Azərbaycana qarşı düşmənin açdığı ikinci böyük savaş cəbhəsi…

Bakı Xəbər qəzeti

Tariximiz, siyasətimiz, mənəviyyatımız – Azərbaycançılıq ideologiyasına aid hər şey saxtalaşdırılır
Dövlət köməyinə ehtiyac duyulan təkliflər var
Azər Həsrət: “Həm vətəndaşın, həm də dövlətin üzərinə böyük iş düşür”
İradə Ələkbərova: “Ermənilərin bu “iş”inə dəstək verən qruplar var”

“Vikipediya” saytı – hamının redaktə edə biləcəyi açıq onlayn, azad ensiklopediya hesab edilir. Bu şəbəkəyə daxil olarkən belə bir yazıya rast gəlirsən: “Hamının redaktə edə biləcəyi açıq ensiklopediya olan Vikipediyaya xoş gəlmisiniz”. Amma hamıya xoş gəldin deyən virtual ensiklopediyada və məkanda öz çirkin niyyətinlərini həyata keçirənlər də az deyil.

Belə niyyətlərin nəticəsi olaraq Vikipediyada Azərbaycanla əlaqədar qərəzli, yalan dolu, saxta materiallar yerləşdirilir. Ölkəmizə qarşı ikinci müharibə cəbhəsi kimi səciyyələndirilən bu addımda mənfur ermənilərin əlinin olduğu istisna edilmir. Məlumatlarda nəinki Azərbaycanın bugünkü tarixi, o cümlədən keçmişi də saxtalaşdırılır. Ölkəmizlə bağlı həqiqətlərin dünyaya yayılması baxımından bu sahəyə dövlət səviyyəsində yardımlar olunmasına ehtiyac var. Lakin bu təkcə dövlətlə məhdudlaşan məsələ deyil. Bu işdə vətəndaş təşəbbüsü də olmalıdır. Azərbaycana qarşı təxribat aparılmasının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı addımlar sürətləndirilməlidir. Eyni zamanda, müvafiq qurumlar Azərbaycanla bağlı reallığa uyğun gəlməyən materialların yerləşdirilməsi prosesini izləməlidir. Saytda yer alan materialların yalan olmasını kütləvi informasiya vasitələri, müxtəlif səfirliklər səviyyəsində dünyaya çatdırmalıyıq. Azərbaycanın tarixi torpaqları olan, Ermənistan Respublikası adlanan ərazilərdə və Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdikləri Azərbaycan bölgələrində ölkəmizə məxsus torpaqlarda çirkin oyunlar həyata keçirən, vandalizm törədən ermənilər beynəlxalq aləmi yalan məlumatla çaşdırmaq istəyir. Bu gün Ermənistanda azərbaycanlılara məxsus bütün dini abidələr məhv edilib. Təkcə bu fakt ermənilərin iç üzünün açılması üçün kifayətdir. Təəssüf ki, ermənilər və onların başabəla alimləri Azərbaycana qarşı belə cəfəng iddiaları əks etdirən və saytda yerləşdirilən materialları bir çox ensiklopediyada yerləşdirməyə müvəffəq olur.

Təsadüfi deyil ki, əvvəllər bir sıra deputatlar tərəfindən ermənilərin azərbaycanlılara qarşı apardığı çirkin siyasətin daim izlənməsi, onun qarşısının alınması ilə bağlı dövlət orqanlarından birinin tərkibində ayrıca qurumun yaradılması təklif edilib. Xüsusilə ermənilərin Azərbaycanın xristianlıq dövrünə aid olan abidələrə və Azərbaycan tarixinin bir parçası olan Albaniya tarixinə qarşı artan iddialarının və çirkin təbliğatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır. Biz ermənilərin Azərbaycan tarixini saxtalaşdıraraq dünya ictimaiyyətinə təqdim etməsinə imkan verməməliyik. Həmçinin, qeyri-hökumət təşkilatları vasitəsilə bu sahə ilə bağlı uzunmüddətli layihələr həyata keçirmək mümkündür.

