Yeni Orta Doğu xəritəsində Türkiyə və Azərbaycan

Azər Həsrət

Azər Həsrət, azer@azerhasret.com

ABŞ ordusunun hazırda 59 yaşını tamamlamış istefada olan zabiti Ralf Piters (Ralph Peters) 2006-cı ilin iyun ayında “Silahlı Qüvvələr Jurnalı”nda (Armed Forces Journal) “Qan sərhədləri: daha yaxşı Orta Doğu necə görünərdi” (Blood borders: How a better Middle East would look) başlıqlı bir məqalə yayınlamışdı. Məqalədə Türkiyədən başlamış Pakistana qədər, o cümlədən Güney Qafqazda Azərbaycanla Ermənistanın yeni sərhədlərini cızan müəllif, demək olar ki, bölgəni tam olaraq alt-üst etməklə “tarixi ədaləti” bərpa etdiyinə inandığını bariz şəkildə iddia etməkdədir. İlk zamanlar bunun bir fərdi təşəbbüs olduğu iddia edilsə də sonrakı illərdə NATO-nun İtaliyada təşkil etdiyi rəsmi seminarlardan birində həmin xəritənin tədris proqramına daxil edilməsi və Türkiyəli zabitlərin buna etiraz bildirməsi yeni sərhədlərin heç də bir fərdin iddiası olmadığını ortaya qoymuşdu. Düzdür, Türkiyə zabitlərinin etirazı Türkiyə dövləti tərəfindən də dərhal diqqətə alınmış, NATO-ya nota verilmiş, həmin xəritələr və onlarla bağlı dərslər ləğv edilmişdi. Ancaq fakt faktlığında qalır ki, dünyada, xüsusən də Orta Doğuda “yenidənqurma” prosesləri gedir və bu proseslərin əsas oyunçusu NATO və ABŞ-dır. Demək ki, ABŞ ordusunun ehtiyatda olan zabitinin yazısı hələ beş il öncə nələrdənsə xəbər vermək üçünmüş.

“Özərk Kürdüstan”

Bu ilin yayında Türkiyədə keçirilən parlament seçkilərində təbii olaraq çox az sayda deputat yeri qazanan kürd əsilli vətəndaşların iddialarının bir anda daha da sərtləşməsi müşahidə edilməkdədir. Cəmi 35 nəfər olan bu dəstə (Türkiyə Böyük Millət Məclisinin 550 üzvü var) ən qatı PKK terrorçularının belə əfv edilərək parlamentdə yer tutmasını bir tələb kimi irəli sürür. Təbii ki, Türkiyə dövləti bu tələbi vecinə belə almır və sonucda həmin 35 nəfərin bir qismi Diyarbakırda toplaşaraq “demokratik özərklik” elan edir. Həm də PKK terrorçularının 13 türk əsgərini şəhid etdiyi bir gündə. Bu azmış kimi, bir müddət sonra Türkiyənin 43 vilayətində bu “demokratik özərklikçilər” seçki keçirərək “kürd məclisi”nə nümayəndələr (deputatlar) seçirlər. Və bütün bunlar Türkiyə dövlətinin təəccüb doğuran sükutu ilə müşayiət edilir…

Ralf Pitersin “Azad Kürdüstan”ı

Yenidən sözü gedən xəritəyə qayıdaq. Burada “Azad Kürdüstan” adlanan bağımsız bir “dövlətə” geniş yer verilib. Elə xəritənin tam ortasında, daha ciddi bir şəkildə diqqət çəkən yerdə bu “dövlət” qərar tutur. Ralf Piters “tarixi ədaləti” bərpa etmək üçün, tarixin heç bir dönəmində özünün dövləti olmayan, günümüzdə belə cahilliyi ilə ad çıxaran bir topluma hardasa dörd yüz min kvadrat kilometrlik ərazisi olan bir dövlət sərhədi cızır və iddia edir ki, bununla da dünya bu “əzilmiş” xalqa haqqını vermiş olacaq.

