Şimali Kiprlə Azərbaycanın birbaşa turizm əlaqələri…

Azər Həsrət

Birbaşa aviareysin açılması əlaqələrin inkişafına xidmət edəcək

Yunus Oğuz: “Addımı yalnız alqışlamaq olar”
Azər Həsrət: “Hər iki tərəf bunun faydasını görəcək”

Bu mövsümdən etibarən azərbaycanlı turistlər birbaşa Şimali Kipr Türk Cümhuriyyətinə gedərək, burada istirahət edə biləcək. Belə ki, iyunun 21-dən bu ölkəyə turizm məqsədilə birbaşa uçuşlar həyata keçiriləcək. Aviareyslər iyun ayından başlayaraq həftədə iki dəfə “Airbus-319” təyyarəsilə baş tutacaq. Ümumilikdə, Bakıdan çıxandan 3,5 saat sonra təyyarə Şimali Kiprin paytaxtı Lefkoşa şəhərinin Ərcan hava limanına çatacaq. Yəni uçuş, faktiki olaraq, birbaşa həyata keçirilir.

Qeyd edək ki, “Misir və Tunisdəki siyasi proseslər səbəbindən bütün dünya, əsasən Antalyaya yollanır. Qonşu Türkiyədə də qiymətlərin çox baha olacağı açıqlanıb. Şimali Kiprin turistlər üçün nəzərdə tutulan qiymətləri isə Türkiyəyə nisbətən daha münasibdir. Təşkilatçıların sözlərinə görə, Şimali Kiprdə istirahətin qiyməti üç ulduzlu otellər üçün 600 manat, beş ulduzlu otellər üçün 900-1000 manat arasında dəyişir. Hələlik Şimali Kiprə turist səfərlərini iki yerli şirkət – “Millenium Turizm” və “NTravel” şirkətləri təşkil edəcək. “Millenium Turizm”in təmsilçisi Vüqar Əliyev deyir ki, Şimali Kipr həm xidmət səviyyəsinə, həm də qiymətlərə görə Türkiyənin Antalya, Bodrum, Marmaris kimi kurortları ilə rəqabət aparmağa qadirdir.

Şimali Kiprin Turizm Nazirliyinin nümayəndəsi Şahap Aşiqoğlunun sözlərinə görə, azərbaycanlı turistləri qəbul etmək üçün ölkədə ideal şərait var: “Otellər, təbiət, mətbəx və ən əsası qənaətli qiymətlər. İnanırıq ki, azərbaycanlı turistlər bunu qiymətləndirəcək”.

Bundan başqa, Şimali Kipr hökuməti ölkəyə turistləri cəlb etmək məqsədilə turizm şirkətlərinə əlavə güzəştlər verir. Yəni ölkəyə gələrək 7 gün qalan hər turistə görə hökumət turizm şirkətinə 65 avro ödəyir. Bu isə turist paketinin qiymətindən çıxılır və istirahət qiymətini aşağı salır. Qeyd edək ki, Şimali Kiprə ilk uçuş zamanı turpaketlər güzəştli qiymətlərlə təqdim olunacaq və cəmi 400 manat təşkil edəcək. Müqayisə üçün bildirək ki, iyun ayına Antalyaya eyni şəraitli turpaketin qiyməti təxminən 600 manat təşkil edir.

Heç şübhəsiz, Şimali Kiprin turizm bazarının azərbaycanlıların üzünə birbaşa açılması hər iki tərəf arasında əlaqələrin daha da genişlənməsinə gətirib çıxarar.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun sözlərinə əsasən, tərəflər arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edən bu addımı yalnız alqışlamaq olar: “Nəzərə almaq lazımdır ki, Xocalı faciəsindən öncə eyni faciəni onlar da yaşayıb. Uzun illər Avropa Birliyi və dünya dövlətləri Şimali Kipri dövlət kimi rəsmən tanımayıb. Amma indi dünyanın bir çox ölkələrindən, o cümlədən ABŞ-dan, Almaniyadan birbaşa turistlər gəlir. Bu ölkələrin sırasına Azərbaycanın da qoşulması çox yaxşı qarşılanmalıdır. Hər halda, Kipr türklərinin tanınması yolunda müsbət addımdır. Çünki Kıbrıs türkləri birləşməyə razılıq versə də, yunan tərəfi buna “yox” demişdi. Təbii ki, Qarabağ problemi olmasaydı, biz Şimali Kiprin cümhuriyyət kimi tanınması problemini çoxdan həll etmişdik. Hazırda münaqişə həllini tapmadığına görə, dövlət səviyyəsində bu məsələləri həll edə bilmirik. Beynəlxalq turizm təşkilatlarına Şimali Kipr də daxildir. Əlbəttə ki, bu mənada Azərbaycandan Kıbrısa, oradan da qarşı tərəfə birbaşa təyyarə reyslərinin həyata keçirilməsini müsbət qarşılamaq lazımdır. Hər iki tərəf arasında münasibətlərin normallaşması, insanların qaynayıb-qarışması mühüm addımdır. Əsas odur ki, vətəndaş cəmiyyətində insanların yaxınlaşması prosesi gedir və onlar özlərini, keçmişlərini tanıdıqca əslində baş verənlərin nədən ibarət olduğunu anlayır. Ona görə də, birbaşa əlaqələrin qurulmasını ancaq alqışlamaq olar”.

