fikirlərimdə yanılmamışam. Bu gün də Etibar Hüseynli ilə Fazil Mustafanın bir parlamentdə oturması, onların eyni şərəfə laiyq olduqlarını üzə çıxarır. O ki qaldı müxalifətin apardığı taktikaya, mən ondan qətiyyən razı deyiləm. Ona görə ki, hamı şahid idi burada olan seçicilərin Pərviz Səmədbəyliyə olan münasibətinin necə olmasına… Burada yaşayan əhalinin içində çox böyük istək var idi ki, Pərviz Səmədbəylinin arxasında birləşib, bunu bir hərəkata çevirsinlər. Nərimanov rayonundan böyük bir hərəkat başlaya bilərdi. Mən bunu görürdüm.

Həyat yoddaşıma başqasının adına imza atdırmaq istəyiblər…

Bu seçkilərdə 4 küçənin əhalisi geri qaytarılıb. Nəyə görə? Ona görə ki, onların Pərviz Səmədbəyliyə səs verəcəklərini dəqiq bilirdilər. Toplanan imzalar həmin küçələrdən yığıldığına görə, hətta imza toplayan insanların belə adları seçici siyahısına salınmamışdı. Əvvəlcədən MSK-nın siyahısında bu adamların adlarını bir-bir yoxlamışdım. Gülağa Aslanlıya zəng vurdum – çox sağ olsun, seçkidə onu çox yorduq – dedi ki, heç bir şey edə bilməzlər, vəsiqələrini götürsünlər, səslərini də versinlər. Amma bu gün ortaya çıxır ki, həmin seçicilərin adları siyahıya salınmadığına görə, onlara təklif olunub ki, başqa qohumlarının yerinə imza atsınlar. Hətta bizim küçədən səsverməyə gedən insanların başqa adamların adına imza atdırdıqlarına aid videogörüntülər var. Bu, bizim müşahidəçilərimizin gözü qarşısında 1 və 2 nömrəli məntəqələrdə, 57 saylı orta məktəbdə baş verib. Hətta həyat yoldaşım mənə səs vermək üçün məntəqəyə gedəndə, ona başqasının adına imza atdırmaq istəyiblər və yoldaşım şoka düşüb. Onun da videogörüntüləri var. Belə bir şəraitdə müxalifət yalnız dövlətçilik mənafeyindən çıxış etməlidir. Azərbaycanda dövlətçilikdən danışanda adamları gülmək tutur, amma biz dövlətçiliyin nə olduğunu bilirik. Təbii ki, Azərbaycanda dövləti şirkət yerinə qoyub, ondan şirkət kimi istifadə edəndə biz əhalinin nə üçün güldüyünü başa düşürük. Dövlət müqəddəsdir. Dövlət ədalətin, haqqın, dürüstlüyün yanında olmalıdır. Ona qarşı cəbhə olmur. Bu gün erməni işğalçıları ilə əhaliyə bu divanı tutanlar arasında heç bir fərq görmürəm. Ermənilər 20 faiz torpaqlarımızı işğal ediblər deyənlərə qarşıyam. Ermənilər İrəvan xanlığından üzü bu yana torpaqlarımıza yiyələniblər – onu da bu 20 faizin üstünə gəlmək lazımdır. Bu gün Azərbaycan iqtidarı Azərbaycan xalqına ermənilərdən betər divan eləyir. Hazırda insanların Azərbaycan dövlətindən Avropa İnsan Haqları Məhkəməsinə müraciəti onu deməyə əsas verir ki, belə haqsızlıqlar və saxtakarlıqlar baş alıb gedərsə, Azərbaycan bütövlükdə dövlətçiliyindən imtina etməli olacaq. Mən fəxr edirəm ki, özüm də hakimiyyətə müəyyən qədər dərs vermiş oldum və ona başa saldım ki, artıq Azərbaycan gənci heç bir şeyin müqabilində pula satılmır – satılmaq, satılıq mala çevrilmək istəmir. O pulla kimlərisə satın almağa çalışan adamlar utansınlar ki, ələ ala bilmədikləri insanları satın almağa qalxmasınlar.

