Rəhim oğlu Umud bəy!

Bu mən özüməm, Azər Həsrət

Azər Həsrət (azer@azerhasret.com)

Elə belə də deyirəm: Rəhim oğlu Umud bəy! Sən demə əlli yaşı tamam olubmuş! Sən demə mənim kimi dostların da başı elə qaırşıb ki, bundan xəbərimiz belə olmayıb. Özü də hər zamankı kimi təvazökarlıq edib xəbər verməyib…

Xəbərsiz, ətərsiz 50 yaşını doldurub oturub yerində. Xəbər tutanlar da mənim kimi söz demək, yazmaq istəyəndə bir baxıblar ki, daha möhtəşəm qələmlər bunu artıq edib…

Rəhim oğlu Umud bəy əslində vəsf ediləsi, haqqında yazılası və filmlər çəkiləsi insandır. Həm də çoxlarına örnək olacaq gerçək bir dostdur. Bunu mən deyirəm, Azər Həsrət. Ki, mən əslində hər adama dost demərəm. Ki, mənim əslində dost dediklərimin sayı elə də çox deyil. Ki, mənim minlərlə ünsiyyətdə olduğum, yaxınlıq etdiyim insanlar var. Di gəl bunların içində dost dediklərimin sayı olsa-olsa iki əlin barmaqlarının sayı qədərdir. Və bu az saylı dostların içində Rəhim oğlu Umud bəy də var…

Onun haqqında hər cür yaxşı söz yazmaq olardı. Mən də təbii ki, çox söz yaza bilərdim. Ancaq yazmıram. Yuxarıda da qeyd etdiyim kimi, daha möhtəşəm qələm sahibləri məndən cəld tərpənib bunu ediblər. “Yeni Müsavat” qəzetində Murad Köhnəqalanın “Dostun əlli yaşı oldu” adlı yazısını oxuyandan sonra əslində Rəhim oğlu Umud bəy haqqında bundan gözəl, bundan gerçək nə yazmaq olar ki? Bəlkə də olar. Ancaq daha artığını və daha dəqiqini yazacağımı düşünmədiyim üçün elə burada Muradın yazısını yazıma calayıram. Yeri gəlmişkən deyim ki, Muradla mən heç vaxt dostluq, yoldaşlıq eləməmişəm. Ancaq onun Azərbaycan ictimai rəyində ən səmimi insanlardan biri olduğu haqqında şəxsi qənaətim var. Elə ona görə də Muradın yazısını öz yazım kimi təqdim edirəm. Çünki bu yazıda təsvir edilən səmimi Rəhim oğlu Umud bəy (elə Rəhim kişinin özü də) mənim tanıdığım Umud bəydir.

Bu arada onu da əlavə edim ki, Rəhim oğlu Umud bəy haqqında daha bir dəyərli yazını “525-ci qəzet”də çox dəyər verdiyim qələm adamlarından Vaqif Bəhmənli yazıb. Çox təəssüf ki, həmin yazının elektron variantını əldə edə bilmədim. Onu da burada yayınlardım böyük məmnuniyyətlə. Çünki Vaqif bəy Rəhim oğlu Umud bəyin bizdən qat-qat əvvəldən dostluq etdiyi birisidir və bu baxımdan Vaqif bəyin yazdıqlarının Yalquzaq üçün də maraqlı olacağını düşünürəm. Amma nə edəsən ki, texniki imkanlar buna yol vermədi…

İndi isə Muradın yazısını oxuyaq. Yaddan çıxmamış deyim ki, ora bir cümlə də mən calamışam. Lap sonda. Nə edim, mənim də gücüm buna çatır…

Murad Köhnəqala: Dostun yaşı 50 oldu

Bu, Murad Köhnəqaladır. Bir üzü qara, biri ağ

O gün əziz dostum Rey Kərimoğlu zəng vurub dedi, ayə, bu qaqanı da qocaltdıq. “Yeni Müsavat” qəzetinə baxdım, həə, Umud Rəhimoğlunun da 50 yaşı tamam oldu. “Mediaforum” saytı da yubilyarın şəkillərini yayıb. Orda qulaqlı papaqda bir uşaq var, Umud indi də eləcə təmiz bir uşaqdı.