Y.Oğuz deyir ki, turizm bazarının soydaşlarımızın üzünə birbaşa açılması nəticəsində hər iki tərəf bir-birinə qarşı dəstək hiss edəcək: “Təhsil sahəsində bu cür dəstək var. Orada xeyli sayda azərbaycanlı təhsil alır. Hazırda isə turizmin inkişafı mərhələsinə qədəm qoyulub. Dünyada elə məsələlər var ki, turizm vasitəsilə həll olunur. Millətin, xalqın nəyə qadir olduğunu göstərmək üçün turizmdən geniş istifadə edilir. Hesab edirəm ki, turizm insanları bir-birinə daha yaxın edəcək. Digər məsələ isə turizm faktoru əsasında insanımızın, toplumumuzun öyrənilməsi prosesidir. Ola bilsin, turizmdən sonra iqtisadi rıçaqlar ortaya çıxsın. Artıq Şimali Kipr iqtisadi və turizm baxımından inkişaf edib. Son zamanlar beş ulduzlu otellərin tikilməsi işi sürətlə həyata keçirilir”.

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət fikrinə “Azərbaycan tərəfinin belə bir addım atması təqdir olunandır” sözlərilə başladı: “Çünki Şimali Kipr bizim üçün çox önəmli dövlətdir. Baxmayaraq ki, öz ərazisinə görə ən kiçik türk dövlətidir, amma bizim üçün çox önəmli xarakter daşıyır. Birincisi, ölkələrimiz arasında əlaqələrin daha da intensivləşməsi baxımından təyyarə uçuşlarının olması əlverişlidir. Çünki Azərbaycandan Quzey Kıbrısa, oradan isə əks tərəfə səfər etmək istəyənlər Türkiyə üzərindən uçmalı olurdu. Ona görə də, birbaşa aviareyslərin açılması çox önəmlidir. Həmçinin, onlar Yunanıstan, Avropa Birliyi tərəfindən basqı altında yaşayır. Əlbəttə, Azərbaycanın belə bir addım atmasından sonra daha da ruhlanacaq və ölkəmizin diqqətində olduqlarını anlayacaqlar. Qeyd edim ki, Azərbaycan xalqı həmişə Quzey Kıbrısa öz diqqətini göstərib. Amma birbaşa reysin açılması ilə onlar anlayacaq ki, biz kıbrıslıları qardaş və həmmillət sanırıq. Bu zaman onlar da daha yaxın əlaqələrin qurulmasında əllərindən gələni edəcək. Belə təşəbbüsü irəli sürənlərə də təşəkkür etmək istərdim”.

A.Həsrət düşünür ki, birbaşa aviareysin açılmasının hər iki tərəfə faydası olacaq: “Bəllidir ki, bu il Azərbaycanda turizm ili elan olunub. Əlbəttə ki, bu baxımdan çox faydası olacaq. Bununla yanaşı, Quzey Kıbrısdakı universitetlər Avropa standartlarına cavab verən təhsil verir. Orada kifayət qədər azərbaycanlı təhsil alır, həmçinin, burada onların vətəndaşları ali məktəblərimizin tələbələridir. . Digər tərəfdən, biz Quzey Kıbrısdakı iş adamlarını ölkəmizə cəlb edə bilərik. Bu gün Azərbaycan investisiyalara açıq bir ölkədir. Eyni addımı bizim iş adamlarımız da ata bilər. Yəni birbaşa aviareysin açılmasının faydasının bu tərəfləri də mövcuddur. Təbii ki, bütün bunlar türk dövlətlərinin iqtisadiyyatına çox müsbət təsir göstərəcək”.

Zaur ZAHİDOĞLU

Qaynaq: Bakı Xəbər qəzeti, 29 aprel 2011

Oxunma sayı: 10495
Share

1 Comment to "Şimali Kiprlə Azərbaycanın birbaşa turizm əlaqələri…"

  1. 1 May 2011 - 14:19 - 14:19 | Permalink

    Çok güzel bir yazı olmuş. Tebrikler.