Vikipediyanın Azərbaycandakı administratoru, Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova deyir ki, ən azından, administratorların və fəal istifadəçilərin nəzarəti imkan vermir ki, hər kəs istədiyi məlumatı maneəsiz bu şəbəkəyə yerləşdirsin. Onun sözlərinə görə, ermənilər belə saytlarda fəallıqları ilə seçilir: “Birincisi, ermənilər belə “iş”ləri həyata keçirmək üçün maliyyələşir. Vikipediya özü azad ensiklopediyadır. Bu məkana istənilən kəs girib məqalə verir, materiallar yerləşdirir. Bizdə isə yalnız vətənpərvərlik hissi olan şəxs girib həmin məlumatlara düzəliş edir, yaxud adekvat cavab verir. Amma ermənilər xüsusi dövlət orqanları tərəfindən maliyyələşərək fəaliyyət göstərir. Yəni Vikipediya onların iş yeridir. İşləri də öz mədəniyyətlərini, olmayan tarixlərini, eləcə də Azərbaycanla bağlı qərəzli məlumatlar yaymaqdan ibarətdir. Digər tərəfdən, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənənəsini məhv etməklə məşğul olurlar. Azərbaycan dəyərlərini aşağı salmaq işini aparırlar. Məsələn, yazılır ki, Nizami Azərbaycan şairi deyil. Özü də bu tip məlumatları yazanlar təcrübəli jurnalistlər, ekspertlər olur. Onların bu “iş”inə cavab olaraq bizim tələbələr müəyyən materiallar yerləşdirir. Onların arxasında xüsusi qrup var və onlar da özlərinə haqq qazandırmaq məqsədilə müxtəlif mənbələr göstərirlər. Yəni olmayan bir şeyi sübut edirlər. Əslində kompüter qarşısında tarixçimiz, ədəbiyyatçımız oturmalıdır. Adi tələbə isə ermənilərin uydurduğu materiallara tab gətirə bilmir. Burada informasiya müharibəsi gedir və tələbə tab gətirmədiyinə görə əli virtual məkandan üzülür. Sonda erməninin yalan dolu versiyası Vikipediyada qalır. Bizdə bu işə nəzarət könüllü surətdə aparılır. Düşünürəm ki, məsələdə yalnız könüllülük olmamalıdır, buna iş kimi baxılmalıdır. Necə ki, Vikipediyada məşğul olmaq ermənilərin işidir. İndi gərək biz tərəfdə də gənclərimiz bu işə fəal qoşulsun”.

İradə Ələkbərova deyir ki, 273 dildə olan Vikipediya hələ istənilən səviyyədə inkişaf etmədiyindən bu şəbəkəyə tam inanmaq olmaz. Mütəxəssisə görə, məlumatlara baxarkən ilk növbədə onların hansı etibarlı mənbəyə istinadən yerləşdirildiyinə diqqət yetirmək lazımdır. Mənbələr etibarlıdırsa və rəsmi məlumatlardırsa, ona inanmaq olar. Mənbə yoxdursa və kiminsə bloqundan məlumatlara istinad edilibsə, onda həmin məlumat inandırıcı deyil: “Kimsə düzgün informasiya qoymursa, yalan məlumat yerləşdirməklə məşğuldursa, o zaman ona adminstratorlar xəbərdarlıq edir və həmin şəxsin şəbəkəyə girişinə qadağa qoyulur. Bu halda o, öz kompüterindən redaktə işi apara bilmir, yalnız məlumatlara baxa bilir. Vikipediyada azərbaycanlılar o qədər də fəal deyil. Azərbaycan həqiqətləri çox kobud şəkildə təhrif olunanda virtual şəbəkənin əsas administratoruna müraciət edib həmin məlumatların şəbəkədən çıxarılmasını tələb edirik.

Vikipediyanın Azərbaycan bölməsində təhriflərin, yalan informasiyanın qarşısını almaq müəyyən qədər mümkün olsa da, İ.Ələkbərova bildirir ki, ingilis və rus dilli Vikipediyadakı yazılara qarşı mübarizə aparmaq xeyli çətindir: “Dünyanın müxtəlif yerlərində heç erməni olmayan savadlı tarixçilər, politoloqlar var, onlara yaxşı pul verilir və 24 saat kompüterin qarşısında otururlar, Azərbaycanla, Qarabağla bağlı məlumatlara nəzarət edirlər. Qoymurlar ki, azərbaycanlılar nə isə əlavə və düzəlişlər etsin. Azərbaycanlılar bir şey əlavə edəndə Vikipediyada informasiya müharibəsi başlayır”.