Bizim elektorat seçkiyə gəlmədi…

Rauf Arifoğlu – «Yeni Müsavat» qəzetinin təsisçisi və baş redaktoru: Burada səslənən fikirlərin demək olar ki, hamısı ilə razılaşıram və hesab edirəm ki, burada söylənənlər hansısa bir tamın, gerçəyin parçalarıdır. Verilən təkliflərlə də razıyam. Əslində, vəziyyət elədir və o dərəcədə böhranlıdır ki, hər kəsin bir təklif irəli sürmək hüququ yaranıb. Seçkinin nəticələri ilə bağlı fikirlərimi teziş şəklində demək istərdim. Birincisi, o fikirlə razılaşıram ki, xalq seçkiləri boykot elədi. Bizə səs verən adamlar, bizim elektorat seçkilərə gəlmədi. Ölkə üzrə və bütün dairələrdən cəmi 10-13 faiz seçici səsverməyə qatıldı. Bu, haradasa 5-6 min arası seçici deməkdir. Yəni bu, ciddi bir nəticədir və onun təhlilə ehtiyacı var. Xüsusilə də müxalifət bu rəqəmi təhlil edib, buna istinad edərək öz işini qurmalıdır. Hakimiyyətdən narazı, ona nifrət edən, onu saya salmayan elektorat seçkiyə niyə gəlmədi? Niyə gətirə bilmədik? Bu məsələ ciddi bir təhlilin mövzusudur. İkincisi, hakimiyyət ənənəvi müxalifəti məhv etmək istəyir. Yəni proses bununla dayanmayacaq. Əgər kim düşünürsə ki, savaş oldu, döyüş oldu, parlamentə ənənəvi müxalifətdən, yəni hərəkatdan gələn kimsə buraxılmadı və bununla hər şey bitdi, doğru fikirləşmir. Yeni müxalifəti isə – mən onların heç birini aşağılamaq və fəaliyyətlərini şübhə altına almaq istəmirəm, sadəcə hesab edirəm ki, onlar ənənəvi müxalifət deyil, onun törəməsindən ibarətdir və onları da qabağa verdilər. Ənənəvi müxaliət kənarda qaldı. Düşünürəm ki, bu proses də davam edəcək.

Bir deputata görə, illik büdcədən 100 min manatdan yuxarı vəsait ödəniləcək…

Birincisi, yeni müxalifət deyilən bu partiyalar, siyasi partiyalar haqqında qanuna əsaslanaraq ciddi şəkildə dövlət büdcəsi tərəfindən maliyyə vəsaiti alacaq, hər birinə bir deputata görə, illik büdcədən 100 min manatdan yuxarı vəsait ödəniləcək. Ona görə də AXCP-Müsavat blokundan və digər üzdə olan partiyalardan heç kimi parlamentə buraxmadılar. İkincisi, yerdə qalan ənənəvi müxalifətin hansının əlində qərargahı varsa, onu almağa çalışacaqlar, onlar üçün süni problemlər yaradaraq, sıradan çıxaracaqlar və o biriləri üçün şərait yaradacaqlar. Üzdə olan siyasi partiyalardan bu partiyalara süni axın təşkil edəcəklər. Məsələn, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Yeni adlanan müxalifətdən birinə – indi hərə bu müxalifətə öz bildiyi adı qoyur, necə lazım bilirlərsə o adı da qoysunlar – xəbər yayıldı ki, ikinci yeri də parlamentdə onlara ayırıblar. Həmin partiya lideri parlamentə keçdi və həmin o bir yer üçün tanıdığım çox ciddi üç nəfər də o partiyaya keçdilər. Elə fərz etdilər ki, bu addımı atmaqla onlar da deputat seçilə bilərlər.

