Azər Həsrətin Türkiyə səfəri uğurla başa çatdı

Səfər çərçivəsində İstanbul, Bursa və Ankarada iyirmidən artıq görüş keçirilib

Dekabrın 1-dən etibarən Türkiyədə işgüzar səfərdə olan Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət artıq vətənə dönüb. Əldə etdiyimiz bilgilərə görə, dekabrın 5-dək davam etməli olan səfər işlərin çoxluğu üzündən ayın 8-dək uzadılmalı olub. Azər Həsrət bu səfər çərçivəsində İstanbul, Bursa və Ankara şəhərlərində bir çox qurumları ziyarət edib, çoxsaylı görüşlər keçirib və bu ölkənin Olay TV kanalının canlı efirində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri, Azərbaycan, Orta Asiya və digər türk yurdları ilə bağlı sualları cavablandırıb.

Verilən məlumatlarda bildirilir ki, programa İstanbuldakı əski milliyyətçilərlə görüşlə başlayan Azər Həsrət Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyinin başqanı İbrahim Dəmirtaşın müşayiəti ilə Bursa şəhərinə gəlib və burada da xeyli sayda önəmli görüşlər keçirib. Bu görüşlərdən biri Bursadakı Yıldırım Bələdiyyəsinin başqanı Özgen Keskinlə gerçəkləşib. Dərnək təmsilçilərindən ibarət bir heyətlə bələdiyyə başqanını ziyarət edən Azər Həsrət onun digər türk cümhuriyyətləri ilə bağlı gördüyü işlər haqqında bilgi alıb. Bələdiyyə başqanı qeyd edib ki, onlar Azərbaycan və digər türk dövlətlərinə böyük önəm verirlər və bu səbəbdən də öz ərazilərində Heydər Əliyev parkı quraraq orada onun büstünü ucaldıblar. Bundan başqa Özgen Keskin deyib ki, dərnəyin missiyasına yardımçı ola biləcəkləri bir çox məsələlər var. “Onlardan ilki olaraq biz bələdiyyə binasının yaxınlığındakı parkda yeddi türk dövlətinin bayrağını qaldırmağa hazırıq”, deyə o, qeyd edib.

Bursadakı bələdiyyə görüşlərindən biri də Nilufər bələdiyyəsinin başqanı Mustafa Bozbeylə olub. Bu görüşə də heyətlə qatılan Azər Həsrət onun türk dünyası ilə bağlı duyarlılığından məmnun olduğunu dilə gətirib. Mustafa Bozbey də öz növbəsində qeyd edib ki, Azərbaycanla dostluq və qardaşlığa çox önəm verdiklərindən bələdiyyə ərazisində Azərbaycan parkı qurublar və orada ölkəmizin bayrağı daim dalğalanır.

Günün sonunda Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyi yönətim qurulu üzvləri ilə bir toplantıya qatılan Azər Həsrət onları Azərbaycan və Orta Asiya türk cümhuiryyətləri ilə bağlı bilgiləndirib, suallarını cavablandırıb.

Növbəti gün başqan İbrahim Dəmirtaş və qurucu başqan Camal Sərinlə birlikdə Ankaraya hərəkət edən dərnək heyəti burada da çox sayda görüşlər keçirib. Belə görüşlərdən biri Türkiyə Böyük Millət Məclisində Türk Parlamenterlər Birliyi başqanı Hasan Korkmazcan, qurumun baş katibi Mustafa Dağcı və qurumun təmsilçisi Müjdat Karayerli ilə gerçəkləşib. Burada türk dünyasının ortak özəllikləri və birliyin türk dünyasına açılma imkanları haqqında fikir mübadiləsi edilib.

Daha sonra heyət TÜRKSOY təşkilatının Ankaradakı baş qərargahına hərəkət edib. Burada qurumun genəl sekreter yardımcısı Fırat Purtaş, hüquq və maliyyə bölümünün başqanı Sancar Mülazımoğlu və Azərbaycanın bu qurumdakı təmsilçisi Elçin Qafarlı ilə görüş keçirilib.

Ankarada əlavə olaraq Alören Sosyal Yardımlaşma, Dayanışma və Kültür Dərnəyi başqanı Davut Coşar, Kerküklü jurnalist və şair, ictimai xadim Şəmsəddin Küzəci, Azərbaycan sevdalısı, əski dövlət müşaviri İsa Kayacan və daha bir neçə qurumun nümayəndəsi ilə görüşlər keçirilib.

Onu da qeyd edək ki, bütün görüşlərdə türk dünyasının birliyi, Bağımsız Türk Dövlətləri Birliyi qurulmasının vacibliyi məsələləri ətrafında fikir mübadiləsi edilmişdir. “Bütün görüşlərimizin olumlu sonuc verməsi bizi daha da ruhlandırdı”, deyə Azər Həsrət bildirib.

Ankarada olarkən heyət burada böyük öndər Mustafa Kamal Atatürkün məzarını da ziyarət edib.

Səfərin sonuncu günü Olay Media Qrupuna məxsus Olay TV-nin axşam proqramına dəvət edilən baş təmsilçi bununla da gərgin iş rejimində keçən səfərini başa vuraraq dekabrın 9-da vətənə dönüb.

Onu da əlavə edək ki, Azər Həsrət Türkiyədə bir sıra iş adamları ilə də bir araya gələrək onların türk dövlətlərinin iqtisadi və ticari sahədə daha da yaxınlaşması üçün edə biləcəkləri işləri müzakirə edib.

Xatırladaq ki, bu, Azər Həsrətin Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi sifətində ikinci səfəridir. Bundan öncəki səfər keçən ay Qazaxıstana gerçəkləşmişdi və olduqca verimli keçmişdi. Baş təmsilçinin növbətə səfərlərini yaxın aylarda Özbəkistan və Qırğızıstana gerçəkləşdirməsi planlaşdırılmaqdadır.

Qaynaq: Türküstan qəzeti

Oxunma sayı: 6292
Share