Azərbaycan dilində olan məqalələrin sayının 58 min olduğunu vurğulayan müsahibimiz digər məqamlara da toxundu: “Ermənilər Vikipediyada Azərbaycanın Laçın rayonunun nəzarət altında olduğunu yazmışdı, biz isə işğal olunması ilə bağlı məlumat yerləşdirdik. Həmçinin, ermənilərin soydaşlarımıza qarşı törətdiyi əməllərin soyqırım olduğunu dəlillərlə sübuta yetirdik. Belə olan halda, Azərbaycan tərəfi mənbə kimi BMT-nin qətnamələrini Vikipediyaya yerləşdirməklə qarşı tərəfin məlumatını şəbəkədən çıxarmağa nail olub. Ermənilərin çirkin niyyətlərinin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu işə, gənclərdən əlavə, yaşlı, daha təcrübəli alimlər də cəlb olunmalıdır. Dövlət tərəfindən də bu işə dəstək olmalıdır. Yəni təhsil ocaqlarında bu barədə dərs salınmalıdır, treninqlər keçirilməlidir. İnsanlar bu haqda məlumata sahib olmalıdır, çünki çoxları bundan xəbərsizdir”.

Ekspert, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət düşünür ki, belə halların aradan qaldırılması üçün, vətəndaşdan başqa, dövlətin də görməli olduğu işlər var: “İstər ayrı-ayrı vətəndaşların, istərsə də qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, medianın bu işdə fəal olması önəmlidir. Yəni hamımız əl-ələ verib yalan məlumatların internetdə yayılmasının qarşısını almalıyıq. Çünki ermənilər tərəfindən qərəzli informasiyalar nəinki Vikipediyada, eləcə də onların açdığı yeni internet səhifələrində yer alır. Məsələn, Azərbaycan dilində yeni səhifələr açılır. İlk baxışdan elə düşünürsən ki, həmin səhifələr yaxşı məqsədə xidmət edir. Amma sonradan məlumatların yanlış olduğunu görürsən. Bu isə düşmənin oyaq olduğunu göstərir. Onların qarşısını almaq üçün informasiya-kommunikasiya sahəsində olan mütəxəssislərimiz daim belə məlumatların axtarışı ilə məşğul olmalıdır. Düzdür, ilk baxışdan bu o qədər də asan iş kimi görünmür, amma çətin olduğunu da deyə bilmərik. Məsələdə həm dövlətin, həm də vətəndaşların üzərinə iş düşür”.

“Çağdaş informasiya-kommunikasiya texnologiyaları çox geniş, faktiki olaraq nəzarətdən kənar məkandır. Bura kim hansı materialı istəsə yerləşdirə bilər, məlumatları öz mənafelərinə uyğun şəkildə paylaşa bilər. Əslində o baxımdan məsələyə nəzarət imkanları da yoxdur. Amma bu o demək deyil ki, hər kəs istədiyini yaya bilər. Ona görə də, bu cür məlumatları izləyənlər və həmin saxta bilgiləri aradan qaldıranlar olmalıdır. Əlbəttə ki, Azərbaycanda bu işlərin görülməsi baxımından müəyyən çatışmazlıqlar mövcuddur. Nəzərə almaq lazımdır ki, informasiya texnologiyaları bizə Qərbə nisbətən gec gəlib. Əhalimizin böyük əksəriyyəti hələ də informasiya texnologiyalarından lazımı səviyyədə istifadə edə bilmir. Yaxud da heç istifadə edə bilmir. Məlumatların ingilis dilində olması istifadəçilər üçün problemlər yaradır. O baxımdan Azərbaycanla bağlı yalan, qərəzli məlumatlar yayılır”.

A.Həsrət onu da əlavə etdi ki, dövlətin bu sahədə gördüyü işlərin sayı artıb: “Çünki başa düşülür ki, informasiya müharibəsində uduzmaq olmaz. Bu savaşı mütləq udmalıyıq. Məsələn, QHT-lərə ayrılan maliyyənin tərkibində yeni internet resurslarının qurulması üçün bir bənd var. Yeni saytlar qurulur, həmin saytlarda Azərbaycanın problemlərilə bağlı informasiyalar ingilis və rus dillərində işıqlandırılır. Belə addımlar atılır, ancaq düşünürəm ki, məsələyə kompleks yanaşmaq önəmlidir. Dövlət bu sahənin bilicilərini bir araya gətirməlidir. Çünki həmin şəxslər Azərbaycan üçün çox işlər görə bilər”.

Zaur ZAHİDOĞLU

Yazı Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Qaynaq: Bakı Xəbər

Oxunma sayı: 5005
Share