Azər Həsrət: "Hər bir həbsə görə dövlətə qara yaxmaq olmaz"

KİV-in beynəlxalq əlaqələri müzakirə edilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunda dünən “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi ilə bağlı tədbir keçirildi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçisi Siyab Məmmədli layihə barədə geniş məlumat verib. Onun sözlərinə görə, layihə Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilir. Daha sonra layihənin məqsədlərindən danışan S.Məmmədli bunları söyləyib: “Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan mediasının dünya kütləvi informasiya məkanına çıxışının vəziyyətinin araşdırılmasıdır. Habelə layihə çərçivəsində beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsini də həyata keçirəcəyik. Bununla yanaşı, məqsədlərimizdən biri də tanınmış beynəlxalq media qurumları ilə Azərbaycan kütləvi informasiya vasitələri arasında əlaqələrin qurulmasının həyata keçirilməsidir”.

Media üzrə ekspert Azər Həsrət Azərbaycan mediası ilə beynəlxalq KİV arasındakı əlaqələrdən danışıb. O, sovet dövründə Azərbaycan mediasının beynəlxalq əlaqələrinin lazımi səviyyədə olmadığını bildirib. 1997-ci ildən etibarən beynəlxalq media orqanları ilə əlaqələrin qurulması istiqamətində fəal iş apardıqlarını diqqətə çatdıran ekspert məhz elə həmin illərdən etibarən Azərbaycan KİV-nin beynəlxalq əməkdaşlığına nail olduqlarını qeyd edib: “1997 – 2000-ci illər ərzində biz ölkə mediasının beynəlxalq əlaqələrinin qurulması istiqamətində ardıcıl iş apardıq. Məhz bu işlərin nəticəsi olaraq həmin illər ərəfəsində bir sıra beynəlxalq media təşkilatlarında üzvlük səviyyəsində təmsilçilik hüququ qazandıq. Artıq beynəlxalq səviyyədə Azərbaycan jurnalistləri xeyli uğur əldə ediblər. Media ilə bağlı bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi bu sahədəki uğurlarımızdandır”. A.Həsrət bir sıra jurnalist qurumlarının beynəlxalq əlaqələrinin sağlam əsaslar üzərində qurulmadığını da qeyd edib. Onun sözlərinə görə, jurnalistlər beynəlxalq əlaqələrini sağlam təməllər üzərində qurmalıdır. A.Həsrətin fikrincə, ağa “ağ”, qaraya “qara” deyən mətbu orqanlarının beynəlxalq səviyyəyə çıxarılması zəruridir: “Bəzi beynəlxalq təşkilatlar həbsdə olan elə jurnalistlərin adlarını siyasi məhbus siyahısına salırlar ki, onların jurnalistikaya heç bir aidiyyəti yoxdur. Hesab edirəm hər bir həbsə görə dövlətə qara yaxmaq olmaz”.

Rey Kərimoğlu ölkə KİV-nin beynəlxalq əlaqələri ilə bağlı media orqanları arasında sorğu keçirdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bir sıra agentliklərin, qəzetlərin beynəlxalq əlaqələri var.

Əli Zülfüqaroğlu

Qaynaq: Həftə içi qəzeti

Oxunma sayı: 4106