Hədəfdə ənənəvi müxalifət və müstəqil mətbuatdır…

Tanıdığım o üç ciddi adam seçkilərdən 2-3 ay əvvəl illərlə birgə olduqları partiyadan ayrılaraq həmin partiyanın tərkibinə keçdilər. Buradan namizəd oldular, o biri tərəfdən də bəzi oyunlara qoşuldular – müxaliətin bəzi liderlərinə qarşı oyuna qoşuldular. Bu da faktdır ki, bizim də inandığımız, salam verdiyimiz və etibar etdiyimiz bu adamlar belə bir tələyə düşə bilərlər. Mən bir daha deyirəm ki, iqtidar ənənəvi müxalifətin zəiflədilməsi və sıradan çıxarılması uğrunda siyasət aparır. Seçkidən az əvvəl baş vermiş hadisələr onu göstərir ki, müstəqil mətbuatı da – media düşərgəsində nəyi varsa, nə qalıbsa, onu da sıxmağa çalışacaqlar. O da ciddi bir nüansdır, ciddi bir məsələdir. Müxalifətin sıxılması indiki halda ağır bir durum yaratmır. Yəni müxalifətimiz o qədər zəifləyib ki, onun ortadan çıxarılması o qədər də ciddi fəsadlar törətmir. Hətta türməyə də ciddi transferlər olmur. Amma mətbuatın sıxılması çox ciddi fəsadlara səbəb olur, bəzən qəzetlər bağlanır, bəzən bir neçə jurnalist, azad söz sahibi türməyə düşür. Ona görə də bizi döyməyə çalışacaqlar, bu da çox ciddi bir məqamdır.

Narazı elektoratın bizə küskünlüyü bizi satmaqla nəticələnmədi…

O baxımdan, biz də seçki sonrası proseslərə ciddi şəkildə hazır olmalıyıq. Bir məsələ də ondan ibarətdir ki, hakimiyyət nə qədər çalışsa da ki, sivil üsullarla, sivil metodlarla, yeni eksperimentlər aparıb, külli sayda para buraxıb səs almaqla seçkiləri saxtalaşdırsın və heç bir iz buraxmasın ki, beynəlxalq təşkilatlar tərəfindən bu seçkilər irəliyə doğru bir addım kimi qiymətləndirilsin, alınmadı. Yəni narazı elektoratın bizə küskünlüyü bizi satmaqla da nəticələnmədi. Çox az bir qisim – hər dairədən 1000-1500 səs ala bildilər. O cümlədən bizim dairəmizdən. Yəni məcbur oldular və köhnə, ənənəvi metodlara əl atdılar – «karusel» yaratdılar, «paçka-paçka» bülleteni kəsib atmağa başladılar. Mən də şahidiyəm ki, facebook-da belə faktların videogörüntüləri həddindən artıq çoxdur. Nəticə də ondan ibarət oldu ki, hakimiyyət istəmədiyi və gözləmədiyi halda beynəlxalq aləmdən böyük bir zərbə aldı. Seçkilər ümumiyyətlə, tanınmadı. Seçki tarixində bu cür qiymət olmayıb – sakit, birmənalı, dəyişməz və hər gün də Qərb tərəfindən daha da möhkəmlənən bir mövqe var. Seçkinin nəticələrindən biri də ondan ibarətdir ki, bizim ənənəvi müxalifətimiz gözlədiyimizdən də zəif çıxdı. Mən sizə bir məlumat verim.

Ölkə üzrə cəmi 7-8 dairədə müqavimət oldu…

Bəlkə 15 deyə bilərsiniz. Amma 125 dairə var və onun 10 faizində ənənəvi müxalifət müqavimət təşkil edə bilib. Biri məsələn, bizim, digəri sizin və yaxud da sizin dairə (iştirakçılardan bəzilərini göstərir – Red.). Amma ümumilikdə saysanız heç 15 dairə eləmir. Əgər bundan artıq olsa, deməli, mən bu məsələlərdən heç nə bilmirəm. Bu, olduqca ciddi məsələdir. Müxalifət düşərgəsinin liderləri yenidən inventarlaşdırma işlərinə baxmalıdırlar. Bir-birilərinə münasibətlərə yenidən nəzər salmalıdırlar. Ya bütövlükdə düşərgəni, hərəkatı, prosesi toparlaıb, yeni Xalq Hərəkatı mahiyyətini yaratmaq lazımdır, ya da buraxmaq lazımdır ki, böhran daha da dərinləşsin – gedən getsin, qalan qalsın ki, onun da üzərində kimlərsə nələrsə qura bilsinlər.