Bəlkə də kürdlərin sıx yaşadığı torpaqlarda onlara hansısa özərklik verilməsi müzakirə mövzusu ola bilərdi. Ancaq bu xəritəyə baxınca, qərbin bölgəmizdə yeni bir bədheybət süni dövlət yaratmaq istəməsi heç də diqqətdən qaçmır. Xəritənin təəccüblü tərəfləri ondan ibarətdir ki, dörd dövlətin torpaqları hesabına qurulacaq “Azad Kürdüstan” yalnız kürdlərin deyil, böyük çoxluqla türklərin yaşadığı əraziləri də özünə qatacaq. Türkiyə torpaqları içində ta Qara Dəniz sahillərinə qədər uzanmaqla dünya okeanına çıxış əldə edəcək “Kürdüstan” Ahıska türklərinin, Azərbaycan türklərinin qədim ata-baba yurdu olan Qars, Ardahan, Iğdır, Van, Erzurumu da içinə almağı planlaşdırır. Düzdür, adı çəkilən vilayətlərin bir hissəsi də daha bir “tarixi ədaləti” bərpa etmək üçün Ermənistana verilir. Xüsusən də ermənilərin “Ararat” adlandırdığı Ağrı dağını da içinə almaqla.

Daha bir təəccüblü məqam isə ondan ibarətdir ki, “Azad Kürdüstan” yenə də türklərin tarixi torpaqları olmaqla İraq sınırları içində yerləşən, türklüyü heç kimdə şübhə doğurmayan Kərkük də daxil olmaqla Türkmənelinin bütün ərazisini mənimsəyir. Eyni hal Suriya ərazisində türklərin sıx yaşadığı bölgələrə də aid edilir.

Bütün bunlardan daha təəccüblüsü isə Azərbaycanın qədim paytaxtlarından olan Təbriz şəhərini də içinə almaqla hazırda İranın işğalı altındakı Güney Azərbaycanın böyük bir hissəsinin də bu üzdəniraq “dövlətə” qatılması cizgiləridir…

Yəni bu adam hər tərəfində türklərin yaşadığı və tarixən də məskun olduğu, dünyanın tanıdığı dörd dövlətin torpaqları hesabına tarixdə heç bir zaman dövləti olmayan kürdlərə dövlət qurmaq istəyir. İndi gəl bu adamdan soruşma ki, kürdlər dövlət quran idisə, niyə minillər boyu bunu edə bilməyiblər?

Ralfın “Böyük Ermənistan”ı və “Bütöv Azərbaycan”ı

Yuxarıda da qeyd etdiyimiz kimi, xəritədə hazırkı Ermənistan dövlətinin əraziləri də genişləndirilir. Özü də Türkiyə torpaqları hesabına. Maraqlıdır ki, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları – Dağlıq Qarabağ və ətraf rayonları tam olaraq geri qaytarılır və anlaşılan, düşmən dövlət Azərbaycana qarşı torpaq iddialarından əl çəkir. Əvəzində isə Türkiyədən Ermənistanın ərazisi qədər bir ərazi qoparılır. Görünür, xəritəni cızanlar eyni zamanda iki türk dövləti ilə problem yaratmamaq üçün Azərbaycanın Ermənistan işğalındakı torpaqlarını geri qaytarır, həm də Güney Azərbaycanın bir hissəsini Azərbaycan Respublikasına birləşdirməklə bizi susdurmaq, yəni Türkiyənin bölünməsinə seyrçi qoymaq yolunu tuturlar. Halbuki bu adamlar anlamır ki, Təbriz olmadan Bütöv Azərbaycan mümkün deyil və Azərbaycan türkləri nəinki Ralfın xəritəsindəki kiçik ərazini, Azərbaycan torpaqlarının tamamını İranın əlindən almadıqca rahat ola bilməyəcəklər. Eyni zamanda, yenə də Azərbaycan türkləri Azərbaycan üçün olduğu qədər Türkiyə dövləti üçün də can qoymağa hazırdırlar və heç bir zaman onun ərazisində istər “Kürdüstan”, istərsə də “Ermənistan” qurulmasına izn verməzlər.