Bir institutda oxumuşuq, elə tələbəlikdən qardaş kimi olduq. Saytdakı bir neçə şəkil qəlbimi titrətdi. Qorki adına Moskva Ədəbiyyat İnstitutunun girəcəyi… Nədənsə tələbəlikdə şəkil çəkdirməyə həvəsli olmamışıq. O illərdən məndə də 1-2 şəkil qalıb. Halbuki bütün mənalı gəncliyimiz orada keçdi. Şəklin birində Zahid, Umud, Fəridə və mən institutun Svetnoy bulvar tərəfdən girişində dayanmışıq. Telefon budkası da görünür. O budka instituta girməyimdə yardımçı olub. İndi bu dünyada olmayan əfsanəvi Tahir Aslanlının evinə o telefondan zəng edib sonuncu imtahanıma kömək etməsini xahiş eləmişəm. Və sonuncu rus tarixi imtahanından “3″ alıb qəbul olmuşam. O telefon budkası indi yoxdu yəqin…

Mən qəbul olunanda Umud artıq ikinci kursda idi. Onda Səfər Alışarlı, Nazim Əhmədli, Ərşad Cəfərli də əyani şöbənin tələbələri idi. Umud məktəbi bitirdiyi son iki ildə onunla bir otaqda qaldıq. Yataqxananın koridorunun hər iki başında ümumi mətbəx vardı. Bir tərəf qızlar, o biri oğlanlar üçün. Mən 5 il oxuduğum müddətdə isti-soyuq suyun bir dəfə kəsildiyini də görmədim. Binanın zirzəmisində isə arakəsməli səliqəli duş vardı.

Bu da Muradın haqqında yazdığı dovşan papaqlı şəkil...

Bir otaqda iki tələbə yaşayırdı. Stol, stullar, iki geniş taxt, palıd parketdən döşəmə. Qapıdan girən kimi sağ və sol divarlara bitişik qab-qacaq və paltar şkafı vardı. Umudun qaynı, politexnikin tələbəsi Hidayət hərdən bizə qonaq gələndə Umudla baş-ayaq yatırdıq. Sessiya üçün peyda olan qiyabiçilərdən Şaiq Vəli gələn kimi bizə yapışırdı. Özünün ayrıca otağı olsa da bizdən ayrılmırdı. Umudla pulumuz eyni olardı, kimin nəyi var ortada olurdu. Lakin onun pulu həmişə mənimkindən çox olurdu. Çünki atam məndən başqa daha iki tələbə oxudurdu. Şaiq Sibirdə tikintidə işləyib pul qazanır, həm ailəsinə göndərir, həm də sessiya vaxtı bizə bolluca xərcləyirdi. Şaiq pulunu dəlicəsinə, kimi gəldi restorana dəvət eləyib xərcləməsin deyə çox vaxt pulu əlindən alıb özünə norma ilə qaytarırdıq…

Umud Fizulinin Aşağı Əbdürrəhmanlı kəndindəndi. Bir dəfə yay tətilindən Moskvaya qayıtmaq ərəfəsində Bakıda görüşdük. Dedi, gəl bizə gedək, evdəkilərlə də halallaşıb birgə Moskvaya qayıdaq. Getdik Əbdürrəhmanlıya. Ucsuz-bucaqsız örüş və əkin sahəsi olan bu kənd əkinçilik və maldarlıqla məşğul olurdu. Umudgilin böyük, ikimərtəbəli evi vardı. Atası ucaboylu, bacarıqlı, qəlbi isə uşaq kimi bir kişidi. Anası adama yalnız can deyən tərəkəmə qadınıdır. Qardaşlarının hər biri mənimlə ayrılıqda dostdu. Bir gün orada qaldıq. Umudun kənddəki dostu axşam bizi qonaq çağırdı. Sabah görüşüb ayrılanda atası bizi öpüb hərəmizə bir dəstə pul uzatdı. Mən tez etiraz elədim, dedim, varımdı, evdən veriblər. Atası israrla pulu cibimə qoyub “o ayrı, bu ayrı” dedi. Gəlib Bakıya çatdıq. Rəhim dayının verdiyi pulu qatarda saydım, dönüb Umuddan soruşdum ki, atan sənə nə qədər pul verib. Dedi, bu qədər. Dedim, mənə də o qədər verib. Umud dedi, o, səni öz oğlu kimi qəbul eləyib.