Xalq hərəkatı cəhdi alınmayacaq – şəxsi maraqlar, siyasi ambisiyalar buna imkan verməyəcək…

Razi Abasbəyli – 63 saylı dairədən qeydə alınmayan namizədliyə namizəd: Rauf bəyin o fikri ilə mən də razılaşıram ki, gerçəkdən də Azərbaycanda 10-15 seçki dairəsindən artıq dairədə demək olar ki, müxalifət tərəfindən müqavimət təşkil edilmədi. Əvvəlcə imzaların toplanması prosesinə qayıtmaq istərdim. Namizədlərin qeydə alınması zamanı kifayət qədər narahatlıqlar və ədalətsizliklər oldu. MSK-ya edilən şikayətlərlə bağlı imzatoplama mərhələsində göstərilən reaksiyalar artıq bizə ilkin simptomların nədən ibarət olacağını işarə verirdi. Yəni seçkilərin necə keçiriləcəyini o zamandan artıq təxmin edə bilirdik. Biz – namizədlikləri qeydə alınmayanlar Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə, son olaraq Avropa İnsan Haqları Məhkəməsinə də şikayətlə müraciət etdik. Lakin seçki prosesi, səsvermə dövrü və səsvermədən sonrakı dövr bir daha göstərdi ki, müəyyən çevrələr artıq yorulublar. Mən burada kimlərisə qınamaq, kimlərisə ittiham etmək, kimlərdənsə günahkar obrazı yaratmaq fikrindən uzağam və hesab edirəm ki, bu da çox təbii bir prosesdir. İnsanlar yorulublar. Elektoratın seçkilərə gəlməməsi də səbəbsiz deyil. İnsanların seçkilərə qatılıb narazı elektoratın fikirlərini ifadə edəcək namizədə səs verməməsi də təsadüfi deyil. Bütün bunlar zaman-zaman baş verən proseslərin məntiqi sonudur. 2008-ci ilin prezident seçkilərində də indiki iqtidar məşq etdi. Birinci məşqlər ondan ibarət oldu ki, protokollar əyalətlərdə məntəqələrdə deyil, dairələrdə yazılmalıdır. Bu məşqlər uğurla nəticələndi və məntəqə sədrləri, məntəqə üzvləri bu vərdişi artıq qavramağa başladılar. Ardınca referendum keçirildi. Analoji olaraq yenə də məntəqələrdə deyil, dairələrdə protokollar yazıldı. Rəqəmlər hazır şəkildə İcra Hakimiyyətlərindən göndərildi. Daha sonra bələdiyyə seçkilərində eyni proses uğurla davam etdirildi. Bu gün də biz məntiqi sonluq olaraq parlament seçkilərində gördük ki, yenə də məntəqələrdə prosesi sıradan çıxarmaq, daha çox dairə və icra hakimiyyətinin kurasiyasında saxlamağa çalışırlar. Əlbəttə ki, burada büdcə təşkilatlarının, vəzifəli şəxslərin seçkilərlə bağlı fəaliyyəti də göz qabağındadır. Amma bütün bunlar müzakirə mövzusu olmaqla yanaşı, «nə etməli, vəziyyətdən necə çıxmalı» suallarına da cavab axtarmağın vaxtının çatdığını diqtə edir. Təkliflər var ki, Xalq Cəbhəsi Hərəkatı yenidən yaradılsın və xalq hərəkatı yenidən formalaşdırılsın. Amma mən hesab edirəm ki, bu cəhd də alınmayacaq və bəri başdan bunu da hesablamaq lazımdır ki, şəxsi maraqlar, siyasi ambisiyalar buna imkan verməyəcək. Bu gün Azərbaycan müxalifəti seçkilərin nəticələri ilə bağlı dəqiq mövqe ortaya qoya, gücünü ifadə edə bilmir. Nədən? Bunun bəlli səbəbləri var. Məsələn, bizim partiyamızın təmsil olunduğu «Qarabağ» bloku Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini tanımadı. Bu da birmənalı olaraq bizim verdiyimiz bəyanatda ifadə olundu. AXCP-Müsavat bloku da eyni bəyanatla çıxış etdi. Digər partiyalar da təxminən bu fikirləri ifadə etdilər. Amma nədən bütün bu qüvvələr vahid bir bəyanata imza ata bilmədilər? Məlum səbəblər var. Bizlərə də bəlli olan, onlara da bəlli olan səbəblər var. Ortada xalqın maraqları var. O meydana gələndə şərtlər meydana çıxır və bu şərtlər də zaman-zaman Azərbaycan müxalifətinin bu hala düşməsinə səbəb olan şərtlərdir. Bu şərtlər partiyalar və partiya rəhbərləri tərəfindən ortaya qoyulur və masanın üzərində onlara baxılır, anlaşmalar o səbəbdən də baş tutmur. Azərbaycan müxalifəti 2005-ci ildən sonra 2009-cu il «referendum bloku» olaraq ən gözəl formatda birləşmişdi. Yəni bu, kifayət qədər mükəmməl bir format idi. «Qarabağ və Respublika Uğrunda Hərəkat» yaranmışdı. Lakin sonradan bu birlik pozuldu.

