TRT1-in kürəyimizə sapladığı bıçaq və yumurtlamaz toyuqlar…

Azər Həsrət

Azər Həsrət (azer@azerhasret.com)

Ölkəmizdə əcaib olaylar baş verir. Həm də ciddi vətəndaş qarşıdurmalarına səbəb olacaq olaylar. Üstəlik də ərəb ölkələrində baş alıb gedən inqilablar fonunda.

Həm də üstəlik qonşu İran və Rusiyada marıqda dayanıb bir balaca ara qarışan kimi Azərbaycanda təşəbbüsü ələ almağa hazır olan qüvvələrin varlığı şəraitində.

Bütün bunların fövqündə həm də qərbdəki bəlli mərkəzlərin bölgəmizin yeni xəritələrini cızıb dövriyyəyə buraxdığı bir zamanda.

Cabbar Savalanlı adlı bir gənci şərləyib həbsə atmaqla dünya insan haqları qurumlarının diqqətini pis mənada Azərbaycanın üzərinə çəkmək kimə lazımdır? Yaxud bu əməli sifariş və icra edənlər dövlətimizə hansı faydanı verəcəklərini düşünürlər? Niyə hələ də bu cür dar təfəkkürlü adamlar vəzifə başındadır?

Hələ bu gəncin məhkəməsinə gələn başqa gənclərə qarşı zor tətbiq edilməsi, onların məhkəmə zalına buraxılmamasını hara yazaq? Əgər bu Cabbar adlı gənci haqlı olaraq həbs etmisinizsə, buyurun, məhkəməni açıq keçirin.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev iddia edir ki, vəkil Osman Kazımovu heç kim tanımır. Hətta onu da iddia edir ki, Kollegiyanın 800 üzvündən 700-ü Osman Kazımovu tanımır. İndi gəl də bu Azər Tağıyevə onun 700 vəkilini də ölkədə kimsənin tanımadığını demə. Hələ həmin vəkillərin böyük əksəriyyətinin bir qayda olaraq müvəkkillərini deyil, ittiham tərəfini dəstəklədiyini demə. Məhkəmələrdə bir baxırsan ki, ittiham tərəfi yalan olur, vəkil başlayır öz müvəkkilini ayağa verməyə. Osman Kazımov axı elələrindən deyil. Ona görə də həmin 700 nəfərin onu “tanımaması” (əslində tanıyıb görməzlikdən gəlməsi) təbii bir hal sayılmalıdır.

Hə, bir də onu demək lazımdır ki, Azərbaycanda insan haqları, demokratiya və qanunçuluğun keşiyində duran çox az saylı vəkillərdən biri elə məhz Osman Kazımovdur. Özü də onu tək ölkə içində deyil, dışında da yetərincə tanıyırlar. Bunu mən həm iç, həm də dış qurum və toplumlarla işləyən birisi kimi deyirəm…

Eynulla Fətullayev hələ də dustaqdır. Açığı, bu jurnalist həmkarım sevmədiklərim kategoriyasındandır. Yəni heç vaxt ona rəğbətim olmayıb. Aramızdakı ideoloji fərqə və xüsusən də ermənilərə münasibətinə görə onu qəbul edə bilmirəm. Ancaq onun hələ də həbsdə saxlanmasının Azərbaycan dövlətinə vurduğu zərərin də fərqindəyəm axı. İndi kimlərsə Eynulla ilə hesab çəkəcək deyə mənim dövlətim tənqidlərə məruz qalmalıdır? Allahınızı sevərsiniz, buraxın onu həbsdən! Zatən həbsdə tutmaqla onu bir qəhrəmana çevirdiniz! Azərbaycan dövlətini isə rəzil etdiniz!

Bu qəbildən olan başqa bir tutuqlama da Ruslan Bəşirliyə aiddir. Düzdür, onun hamımıza bəlli olan günahını mən də bilirəm. Ancaq sadəcə düşünürəm ki, bu, onun təcrübəsizliyindən və düşüncəsizliyindən qaynaqlanıb və cəzasını da yetərincə alıb. Yəni onu hələ də həbsdə tutmaqla Azərbaycanı tənqid etmək üçün növbə gözləyənlərə bəhanə verməyə dəyməz.

Bu arada Xocalı soyqırımının 19-cu ili tamam oldu. TV kanallarımız, mətbuatımız olaya yetərincə yer verdi. Ancaq yenə də biriləri diqqəti hədəfdən yayındırmaq üçün dəridən-qabıqdan çıxdı. Bir TV proqramından belə anladım ki, soyqırımı törədən ermənilərlə rusların günahı yoxmuş. Sən demə günah o zaman “hakimiyyət davası aparan” Xalq Cəbhəsindəymiş! Heyrət sizə, heyrət! Bəlkə iddia edəsiniz ki, 613 nəfər Xocalı sakinini öldürən də cəbhəçilər imiş?! Nədir bu düşmən dəyirmanına su tökməyiniz?

Xocalıdan söz düşmüşkən, həmin gün Türkiyənin TRT1 kanalından kürəyimizə saplanan bıçaq heç unudulacaq deyil! Məhz həmin gün, 26 fevral 2011-ci il tarixində bu kanal erməni-türk dostluğunu təbliğ edən bir proqramı geninə-boluna efirə verdi! Hə, elə belə də etdi! Elə bil ki, bizim acığımıza, türk dünyasının, türk millətinin acığına erməniləri və ermənikimiləri efirə çıxarıb dostluqdan dəm vurdu bu TRT!

Ötən həftə onu da eşitdim ki, Sabirabadda vətəndaşlar ayağa qalxıb onlara çatacaq təzminatların düzgün hesablanmasını tələb ediblər. Videosuna da baxdım bu olayın. Və bunun ardından bəlli oldu ki, bölgədə adamların çayxanalarda belə toplanmasına izn verilmir. Niyə, nə üçün? Nədən qorxursunuz? Çayxanada oturub çay içəcək insanlar, lap elə siyasi söhbətlər edəcək insanlardan niyə çəkinirsiniz ki? Əgər bir qəbahətiniz yoxdursa əlbəttə?!

Ərzaq mallarının bahalaşması və yoxa çıxması da müşahidə olundu ötən həftə. Bir gün içində ölkənin bütün toyuqları yumurtlamaz oldu. “Yeni Müsavat”dan oxudum ki, yumurtanı inhisarda tutan iri çaplı məmurlar korrupsiya yolu ilə qazanacaqlarına əngəl törədildiyi üçün bu cür acıq çıxırlar. Xüsusən də Novruz bayramında yumurtaya tələbatın artdığı bir zamanda. Demək ki, ölkədə sabotaj var! Sabotajçının kim olduğunu biz bilməsək də korrupsiya ilə “mübarizə” aparanlar yaxşı bilir hər halda.

Həftəyə damğa vuran olaylardan biri də Zeynəb Xanlarovanın açıqlamaları oldu: “Qoy prezident birinci ilana zəhər verən kərtənkələləri cəzalandırsın” və ya “İstərdim parlamentdə ziyalılarımız daha çox olsun, mağaza müdirləri yox”. Hər zamankı kimi möhtəşəmdir Zeynəb xanım! Hələ onun Məmməd Əmin Rəsulzadəyə heykəl qoyulmasını istəməsi də yadımızdan çıxmayıb!

Oxunma sayı: 5384

1 Comment to "TRT1-in kürəyimizə sapladığı bıçaq və yumurtlamaz toyuqlar…"