Ölkədə partizan dəstəsinin yaradıldığı elan olundu

"Məşədi Vasif"

“Qaplanlar” adlı təşkilat Ermənistanı hədələyir, ekspertlər isə belə bir təşkilatın olmasına inanmır

Azərbaycanda “Qaplanlar” partizan dəstəsinin yaradıldığı barədə xəbər yayılıb. Bu barədə www.qaplanlar.com saytına istinadən tia.az saytı xəbər verib. Bildirilir ki, “Qaplanlar” Qarabağın bir nömrəli problem olduğunu əsas gətirərək ermənilərlə müharibənin zamanının çatdığını bəyan edib və bunun üçün partizan müharibəsinə başlayacaqlarını bildiriblər.

Bundan sonra meydanlarda təşəbbüsü ələ alacaqlarını, artıq onların zamanının çatdığını da bəyan edən “Qaplanlar” bütün məsuliyyəti üzərinə götürərək ölkənin müdafiəsi üçün ən sərt addımları atacaqları haqda xəbərdarlıq ediblər. Bildirilib ki, hədəf Ermənistan və Qarabağdakı işğalçılardır.

Saytın və təşkilatın yaradıcıları ilə bağlı hələ konkret məlumat verilmir. Yalnız “Qaplanlar” dəstəsinin komandanı kimi təqdim olunan Məşədi Vasifin xalqa müraciəti yerləşdirilib. Müraciətdə deyilir: “Zaman-zaman Azərbaycanı bölüb parçalamağa çalışan və buna nail olan işğalçı qüvvələr də oldu. Səbr etdik! Amma daha bu dəhşətlərə dözə bilmərik! Artıq Azərbaycan son min ilin ən böyük haqsızlığı ilə üz-üzədir. Daha bu haqsızlığa laqeyd qala bilmərik. Odur ki, əlimizə silah alıb qarı düşmənlə vuruşmaq qərarına gəlmişik. Ey xalqım! Bu, mənim sizlərlə ilk canlı ünsiyyətimdir. Bundan sonra sizlərlə tez-tez görüşəcəyik. Mən və mənimlə birgə olan qardaşlarımız Ermənistana qarşı partizan mübarizəsinə başlamağa qərar vermişik. Bu, bizim müstəqil qərarımızdır. Bizim içimizdə keçmiş hərbçilər, Qarabağ müharibəsi veteranları, keçmiş məhbuslar və digərləri də var. Bizi birləşdirən bir dəyər var – o da Azərbaycandır… Əgər bizə qoşulmaq, bu vətənin işğaldan azad olunması uğrunda partizan mübarizəsində iştirak etmək istəsəniz, bizə müraciət edin”.

Qaplanlar.com saytında Xankəndi aeroportu ilə bağlı xəbərdarlıq da var: “Alçaq Ermənistan rejimi Xankəndində özü üçün aeroport açmaq istəyir. Partizan dəstələrimizin ötürdüyü məlumata görə, aeroportun tikintisinə Valeri Adbaşyan adlı bir dığa rəhbərlik edir. ”Qaplanlar” partizan təşkilatı olaraq bu aeroportun “açılışına” adımıza uyğun hazırlaşırıq. İndidən hansısa taktiki məqamlar barədə məlumat verib düşmən kəşfiyyatını ayıq salmaq istəmirik, amma qısaca bildirək ki, Xankəndində aeroportun açılışı qansız ötüşməyəcək. Çünki biz artıq düyməyə basmışıq, kəşfiyyat qrupumuz düşmən tərəfə keçə bilib. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqı biz “Qaplanları” tanısın. Görsün ki, “Qaplanlar” düşmənə necə qan uddurur. Xankəndində görüşərik!”

Qeyd edək ki, torpaqlarımızın azad olunması işində partizan dəstələrinin yaradılması zərurətindən çox danışılıb. Bu istiqamətdə ara-sıra təşəbbüslər də olub. Ancaq keçmiş döyüşçülər hesab edir ki, dövlətin dəstəyi olmadan belə təşəbbüslərin fayda verəcəyi inandırıcı deyil. İşğalçıya qarşı hər hansı addım atmazdan qabaq bu barədə anons verilməsi, xəbərdarlıq edilməsi də ciddi hesab olunmur.

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət deyir ki, bu məlumatı birmənalı qarşılamaq olmaz: “Adıçəkilən sayt adı və bəyan etdiyi amalla diqqəti çəkməyə bilməzdi. Saytın özündə məlumat verilməsə də kiçik araşdırmadan sonra bəlli oldu ki, sayt Hollandiyada yaşayan Elman Mustafazadənin adına qeydiyyatdan keçirilib. [Həmin şəxsin adına qeydiyyatdan keçən başqa bir] saytda müxalifətdən olan bəzi şəxslər haqda əxlaqsız videogörüntülər yerləşdirilib. Yəni o görüntülərin yerləşdiyi saytla qaplanlar.com saytının sahibi eyni adamdır. Ən azı bu saytları idarə edən eyni şəxsdir. İstər-istəməz sual yarandı: necə olur Azərbaycanın bütövlüyü kimi ülvi məqsəd elan edən adamlar eyni zamanda o cür əxlaqsız təbliğatın iştirakçısı olur? Yəni Lider TV-nin yaydığı əxlaqsız videokadrları ictimaiyyətə də ilk dəfə əslində o adamlar təqdim edibmiş”.

A.Həsrət dedi ki, bununla bağlı daha bir məlumat alıb: “Dostlardan biri zəng edib dedi ki, bunlar qarşılarına ülvi məqsədlər qoyduqlarını bəyan edib. Ancaq bəs necə olur ki, onlar saytda PKK-nın dağa çıxmış, sarıqlı-çarıqlı, öz təbirlərincə desək, döyüşçülərinin şəkillərini qoyurlar? Orada doğrudan da PKK-çı şəkilləri yerləşdirilib. Bu, kimlərinsə ortaya atdığı və ictimai rəyi çaşdırmaq məqsədi güdən məsələdir. Əxlaqsızlıqları yayan adamların bu cür ülvi amallara xidmət etməsi təbii ki, bir araya sığmır. Məncə, ortada elə ciddi məsələ yoxdur və ictimaiyyət bu partizan dəstəsi söhbətini ciddiyə almamalıdır”.

Məsələ ilə bağlı Məşədi Vasifin və E.Mustafazadənin də mövqeyini dərc etməyə hazırıq.

Cavid TURAN

Qaynaq: Yeni Müsavat

Oxunma sayı: 4767
Share