Ənənəvi müxalifət yox, yeni gənclik hərəkatı!

Mən çox arzu edərdim ki, ümumiyyətlə, «ənənəvi müxalifət yenidən formalaşsın», «yenidən təşkilatlansın», «yenidən ortaya çıxsın» anlayışlarını kənara qoyub, daha çox Azərbaycanda gəncləri necə təşkilatlandırmaq, onları proseslərə necə cəlb etmək və bunlar üzərindən Azərbaycan hakimiyyətinə qarşı müqaviməti necə təşkil etmək üzərində fikirləşmək lazımdır. O zaman da siyasi prosesləri gənclər başlamışdı və o zaman da prosesin qalibi onlar idi. Amma vəzifəyə gələnlər gənclərdən çox, ağsaqqal saydığımız insanlar oldu. Bu gün də təkrar oradan – gənclərdən başlamaq lazımdır. Məntəqəsində, küçəsində, meydanında gənclər olmalıdır. Biz bununla bağlı düşüncələrimizi bir prolqram halında bu yaxınlarda təqdim etmək niyyətindəyik.

İnsanların mərhəmətini apardılar…

Rahim Qazıyev – keçmiş müdafiə naziri: Mən parlamentə öz namizədliyimi irəli sürməmişəm. Amma eyni zamanda da namizədlər olub ki, onları dəstəkləmişəm və öz fikrimi də cəmiyyətə açıqlamışam. Bir misal çəkmək istəyirəm.

…Bir gün bir cavan oğlan at bazarına gəlir və bir qəşəng at seçir. Baxır, atı satan adam deyir ki, mən bu atı sənə verməyəcəm, çünki sənin onu almağa pulun yoxdur. Bu cavan oğlan atı satana yalvarır ki, mənə konkret vaxt ver, atı satma, mən o müddətdə gedib atı almaq üçün lazım olan pulu qazanacam. Özünü dağa-daşa vurub, vədələşən vaxtda pulu gətirir. Atı alır. Bir müddət sürəndən sonra fikirləşir ki, bu atın altnda bir az istirahət eləsin. Süfrəsini açır ki, çörək yesin, bir yolçu yanından keçir, deyir, qardaş, məni də qonaq eləyərsən? Deyir, gözüm üstə, otur. Bir az keçir, oğlanı mürgü vurur, bundan istifadə edən yolçu atı minib aradan çıxır. Oğlan tez ayılır, deyir, ayə dayan, atı hara aparırsan? Yolçu deyir, xudahafiz. Oğlan əsəbiləşir, deyir, çörəyimi yedin, eyb etməz, atımı apardın, o da getsin. Amma sən bil ki, bu hərəkətinlə bir insanın qəlbindəki mərhəməti də özünlə apardın.

