“Mən öz dövlətini məhkəməyə verəcək insan deyiləm!”

Azər Həsrət

Bakı, Yalquzaq.com, 27.12.2010 – Bu sözləri Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət 2010-cu il 7 noyabrda keçirilən parlament seçkiləri ilə bağlı şikayətlərinə aydınlıq gətirərkən deyib. O, qeyd edib ki, bu il konkret olaraq onun da bağımsız namizəd kimi qatıldığı 34 saylı Xətai II seçki dairəsində seçkilərin sonuclarının ədalətli şəkildə müəyyənləşdirilməsi və gerçək qalibin aşkar edilməsi üçün heç bir şərait yaradılmayıb.

“Təbii ki, belə olan şəraitdə kimin gerçək qalib olduğunu bilmək mümkün deyil. Sonuclar saxtalaşdırılıb və biz də başqa namizədlərlə birlikdə ölkənin müvafiq strukturlarına şikayət etmişik. Ancaq təəssüflər olsun ki, Mərkəzi Seçki Komissiyası və məhkəmə qurumları da daxil olmaqla heç bir səlahiyyətli dövlət strukturu bizim şikayətlərimizə gərəkli reaksiyanı vermədi. Hətta əlimizdəki videogörüntülərə belə baxılmadı. Bu isə ondan xəbər verir ki, Azərbaycanın məhkəmə sistemi ciddi şəkildə aşınmaya məruz qalmışdır. Bütün bunlardan sonra əslində bizim daha yüksək instansiyaya – Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyimiz üçün imkan yaranmışdır. Ancaq düşünürəm ki, haqlarımın tapdanmasına baxmayaraq şəxsən mən öz dövlətimdən şikayət etməli deyiləm”, – deyə Azər Həsrət bildirib.

Azər Həsrət onu da bildirib ki, o, adını öz dövlətindən şikayət edən vətəndaş kimi tarixə yazdırmaq istəmir: “Bu gün mənim məşğul olduğum işlər və ümumilikdə dövlətçilik baxışlarım imkan vermir ki, hətta haqlarım ən kobud şəkildə pozulduğu halda belə öz dövlətimdən şikayət edim. Bu heç də o anlama gəlməməlidir ki, biz haqqımızdan vaz keçirik. Haqlarımız uğrunda mübarizəmiz davam edəcək və bu mübarizəni məhz ölkə içində gerçəkləşdirəcəyik. Mən öz dövlətini məhkəməyə verəcək insan deyiləm. Seçkiləri saxtalaşdırıb dövlətimizi rəzil duruma düşürənlərdən fərqli olaraq biz onun yolunda şəxsi maraqlarımızı həmişə qurban verməyi bacarırıq. Çünki biz hər zaman onlardan yüksəkdə olduq və olmağa da davam edəcəyik”.

Oxunma sayı: 8639
Share

1 Comment to "“Mən öz dövlətini məhkəməyə verəcək insan deyiləm!”"