O şərəfsizi tapın! Və cəzalandırın!

Azər Həsrət

Azər Həsrət (azer@azerhasret.com)

Oxudum, tüklərim biz-biz oldu! Belə şeyin mümkün olacağını təsəvvür belə edə bilməzdim! Ancaq olmuş! Həm də Azərbaycanda, həm də bir şəhidə qarşı!

“Yeni Müsavat” qəzetində oxudum ki, bugünlərdə ön cəbhədə şəhid olmuş Elnur Məmmədov adlı şərəfli vətən övladını dəfn etmək üçün onun anasına bir məzarlıq yeri bir şərəfsiz məmur 200 manata satıb! Bu nədir?! Bu nə şərəfsizlikdir?! Vətən uğrunda can qoyan bir şəhidə bir məzarlıq torpağı pulla satan şərəfsiz kimdir axı?! İnsanlıq bu qədərmi ucuzlaşdı?! Şərəf deyilən, əxlaq deyilən, namus deyilən dəyərlər bu qədərmi ucuzlaşdı?!

Demək ki, ucuzlaşmış! Ucuzlaşmasa bir şərəfsiz məmur bir şəhidin qaçqın anasına oğlu üçün məzar yerini pulla satmazdı! O şərəfsiz tapılmalıdır! Cəzalandırılmalıdır! Onu tanıyan hər kəs gördüyündə üzünə tüpürməlidir! Və dövlət də ardından bir qanun çıxarıb ümumiyyətlə məzar yerlərinin pulla satılmasına yasaq gətirməlidir! Təkcə şəhidlər üçün deyil, ümumiyyətlə hər kəs üçün! İki metrlik məzar yeri hər kəsin haqqıdır!

Daha bir tükürpədici yazını “Xural” qəzetində oxumuşdum. Əvəz Zeynallının yazısı idi. Həmkarım yazırdı ki, bir oliqarx-məmurun gədəsi (məhz gədəsi, oğlu deməyə adamın dili gəlmir!) qul bazarından bir parça çörəyə möhtac bir gənci götürüb evində düzənlədiyi bir məclisə aparıb. Orada bu gəncin boynuna ip salıb onu yerdə dördayaqlı yeridərək hürdürüb! Və bu yolla həm özü kimi gədə-güdədən ibarət olan qonaqlarını, həm də özünü əyləndirib!

Bu şərəfsiz gədə də tapılmalıdır! Tapılıb cəzalandırılmalıdır! Həm də onun bütün sülaləsi cəzalandırılmalıdır! Çünki bu şərəfsizin aid olduğu sülalənin hamısı bu cür şərəfsiz olmasaydı onun kimi gədə-güdə bir parça çörəyə möhtac olanlarla bu cür davranmazdı!

Ümumiyyətlə, məmurların hamısının oğul-uşağının əl-ayağı yığışdırılmalıdır! Onların əlindən küçələrə belə çıxmaq olmur! Haram yolla topladıqları pulların hesabına elə bilirlər ki, bütün millət onların əlaltısıdır! Bu şərəfsizlərdən millət təmizlənməlidir!

Və bir gün vətəndaş ayağa qalxıb özü bu şərəfsizləri cəzalandıranda ortalıq qarışacaq. Ona görə də dövlətin bir an öncə hərəkətə keçməsi, bu iki halın ikisini də dövlətə yaraşan bir şəkildə araşdırması, gərəkli cəzanı verməsi lazımdır! Həm də ən qısa sürə içində!

Oxunma sayı: 5923
Share

2 Comments to "O şərəfsizi tapın! Və cəzalandırın!"

  1. Elvin Cavadzadə's Gravatar Elvin Cavadzadə
    28 March 2011 - 1:09 - 01:09 | Permalink

    Allah razi olsun,her iki mesele ureyimi agridirdi, ustune gedilmelidir bu meselelerin!