Almatıda “Türk dünyasının bugünkü aktual problemləri” adlı elmi-praktik konfrans

Tədbirdə Azərbaycandan üç nəfər iştirak edib

12-13 noyabr 2009-cu il tarixində Qazaxıstanın Almatı şəhərində “Türk dünyasının bugünkü aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbiri Almatıda fəaliyyət göstərən Türk Xalqları Mədəniyyətləri Vəqfi (TXMV) təşkil edib.

Konfransda dünyanın hər tərəfində yaşayan 300 milyona yaxın türkün durumu, müstəqil türk dövlətlərinin, həmçinin hələ müstəqilliyini qazanmamış türk dövlət və topluluqlarının hazırda qarşılaşdığı problemlər barədə çıxışlar edilib. 15 ölkədən 150-yə qədər nümayəndənin qatıldığı tədbirdə Azərbaycandan da iştirakçılar olub. Ölkəmizi konfransda mərkəzi Türkiyənin Bursa şəhərində yerləşən Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyinin Türk Cümhuriyyətləri üzrə baş təmsilçisi Azər Həsrət, Bakı Dövlət Universitetinin müəllimi, dosent, Müsavat Partiyasının nümayəndəsi Nüşabə Sadıxlı və Azərbaycan Daxili İşlər Nazirliyinin Orta Asiya üzrə təmsilçisi Yəhya Əliyev təmsil edib.

Tədbirin açılışında çıxış edən TXMV başqanı Əhməd Dağduran bildirib ki, Türk dünyasının hər tərəfində bizim birliyimizdən narahat olan qüvvələr əllərindən gələni edir ki, insanlarımız daim gərginlik və təqib altında yaşasın. “Biriləri Türk dünyasını parçalamaq və ona hökm etmək istəyir” deyən Ə.Dağduran Türk xalqlarının birliyi uğrunda mücadilədə canlarını qurban vermiş böyüklərimizin – Mustafa Kamal Atatürk, Məmməd Əmin Rəsulzadə, Əbülfəz Soldan Nüşabə Sadıxlı, Əhməd Dağduran və digərləri rəyasətdəElçibəy, Əlibəy Hüseynzadə, İsmayıl Gaspıralı, Zəki Vəlidi Toğan və onlarla başqa fikir və hərəkat adamının adını çəkərək bugünkü gəncliyin onların izində olduğunu xüsusi vurğulayıb. O, öz çıxışında xüsusi olaraq Güney Azərbaycan, erməni işğalı altında olan Azərbaycan torpaqları, Çinin qanlı zülmünə məruz qalan uyğurlar, Batı Trakya və s. torpaqlardakı türklərin çəkdiyi çilələrdən danışıb.

Azərbaycanlı nümayəndə Nüşabə Sadıxlı öz çıxışında ölkəmizin Ermənistanın təcavüzünə məruz qalması, insanlarımızın hələ də qaçqın həyatı sürdüyünü, işğal altındakı Qarabağ və ətrafındakı rayonların ermənilər tərəfindən talandığını qeyd edib. O, bildirib ki, Türk dünyası bir və bərabər olaraq Azərbaycanın bu dərdinə çarə tapılmasında öz mövqeyini qəti şəkildə ortaya qoymalıdır.

Daha bir Azərbaycanlı nümayəndə Yəhya Əliyev də öz çıxışında bir zamanlar erməni-rus hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırım zamanı bəzi Türk topluluqlarının susduğunun altını cızaraq bu cür halların olmamasının vacibliyini deyib. Onun çıxışında diqqət çəkən məqamlardan biri də “türkdilli xalqlar” ifadəsi ilə bağlı olub. Y.Əliyevin fikrincə “türkdilli xalqlar” ifadəsi türk xalqları üçün keçərli deyil. Çünki biz onsuz da türkük və başqa millətdən olmadığımıza görə bizə sadəcə “türk xalqları” deyilməlidir. Bu fikir toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azər Həsrət isə öz çıxışında Türk dünyasının müxtəlif bölgələrində baş verən hadisələr haqqında danışıb. O, özəl olaraq Doğu Türküstanda Çinin uyğurları daim basqı altında saxlamasından danışaraq Türk dünyasının buna öz təpkisini göstərməli olduğunu deyib. Azər Həsrət qeyd edib ki, bu il iyulun 5-də Çin ordusunun Ürümçi şəhərinə daxil olaraq yüzlərlə günahsiz insanı qətlə yetirməsinə dünya biganə qalmamalıdır. Daha sonra o, Batı Trakyada yunanların türklərə aid torpaqları zəbt edərək üzərində kilsə tikməyə başlaması, Türkiyə konsulunun bölgədən çıxarılması üçün imza toplaması, Borçalıda gürcülərin Azərbaycanlılar yaşayan kəndlərdə xaçlar ucaltması, Faxralı kəndində məscidi təmir edən soydaşlarımıza keşişlərin əngəllər törətməsi, Bolgarıstan Milli Televiziyasındakı on dəqiqəlik türkcə xəbərləri qadağan etmək üçün şovinist bolgarların imza toplamağa başlaması, Güney Azərbaycanda türklərin çəkdiyi çilələr, Krımda müsəlman məzarlarının dağıdılması, Krım türklərinə məxsus torpaqların gəlmələr tərəfindən zəbt edilməsi, Krımdakı Azərbaycanlı döyüşçülərə qoyulan abidənin bir erməni tərəfindən dağıdılmasına edilən cəhd, Rusiyanın nəzarətində olan türk topluluqlarının öz dilindən istifadəsinə rəsmi qadağalar və başqa bu kimi məsələlər barədə multimedia təqdimatını iştirakçılara göstərib.

Azər Həsrət sonrakı çıxışlarında da Türk birliyi məsələlərinə toxunaraq hər şeydən öncə dil birliyinə, bunun üçünsə əlifba birliyinə gərək duyulduğunu vurğulayıb. O, türk dillərinin qarşılıqlı şəkildə daha yaxşı anlaşılması üçün fərqli ölkələrdəki TV kanallarının bütün Türk ölkələrinə yayımlanmasının fayda verə biləcəyini deyib. Eyni zamanda o, latın bazalı vahid Türk əlifbasının yaradılması vacibliyini bildirib.

Sonda Almatıdakı Uyğur Milli Teatrında konsertlə başa çatan tədbirin iştirakçıları bu cür toplantıların davam etdirilməsi qərarına gəliblər.

Uygur danscılar

Qaynaq: Yalquzaq.com

Oxunma sayı: 5099