Azər Həsrət: Hökm deyil ki, media mükafatını Azərbaycan alsın

Azər Həsrət mükafatla. 2004-cü il

“Azad Media Öncülü” mükafatının verilməsi ilə bağlı seçimin Beynəlxalq Mətbuat İnstitunun Vyanada yerləşən mərkəzi qərargahının qərarı ilə Azərbaycan Milli Komitəsinə həvalə edilməsi və şəxsən mənim də o işə koordinator olaraq təyin edilməyim bizə olan inamın göstəricisidir”.

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin üzvi Azər Həsrət bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli Komitəsinin təcrübəsi Beynəlxalq Mətbuat İnstitutu tərəfindən yüksək qiymətləndirilir və böyük işlər görə biləcəklərinə inanırlar. “Əlbəttə ki, mükafatın istər Azərbaycanda, istər Azərbaycandan kənarda olan hansısa qurumlara verilməsi ilə bağlı son qərarı Beynılxalq Mətbuat İnstitutunun rəhbərliyi verir. Amma biz də koordinator olaraq üzərimizə düşən vəzifəni icra edəcək və müraciətləri araşdıracağıq”.

A.Həsrət qeyd edib ki, Azərbaycandan, eyni zamanda başqa ölkələrdən də kimlərsə təqdimatlar göndərə bilər. “Həmin təqdimatlar bizim tərəfimizdən araşdırılacaq və Beynəlxalq Mətbuat İnstitutunun son qərar qəbul etməsi üçün tövsiyyələrimiz hazırlanıb onlara göndəriləcək”.

Azər Həsrət bildirib ki, BMİ-nin Azərbaycan Milli Komitəsinin bu prosesi koordina etməsi heç də o demək deyil ki, onlar bu mükafatın Azərbaycana, azərbaycanlı şəxsə verilməsinə çalışmalıdırlar. “Əsla belə olmayacaq. Biz çalışacağıq ki, mükafatı tam obyektiv və dünya tərəfindən doğru, dürüst qəbul ediləcək quruma və yaxud şəxsə verək. Əgər “Azad Media Öncülü” sonucda Azərbaycana qismət olarsa, biz buna sevinərik. Qismət olmayacağı təqdirdə kədərlənən də deyilik, çünki ən azından bu mükafat bir dəfə Azərbaycana gəlib”.

A.Həsrət qeyd edib ki, Beynəlxalq Mətbuat İnstitutu bu mükafatı verərkən çox ciddi araşdırmalar aparır və verəcəyi qurumun və ya şəxsin son bir il ərzində öz ölkəsində yaxud bütövlükdə bölgədə, dünyada media azadlığına verdiyi töhfələri nəzərə alınır. “Görünür 2003-2004-cü ildə bizim töhfələrimiz yüksək dəyərləndiyindən o mükafat bizə verilmişdi”.

Beynəlxalq Mükafat olan “Azad Media Öncülü” 1996-cı ildən təsis edilib. Beynəlxalq Mətbuat İnstitutu bu mükafatı Freedom Forum (Azadlıq Forumu) adlı Amerika təşkilatı ilə birlikdə verir. Hər il bu mükafat yalnız bir şəxs və ya quruma, KİV orqanına, televizya, radio, yaxud jurnalist təşkilatlarına verilir.

1996-ci ildə ilk dəfə “Azad Media Öncülü” mükafatı Rusiyanın NTV televiziya kanalına verilib. Azərbaycandan isə Azər Həsrətin başçılıq etdiyi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi özünün fəaliyyətinin ilk ilində qazandığı uğurlara görə 2004-cu ildə bu mükafata layiq görülüb. Həmin ilin may ayında Beynəlxalq Mətbuat İnstitutunun Varşavada keçirilən qurultayında bu mükafat təntənəli şəkildə təqdim olunub.

Aytən ƏLİYEVA

Qaynaq: modern.az/articles/12006/1

Oxunma sayı: 3236
Share