Türk Dünyasını parçalamaq istəyirlər

Ötən həftə Qazaxıstanın Almatı şəhərində “Türk dünyasının bugünkü aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri Almatıda fəaliyyət göstərən Türk Xalqları Mədəniyyətləri Vəqfi (TXMV) təşkil edib.

Konfransda dünyanın hər tərəfində yaşayan 300 milyona yaxın türkün durumu, müstəqil türk dövlətlərinin, həmçinin hələ müstəqilliyini qazanmamış türk dövlət və topluluqlarının hazırda qarşılaşdığı problemlər barədə çıxışlar edilib. 15 ölkədən 150-yə qədər nümayəndənin qatıldığı tədbirdə Azərbaycandan da iştirakçılar olub. Ölkəmizi konfransda mərkəzi Türkiyənin Bursa şəhərində yerləşən Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyinin Türk Cümhuriyyətləri üzrə baş təmsilçisi Azər Həsrət, Bakı Dövlət Universitetinin müəllimi, dosent, Müsavat Partiyasının Divan üzvü Nüşabə Sadıxlı və Azərbaycan Daxili İşlər Nazirliyinin Orta Asiya üzrə təmsilçisi Yəhya Əliyev təmsil edib.

Tədbirin açılışında çıxış edən TXMV başqanı Əhməd Dağduran bildirib ki, Türk dünyasının hər tərəfində bizim birliyimizdən narahat olan qüvvələr əllərindən gələni edir ki, insanlarımız daim gərginlik və təqib altında yaşasın. “Biriləri Türk dünyasını parçalamaq və ona hökm etmək istəyir” deyən Ə.Dağduran Türk xalqlarının birliyi uğrunda mücadilədə canlarını qurban vermiş böyüklərimizin – Mustafa Kamal Atatürk, Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Əlibəy Hüseynzadə, İsmayıl Gaspıralı, Zəki Vəlidi Toğan və onlarla başqa fikir və hərəkat adamının adını çəkərək bugünkü gəncliyin onların izində olduğunu xüsusi vurğulayıb. O, öz çıxışında xüsusi olaraq Güney Azərbaycan, erməni işğalı altında olan Azərbaycan torpaqları, Çinin qanlı zülmünə məruz qalan uyğurlar, Batı Trakya və s. torpaqlardakı türklərin çəkdiyi çilələrdən danışıb.

Nüşabə Sadıxlı çıxışında ölkəmizin Ermənistanın təcavüzünə məruz qalmasından danışıb. Yəhya Əliyev bir zamanlar erməni-rus hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırım zamanı bəzi türk topluluqlarının susduğunu xüsusi qeyd edərək bu cür halların olmamasının vacibliyini deyib.

Azər Həsrət isə Türk dünyasının müxtəlif bölgələrində baş verən hadisələr haqqında danışıb. O, özəl olaraq Doğu Türküstanda Çinin uyğurları daim basqı altında saxlamasından danışaraq Türk dünyasının buna öz təpkisini göstərməli olduğunu deyib. Azər Həsrət qeyd edib ki, bu il iyulun 5-də Çin ordusunun Urumçi şəhərinə daxil olaraq yüzlərlə günahsiz insanı qətlə yetirməsinə dünya biganə qalmamalıdır.

Sonda Almatıdakı Uyğur Milli Teatrında konsertlə başa çatan tədbirin iştirakçıları bu cür toplantıların davam etdirilməsi qərarına gəliblər.

Cavid TURAN

Qaynaq: Yeni Müsavat

Oxunma sayı: 4453
Share