Onu demək istəyirəm ki, bu seçkilər bu millətin qəlbindən o mərhəməti də sildi. Yəni qəzəb, kin qaynayır. Hakimiyyətdəkilər bunu dərk eləmirlər. Mən bu gün burada oturanları da, oturmayanları da bir şeyə çağırıram. Təzyiq var, amma o təzyiqə müqavimət göstərən qüvvə yoxdur. Bu gün o kükrəyən qüvvəni cilovlayıb, bu müqəddəs mübarizənin lehinə yönəltmək lazımdır. Bax, budur məsələ. Bunu əgər biz qısa müddətdə eləməsək, yenə onlar bu vəziyyətdən çıxacaq, yenidən təzyiqlər də başlayacaq, təqiblər də. Xalqı aldatmaq, onu ümidsizliyə qapatmaq günahdır. Bir neçə dəfə seçkilər ərəfəsində bloklar mitinqlər keçirmək qərarı verdilər və hər dəfəsində də mitinqə bir gün qalmış imtina etdilər. Özü də əvvəlcə yazırlar ki, möhtəşəm bir mitinq olacaq, sonradan da onun dalından qaçırlar. Bu xalqda sonsuz dərəcə ümidsizlik, etibarsızlıqlıq, gərginlik yaranıb. Demək istədiyim odur ki, xalq həmin xalqdır, sadəcə onu qüdrətləndirib istiqamətləndirmək lazımdır.

Siyasi mübarizə ardıcıl, məqsədyönlü və proqramlı aparılmalıdır

Bizdə siyasi partiyaların heç biri konkret olaraq ötən 5 ildə heç bir fəaliyyətlə məşğul olmayıblar. Buyurun, mətbuata nəzər salın. Bir partiya lideri o birini, o biri də onu söyür. İqtidarın apardığı heç bir kurs tənqid olunmur. İstər iqtisadi olsun, istər sosial, istər mədəni – hansı olursa olsun, Azərbaycan müxalifətində olan mütəxəssislər tərəfindən bir dəfə də olsun araşdırılmır və hesabat şəklində xalqın diqqətinə çatdırılmır. Əgər vaxtında bu işlər görülsəydi, seçki ərəfəsində onları ortaya çıxarıb, hakimiyyətin gördüyü işlərin hansı istiqamətdə getdiyini xalqa göstərə bilərdilər və onları məhv edərdilər. Bunların hamısı quldurdurlar. YAP-ın yaradıcısı hörmətli Sirus Təbrizli özü müsahibəsində dedi ki, «YAP simasız quldurlar partiyasıdır.» Bu gün o partiyanın elədiklərini hüquqşünaslar, iqtisadçılar, maliyyəçilər çox gözəl şəkildə araşdırıb təhlil edə bilərlər. Onu da paket şəklində seçkilər ərəfəsində xalqa bəyan edə bilər və deyə bilərlər ki, biz hakimiyyətə boş yerdən qarşı çıxmırıq. Baxın, bu hakimiyyət Azərbaycana gələn milyonlarla manat vəsaiti bax bu cür yollarla külə sovurur. Konkret faktlar söyləmək lazımdır. Bunların çoxu elə hamımızın gözləri qarşısında baş verir. Binaların divarını soyub, milyonlarla vəsait hesabına ona ağlaydan üzlüklər çəkirlər, bir aydan sonra həmin binanı yerlə yeksan edib, yerində park salırlar. Asfaltı çəkirlər, sonradan kanalizasiya, su borularını çəkmək üçün onu qazıyır, yenə üstdən asfalt vururlar. Bu, millətə həqarət deyil, bəs nədir?