Parça-parça olan ərəb dövlətləri

Ralf Piters ərəb dövlətlərinin parçalanmasını İraqdan başlayır. Yuxarıda da qeyd etdiyimiz kimi İraqın bir hissəsi “Azad Kürdüstan”a verilir. Yerdə qalan hissənin taleyi də heç yaxşı olmur. Bağdad ayrıca şəhər-dövlət elan edilir. İraqın yerdə qalan torpaqlarının Quzeyində Sünni İraq Dövləti qurulur. Qalan torpaqlarda isə Ərəb Şiə Dövləti qurulur. Həm də Küveytin bir hissəsi bu dövlətə qatılmaqla. Üstəlik Səudiyyə Ərəbistanı və İranın Fars körfəzi boyunca yerləşən torpaqları da.

Suriya, yuxarıda da qeyd etdiyimiz kimi, torpaqlarının bir hissəsini “Azad Kürdüstan”a verməli olur. İordaniya isə Səudiyyə Ərəbistanının içərilərinə doğru irəliləməklə hazırkından üç dəfə artıq torpağa sahib olur. Səudiyyə Ərəbistanı hesabına torpaqlarını artıran daha bir dövlət isə Yəməndir. Onun da ərazisi iki dəfə artır. Birləşmiş Ərəb Əmirlikləri ilə Qətər dövləti kiçik dəyişikliklərə məruz qalsa da bu coğrafiyadakı Omana heç nə olmur. Ən böyük fəlakəti isə Səudiyyə Ərəbistanı yaşayır. Əlində qalan torpaqları da parçalanan bu ölkə daha iki yerə bölünür. Məkkə və Mədinə şəhərlərini də içinə alan yeni bir “Müqəddəs İslam Dövləti” qurulur. Yerdə qalan torpaqlar isə Səudiyyə Ana Torpağı – Bağımsız Ərazilər adlandırılır.

Maraqlıdır ki, xəritədə Livanın ərazisi də böyüdülür. İsrail 1967-ci il sərhədlərinə qayıtmaqla ərazi “itirsə” də Fələstinin taleyi haqqında heç nə deyilmir…

Farsdilli qurşağın sonrakı taleyi

Yuxarıda İranın bir hissəsinin kürdlərə, daha bir hissəsinin Azərbaycana, Fars körfəzi boyunca olan torpaqlarının da yeni qurulacaq “Ərəb Şiə Dövləti”nə veriləcəyini qeyd etmişdik. Ancaq bu heç də o demək deyil ki, İranın işi tamamdır. İran, Doğudakı torpaqlarının daha bir hissəsini itirməli olur. Burada da yeni bir dövlət qurulur. İran və Pakistan torpaqları hesabına qurulacaq dövlətin adı “Azad Bəlucistan” olacaqmış. Və İran bir tərəfdən bu “dövlət”ə torpaq verirkən, digər tərəfdən də Əfqanıstanın bir hissəsini öz torpaqlarına qatır. Əfqanıstan da bu itkinin yerini Pakistan torpaqları hesabına doldurur. Sonucda bu bölgədə itirən yalnız Pakistan olur və bugünkü torpaqlarının tən yarısı əlindən gedir. Eynən Türkiyə kimi! Elə əslində Orta Doğunun yenidən qurulması planlarının məqsədi də budur: iki əsas müsəlman ölkəsini mümkün qədər zəiflətmək. Dünyanın beşinci ordusuna sahib olan Türkiyənin torpaqlarının altıda biri əlindən alınmaqla türk dünyası ilə quru əlaqələri tam olaraq kəsilir, nüvə silahına sahib Pakistanın isə gücü ən azından iki dəfə azaldılır. Əvəzində isə bölgədə Batının açıq dəstəyinə bel bağlayacaq yeni bir qondarma dövlət – “Azad Kürdüstan” qurulur. Və istər Avropa, istərsə də ABŞ üçün Orta Doğuda dayanaq rolunu heç bir təməli, tarixi keçmişi və dövlətçilik ənənəsi olmayan qondarma “Kürdüstan” oynayır.

Niyə məhz “Kürdüstan”?