Bu isə Rəhim oğlu Umud bəy! Ən möhtəşəm Türk abidəsi, Hindistanın Agra şəhərində Cahanşahın tikdirdiyi Tac Mahal önündə!

Sonralar o kənddə bir neçə dəfə oldum. Bir dəfə yığışıb kiçik qardaşı Məhəbbətin toyuna getmişdik. Nadir Cabbarlı, Şaiq, Nazim, Nizami, Zahid, Umud özü – hardasa 7-8 nəfər qonşudakı yeznəsi Zeynalgildə gecələdik. Həyətdə hinduşkanın sayı-hesabı yox idi. İkimərtəbəli binanın üst qatındakı geniş aynabənddə hərəyə bir döşək, bir balış vermişdilər. Mən heç yerdə elə qalın döşək, iri balınc görməmişəm. Əbdürrəhmanlıda ilk dəfə olanda Arazın o tayında uzaqdan görünən evlərə baxıb ağladım. Umud bizi Tuğ kəndinin yaxınlığında olan məşhur Azıx mağarasına da aparıb. İndi oralar yağı əlindədir…

İllər keçdi, mən kənddə ailə qurub yoldaşımla Bakıya gəldim. Bakıda nə iş yerim, nə də mənzilim vardı. Yaşar Paşa adlı göyçəli dostum məni 3 ay öz evindən buraxmadı. Sonra israr etdiyinə görə uzun müddət Umudgildə yaşadıq. Rusiyadan, Pribaltikadan, İrandan, Türkiyədən tələbə yoldaşlarımız və dostlar Umudun təzəcə yaratdığı Beynəlxalq Avrasiya Mətbuat Fonduna gəlir, evində gecələyirdilər. Qonaqlar Umudun həyat yoldaşı Xalidə xanımın xoş xasiyyətini, bişirdiyi yeməklərin dadını, övladlarının gözəl üzünü qəlblərində aparırlar…

Çox şeylər yazardım, yerimiz azdı. Əziz qardaşın, sınanmış dostum Umuda uzun ömür içində xoşbəxtlik arzulayıram…

Yalquzaqdan: Deyirəm, ay Murad qağa, yer lazım olanda mənə müraciət elə. Sənin üçün mənim yerim bir dünya qədərdir. Hələ bir Rəhim oğlu Umud bəy kimi birisi haqqında yazmaq istəsən.

Oxunma sayı: 6481
Share

2 Comments to "Rəhim oğlu Umud bəy!"

  1. Siyab Məmmədli's Gravatar Siyab Məmmədli
    7 February 2011 - 23:01 - 23:01 | Permalink

    Azər bəy, Murad Umud Rəhimoğlunun bir insan kimi başqa qatını açıb. Çox böyük ürəklə, çox dərin səmimiyyətlə. Yerin azlığından təəssüflənsə də əslində yazı BÖYÜK yazıdı, adama elə gəlir ki, Murad bu sözləri Umud Rəhimoğluna çoxdan demək istəyirmiş, ancaq imkan tapa bilmirmiş. Vaqif Bəmənlinin də yazısı möhtəşəmdir. Qaldı sənə, sanıram elə sənin də yazın Umud Rəhimoğlu və onu sevənlər üçün qiymətlidir.