“Mən öz dövlətimi məhkəməyə verməyəcəm”

Azər Həsrət

Azər Həsrət onun haqqında “Azadlıq”da gedən yazılara təəccüblənir

Jurnalist hüquqları müdafiəçisi Azər Həsrət “Azadlıq” qəzetinin ötən nömrələrindən birində özü haqqında yazılmış köşə yazısına münasibətini bildirib. “Azadlıq” qəzeti ayda bir dəfə də olsa mənim haqqımda məlumat yazır. Və mənə də təəccüblü gəlir ki, mənim bunlarla nə işim var, yaxud da onların mənimlə nə işi ola bilər?”

A. Həsrətin sözlərinə görə, bir vaxtlar həmin qəzetdə işləyib və qəzetin əməkdaşları ilə də kifayət qədər münasibəti olub.

“İndi mən həmin düşərgədən ayrılmışam. Mənə elə gəlir ki, onlar düşünür ki, mən həmişə onların istədiyi kimi hərəkət etməliyəm. Ancaq mənim öz düşüncələrim, öz təfəkkürüm var. Və mən ona uyğun da hərəkət edirəm. Təbii ki, mən öz dövlətimi məhkəməyə verməyəcəyim barəsində açıqlama vermişdim və bu, mənim öz düşüncəmdir, içimdən gələn bir ideologiyadır. Mən həqiqətən də Azərbaycan dövlətini hər hansı bir xarici ölkəyə və yaxud da beynəlxalq təşkilata şikayət edəcək insan deyiləm. Əgər onlar bunun demokratiyaya zidd olduğunu, demokratik proseslərə hər hansı formada mənfi təsir etdiyini düşünürlərsə, bu, onların öz düşüncəsinin, təfəkkürünün məhsuludur. Mən elə düşünmürəm”.

Onun sözlərinə görə, bir adamın haqqında davamlı olaraq tənqidi, bəzən də təhqiredici yazılar yazmaq yaxşı hal deyil: “Azadlıq” qəzeti isə davamlı olaraq, ayda bir dəfə də olsa, haqqımda tənqidi yazılar dərc edir”.

Azər Həsrət bildirib ki, seçki zamanı saxtakarlıqla qarşılaşdığını hər kəsə sübut edə bilər: “Çünki mənim əlimdə seçki zamanı baş verən saxtakarlığın görüntüləri, videoçarxları var və orada hər şey aydın şəkildə görünür. Əlimizdə belə faktlar varkən bunu sübut etmək heç də çətin deyil. Amma mən düşünürəm ki, hüquqlarım tapdansa belə mən Azərbaycana qarşı müxtəlif oyunlar oynayan ölkələrə, beynəlxalq təşkilatlara gedib öz dövlətimi şikayət etmərəm. Mən elə insan deyiləm. Azərbaycanda baş verən istənilən prosesdən istər ABŞ Dövlət Departamenti, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsi, yaxud da başqa beynəlxalq təşkilatlar Azərbaycan Respublikasına qarşı istifadə edirlər”.

A.Həsrət qeyd edib ki, zərbə dəyəndə seçkini saxtalaşdıranlara, günahkarlara dəymir. Zərbə yalnız Azərbaycan dövlətinə dəyir.

“Əgər mən şikayət eləsəm, həmin şikayətin nəticəsi olaraq mənim dövlətim zərbə alacaq. Və mən düşünürəm ki, şikayət etməməklə öz hüquqlarımın tapdanması hesabına da olsa dövlətimə dəyəcək zərbənin qarşısını alıram. Qoy onlar öz bildikləri kimi demokratiya uğrunda mübarizə aparsınlar, biz də öz bildiyimiz kimi” – deyə A. Həsrət vurğulayıb.

Şəymən

Qaynaq: Şərq qəzeti, 05 yanvar 2011

Oxunma sayı: 9541
Share