Doğrudan da bu suala ciddi bir cavab verməsək, sərhəd yenidənqurmasının arxasında gizlənən gerçəyi görə bilməyəcəyik. Deyə bilərik ki, Bütöv Azərbaycan layihəsi də Batının işinə yaraya bilərdi. Lap elə Bağımsız Türk Dövlətləri Birliyi də bu bölgədə sabitliyi təmin etmək üçün yetərli olardı. Di gəl ki, hələ də təhsilin nə olduğunu düz-əməlli bilməyən, çox zaman elektrikin varlığından belə xəbəri olmayanlardan ibarət topluma həm də etnik tərkibi olduqca qarışıq bir dövlət qurmaqla Batı dairələri nəyin marağındadır?

Batı bölgədə ən az inkişaf etmiş bir etnik ünsürə – kürdlərə üz tutmaqla əslində öz işini asanlaşdırmış olur. Çünki, istənilən halda kürdlər Batı dairələrinin üzünə ağ ola bilməyəcəklər. Ən azından ona görə ki, baş qaldırdıqları halda Batı onlara xatırladacaq ki, heç bir zaman dövlətiniz olmadığı halda biz sizə dövlət qurmuşuq. Digər tərəfdən, fərz edək ki, kürdlər Batının bu xatırlatmasını qulaq ardına vururlar. Onda bineyi-qədimdən türklərə aid olan torpaqların niyə “Azad Kürdüstan”a qatılmaq istənməsinin sirri aşkar olacaq: lazım olduğu zaman kürdlərə qarşı türk amilindən istifadə etmək üçün! Kərkükü, Təbrizi, Iğdırı, Ardahanı, Karsı, Vanı, Erzurumu içinə alan bir coğrafiyada əslində kürdlər yenə də azlıqda qalır axı! Demək ki, bu gün İraqın başında tətbiq edilən siyasət qurulması nəzərdə tutulan “Azad Kürdüstan” üçün də işə yarayacaqmış. Yəni necə ki, Səddam Hüseyni devirəndən sonra ərəb çoxluğun ölkəsinə bir kürdü prezident olaraq gətirməklə ikitərəfli oyun oynadılar, eləcə də gələcəkdə kürdlərin özlərinə qarşı buna bənzər oyunlar indidən planlaşdırılmaqdadır.

Əslində isə, kürdlər Batının ət maşını üçün xammaldan başqa bir şey deyil. Təhsil səviyyəsi və dünya görüşü hardasa orta əsrlərdə qalan bir toplumu daha asan inandırmaq, həvəsləndirmək mümkün olduğundan Batı inkişaf etmiş türk toplumu ilə deyil, yaxud da pərən-pərən olsalar da əllərində böyük maliyyəsi olan ərəb toplumu ilə deyil, məhz heç bir tarixi keçmişi və dövlətçilik ənənəsi olmayan kürdlərlə oyun qurmağı daha əlverişli sayır. Ancaq bu heç də o demək deyil ki, elan edilən xəritələr mütləq şəkildə gerçəkləşəcək. Mümkündür ki, bir zamanlar Səddamı devirəndən sonra “Kürdüstan dövləti” qurmağa söz verən Batı sonradan sözünün üstündən qaçdığı kimi bu dəfə də bənzər addım atsın. Çox yaxın tariximizdə Səddam Hüseynin devrilməsində kürdlərin İraqa xəyanətinə nail olan Batı dairələri Türkiyə və İraq torpaqlarında “Kürdüstan” sözü veribmiş. Ancaq sonradan Türkiyə dövlətinin ayaqda möhkəm durması ona gətirib çıxarıb ki, “Kürdüstan” yerinə kürdlərə sadəcə İraqın prezidenti vəzifəsini veriblər…

Hazırkı Orta Doğu xəritəsi. Qaynaq: Wikipedia

Sonrakı Orta Doğu xəritəsi. Qaynaq: Wikipedia

Oxunma sayı: 34429

2 Comments to "Yeni Orta Doğu xəritəsində Türkiyə və Azərbaycan"

  1. 2 August 2011 - 16:37 - 16:37 | Permalink

    Azər bəy sağ olun ki, bizə belə məlumatı çatdırdınız. Sərsəm bir amerikalının bu yazısı bütün türkləri silkələməli. Demək ki, arxamızda çox xəyallar qurulur. Qanmazı qandırmaq lazımdır.

1 Trackback to "Yeni Orta Doğu xəritəsində Türkiyə və Azərbaycan"

  1. on 3 April 2015 - 15:17 at 15:17