Türk dövlətləri “Türk gücü” olaraq Yaponiyaya yardım etməlidir

Azər Həsrət

Bakı, Yalquzaq.com, 15.03.2011 – Yaponiyada baş verən tsunami və doğurduğu sonuclar dünyada heç kimin duyarsız olmadığını bir daha göstərdi. Demək olar ki, bütün ölkələrin insanları bu və ya başqa şəkildə yaponlara yardım üçün səslərini ucaltdı. Bu sıradan türk xalqları da öz insansevərliyini nümayiş etdirməkdədir. Ancaq təəssüf olsun ki, türklərin yaponlara yardım istəkləri dağınıq şəkildə özünü göstərməkdədir. Elə bunu nəzərə alan Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət türk dövlət və topluluqlarına çağırış edib.

Çağırışda deyilir: “Türk xalqları tarixin bütün dönəmlərində dünyanın taleyini həll edən, yer üzündə insanlığın və insansevərliyin gerçək örnəklərini sərgiləyən toplumlar olmuşdur. Ən çətin dönəmində hətta düşmənlərinə belə əl tutmaqdan çəkinməyən türk xalqları özünün çətin duruma düşəcəyindən çəkinmədən hər zaman dardakı insanların yardımına çatmışdır. İstər əski, istərsə də yeni tariximizdə bunun örnəkləri istənilən qədərdir. Bunlardan ən yaxın tariximizə aid örnək kimi Ermənistan adlı ölkənin ərazisində 1988-ci ildə baş verən zəlzələ zamanı qonşuların düşmən münasibətinə baxmayaraq Azərbaycandan dəstə-dəstə insanların onların yardımına getməsini göstərmək olar. Həmin dönəmdə ermənilər Azərbaycan türklərini öldürür, yurdlarından sürgün edirdisə də Azərbaycan xalqı elə bir ağır gündə bütün bunları unudaraq düşmənə yardım etməkdən özünü saxlaya bilməmişdi. Bu isə əsl türk xarakteri, əsl türk mərdliyinin bariz örnəyidir. Hazırda Yaponiyada baş verən insanlıq dramı da türk xalqlarının hərəkətə keçməsini zəruri etmiş və sevindirici haldır ki, bir sıra türk dövlətləri artıq təbii fəlakətlə üz-üzə qalan yaponlara yardım üçün səfərbər edilmişdir. Ancaq elə düşünürük ki, ayrı-ayrılıqda nisbətən zəif yardım etməkdənsə türk dövlət və topluluqları Yaponiyaya birlikdə yardım edərsə məqsədəuyğun olardı. Buna görə də “Türk gücü” adı altında vahid yardım qurumu təşkil edərək yalnız Yaponiyada deyil, bundan sonra dünyanın istənilən yerində baş verə biləcək təbii fəlakətlər zamanı birgə hərəkət üçün daimi qüvvə formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, dünya hələ də Türkün nizamına və dəstəyinə möhtacdır və belə bir çevik gücün formalaşdırılması bütün dünya insanları üçün gərəklidir. Ən azından yeddi bağımsız türk dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmənistanın birlikdə təşkil edəcəyi “Türk gücü” dünya insanlarının rahat yaşaması, həm də türk ədalətinin yenidən bərqərar olması üçün ciddi addım olardı”.

Azər Həsrət çağırışın sonunda qeyd edib ki, Yaponiyanın qurtuluşu bəşəriyyətin qurtuluşudur: “Biz Yaponiyanın qurtuluşunun bəşəriyyətin qurtuluşu olduğunu unutmamalıyıq. Əgər bu gün dünya bir bəladan qurtulmalıdırsa, o qurtuluşu dünya türkləri gerçəkləşdirməlidir. Ona görə də zaman itirmədən birlikdə hərəkət etmək vacibdir. “Türk gücü” ilk addımını atmaqla dünya insanlarına güvən duyğusunu aşılamaqda gec qalmamalıdır”.

Oxunma sayı: 4293