Təzə maşın satışından ildə 4-5 milyard manat pul mənimsəyirlər…

Azərbaycan vətəndaşı evində acından ölür, amma onun dövləti ona məxsus olan pulları havaya sovurur. Bu millətə həqarətdir. Bir avtomobil satışından milyonlarla vəsait qazanılır. 100 min manata satdıqları maşın 15 min manata sənədləşdirilir. Ancaq təzə maşın satışında ildə 4-5 milyard manat dövlətdən gizlədilir. Bütün bunları faş etmək lazımdır. Bu dövlətdə hələ nə qədər böyük sahələr var ki, hər il onlardan da yüzlərlə milyard manat pul vəzifəli şəxslər tərəfindən mənimsənilir. Korrupsiya baş alıb gedir. Mən son olaraq onu demək istəyirəm ki, müxalifət bir-birinə qarşı söz atışından çıxıb iqtidara qarşı konkret fəaliyyətə keçməlidir. İndi Allaha şükür ki, dünyanın hər yerində təhsil almış cavan oğlanlarımız var. Bu cür potensial hər dövlətdə yoxdur. Onların enerjisini əməli fəaliyyət istiqamətinə yönləndirmək lazımdır. Bu iqtidar qüvvətli göründüyü qədər də zəifdir. Sadəcə olaraq özünə qarşı müqavimət görmədiyi üçün istədiyini edir və etməkdə də davam edəcək.

Hakimiyyət qarışıq, müxalifət qarışıq, mətbuat qarışıq, özümüz qarışıq – bu ölkə var ya, o da artıq təhlükədədir…

R.Arifoğlu: Mən bayaq deyəndə ki, seçicilər, bizim elektorat seçkilərə gəlmədilər, onu boykot etdilər, bu o demək deyildi ki, onlar bizi boykot elədilər. Onlar bütün seçkiləri boykot elədilər. Onlar seçkinin nəticələrinə və seçəcəyi adamların qutudan çıxacağına inanmadılar. Onu hesablayaraq seçkilərə qatılmadılar. Amma mən seçki kampaniyası dövründə onu gördüm ki, bu hakimiyyətdən – konkret bizim 25-ci seçki dairəsinin ərazisindən bir nəfər də olsun razı olan adam yoxdur. Bu da bir nümunədir, bir modeldir. Bir adam tapılmadı desin ki, mən bu hakimiyyətdən, hökumətdən, həyatımdan razıyam. İnsanlar hər şeydən narazıdır. Bu, ölkəmizin təhlükədə olmasının göstəricisidir. Hakimiyyət qarışıq, müxalifət qarışıq, mətbuat qarışıq, özümüz qarışıq, bu ölkə var ya, orada oturmuşuq, o da artıq təhlükədədir. İnsanlar tamamilə inamlarını itiriblər. Dövlətinə, bayrağına, hakimiyyətinə, müxalifətinə, hər şeyinə inamlarını itiriblər. Bu, təhlükədən xəbər verən bir durumdur. Amma mən ümidsiz də deyiləm. Biz bir eksperiment elədik. Yəni bir rayonda elə bir mühit, elə bir atmosfer, elə bir külək əsdirdik ki, mən gördüm ki, bu, elə həmin o millətdir. Onunla çox şeylər etmək olar. Onsuz da onun mütləq az bir hissəsi prseslərə, hərəkata qoşulur. O az qismi təşkilatlandırıb cəlb etmək lazımdır. 10 faiz heç də az qisim deyil. 700-800 min, bir milyona yaxın insan deməkdir. Mümkündür, yetər ki, narazı elektoratın istədiyini, yaxud görmək istədiyini deyəsən və eləyəsən. Onun üçün çalışdınmı, onun üçün çalışmaq istədiyini göstərdinmi, öz səmimiyyətinə inandırdınmı, hər şey tamamdır. Mən ümidsiz deyiləm. Amma heç bir fəaliyyət göstərmədən və cəhdlər etmədən də nələrinsə dəyişəcəyinə əmin deyiləm.
Seçkilərdə saxtakarlıq ediləcəyini bilirdik…

