Azər Həsrət: Böhranlı durum yaranarsa iç siyasətə qayıdacam

Azər Həsrət

Bakı, Yalquzaq.com, 09.03.2011 – Ərəb ölkələrində baş verən ayaqlanmalar və son gəlişmələr Azərbaycanda da hərəkətlənməyə səbəb olduğundan artıq iç siyasi proseslərdən kənar qalan insanlar da rahatsız olmağa başlayıb. Belə ki, eyni hərəkatlar ölkəmizdə də baş verəcəyi təqdirdə Azərbaycanın ciddi siyasi çalxantılara, arzuolunmaz vətəndaş qarşıdurmalarına sürüklənə biləcəyi anlaşılmaqdadır. Bu isə hər bir fəal vətəndaşın proseslərdə rol almasını, Azərbaycan dövlətçiliyənə zərərli ola biləcək hərəkətlərin baş verməməsi üçün çalışmasını zəruri edir.

2005-ci ilin Milli Məclis seçkilərindən sonra iç siyasətdə demək olar ki, heç də qabarıq fəaliyyətləri ilə seçilməyən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət də baş verənləri əndişə ilə izlədiyini bildirib. O, ictimaiyyət üçün yaydığı açıqlamada bildirib ki, əsas çalışmaları türk dünyası ilə bağlı olduğundan uzun müddət ölkəiçi siyasi proseslərə müdaxilə etməmək yolu tutub. Bir çox hallarda buna görə bəzi kəsimlər tərəfindən tənqidlərə məruz qalsa da tutduğu haqq yolun məsuliyyətini anlayaraq mümkün qədər dartışmalardan uzaq qalmağa çalışıb. Ancaq indi baş verməkdə olanların Azərbaycanda ciddi hərəkətlənmələrə gətirib çıxaracağını və bu proseslərin dövlətimizə zərərsiz ötüşdürülməsinin vacibliyini nəzərə alaraq vətəndaş fəallığı göstərməyin zəruri olduğunu deyən Azər Həsrət ölkədə böhranlı durum yaranacağı təqdirdə mütləq şəkildə proseslərə qatılacağını bəyan edib.

“Əgər Azərbaycanda hər hansı ciddi siyasi gəlişmələr yaşanarsa və nəticə etibarilə böhrana bərabər durum yaranarsa fəal vətəndaşların hamısı bu durumdan ən az zərərlə çıxmaq üçün hərəkətə keçməlidir. Bizim üçün önəmli olan kimlərinsə kürsü davası deyil, Azərbaycan dövlətinin ayaqda durmasıdır. Əgər vətəndaşlar hansısa məmurların kürsülərindən imtinasını tələb edirsə, bu çağırış eşidilməli və ona əməl edilməlidir. Yaxud da hansısa siyasi qüvvələr ölkədə süni qarışıqlıq yaratmaq istərsə buna da cavab verilməlidir. Əslində bu gün Azərbaycan hakimiyyəti ilə müxalifətin sağlam kəsimi bir araya gələrək qarşılıqlı güzəşt şəraitində problemləri çözərsə daha yaxşı olar. Əks təqdirdə ölkənin qarmaqarışıqlığa sürüklənmə ehtimalı var və təbii ki, mənim kimi insanlar belə durumda iç siyasətdən kənar qala bilməzlər”, – deyə Azər Həsrət bildirib.

Oxunma sayı: 5336
Share

1 Comment to "Azər Həsrət: Böhranlı durum yaranarsa iç siyasətə qayıdacam"