Davamı gələn saylarımızda

Hazırladı: XuralTAC

Qaynaq: Xural qəzeti, 28 noyabr 2010

Oxunma sayı: 8210

1 Comment to "Yeni xalq hərəkatı yaranmalıdır!!!"

  1. 28 November 2010 - 23:43 - 23:43 | Permalink

    ÖLKƏ ƏHALİSİNİN ƏXLAQİ DƏYƏRLƏRİNƏ ƏSASLANAN QURUCULUQ SİSTEMLƏRİNƏ DEMOKRATİK DÖVLƏT DEYİLİR.
    Milli ,müxalifət hesab etdiyimiz mətbuat Müsavat,Azadlıq və digər müxalif hesab olunan qəzetlər 125 saylı dairədən 3 nəfər namizədin mənim ,AXCP-MÜSAVAT blokundan olan Nəsiman Yaqublunun , müstəqil namizəd Anar Qasımovun və 125 saylı DSK-nın komissiya üzvü Vüqar Məhərrəmovun oktyabrın 28-dəbirgə keçirdiyi mətbuat konfransını işıqlandırmaqdan imtina etdilər.O konfrans ki,bu hakimiyyətin seçkilərdə törətdiyi cinayət əməllərini sübut edən faktlar ortaya qoymuşduq.Hələ seçki günündən qabaq 28 oktyabrda .Mən bir işi başa düşdüm biz ola bilsin müsavat və azadlıq qəzetlərinə yad adamlar idik.Hərçəndi məni və Vüqar Məhərrəmovu bunlar yaxşı tanımalıdırlar.Bəs öz bloklarından namizəd olan,M.Rəsulzadə irsinin təhqiqatçısı Nəsiman bəyi niyə boykot etdilər.Bu hansı əxlaqa sığır.
    Bizlər həmişə reallıqları görüb,həqiqəti söyləmişik.Biz Millət olaraq 88-də 18 gün çadırlarda oturduq əhd bağladiq ,Millət olaraq 89-da dünyanın XALQI adını aldıq,Millət olaraq 90-da şəhidlik zirvəsinə qalxdıq,millət olaraq 91-də müstəqilliyimizi qazandıq və əhdimizə sadiqliyimizi sübut etdik.Lakin çox təəssülər olsun ki, 93-də bu əhdimizə sınıq çıxdıq və millət olaraq dedizdirildik ki, heydər olmasa xeyri yoxdur. Bizi Millət olaraq buna apardılar.hansı qüvvələr apardı bunu siz yaxşı bilirsiniz.Bütün bunları seyr edəndən sonra Peyğəmbərimizin hədisi yadıma düşdü : -ALLAH buyurur ki, O Mİllət ki əhdinə sınıq çıxar, Onun başına düşmənlərin hakim edərik.! Bu gün Millət olaraq tövbə edib ƏHD bağlamaq Zamanımız gəldi.İndi də ELÇİBƏYİN sözü yadıma düşür:-Hər şeyin ZAMANA ehtiyacı var.Məncə zaman gəldi.Bəylər XALQIN bazasında hərəkata keçilməsə,partiyalar öz maraqlarından kənara çıxmayacaqlar. Niyəsini siz çoxundan yaxşı bilirsiniz. Mən bu gün keçirilən Forumların,dəyirmi masaların 4-5% xalqın ətrafında deyil,Bütövlükdə XALQIN bazasında Hərəkata keçməyin vacibliyini bilirəm.2-ci CƏBHƏNİN açılmasını.Əks halda yaranacaq hər hansı bir qurum, bu hakimyyətin imitasiya üçün olan sifarişi olacaq.
    Yazımın başlığını əbəs yerə belə qoymadım.