Mətbuat Şurasının qurultayı qalmaqallı keçdi

Narazılara dəstək verən olmadı, Arif Əliyev tüpürdlü, Qulu Məhərrəmli qurultayı kolxoz yığıncağı adlandrıdı
Təsdiq olunmamış nizamnamə ilə Əflatun Amaşov şuraya sədr seçildi

Dünən Azərbaycan Jurnalistlərinin V Qurultayı keçirildi. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan tədbirdə Mətbuat Şurasının rəhbəri və idarə heyəti, Prezident Aparatının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, mediya və digər təşkilatların nümayəndələri iştirak edirdilər. Qurultayda yeni sədrin seçilməsi, nizamnaməyə dəyişikliklər müzakirədən çox səsverməyə çıxarılmışdı. Bu dəyişikliklər bir sədrin yalnız 2 dəfə seçilməsinin ləğvindən, sədrliyin müddətini 2 ildən 4 ilə yüksəltməkdən ibarət idi. Çıxış edənlər arasında bu formanın qanundan kənar olduğunu bildirənlər də olsa da, onların arqumentləri qurultayın gedişatına önəmli təsir edə bilmədi.

Qulu Məhərrəmli Mətbuat Şurasının qurultayını kolxozçuların qurultayına bənzətdi

İlk olaraq tribunaya çıxanlar sırasında Qulu Məhərrəmlinin çıxışı yadda qaldı. O bildirdi ki, Əflatun Amaşovun sədr olmasına heç bir etirazı yoxdur: «Amma məsələ ondadır ki, düzəlişin məqamı pis vaxta gəlib çıxıb. Biz hesabat-seçki qurultayı keçiririk, eyni zamanda nizamnaməni də dəyişirik. Hesab edirəm ki, sədrin özünü göstərməsinə 4 il kifayyət edər. Sadəcə olaraq, formalaşmaqda olan Mətbuat Şurasının nizamnaməsini indidən başlasaq saf-çürük etməyə, öz istəyimizə uyğunlaşdırmağa, onda bu yaxşı nəticə verməyəcək. Yenə deyirəm, pis olan odur ki, biz Mətbuat Şurasının nizamnaməsini yalnız o məqsədlə dəyişdiririk ki, indiki sədr vəzifəsində qalsın. Bu, ağlabatan deyil. Əgər biz burada məsələni müzakirəyə çıxartmadan səsə qoyacağıqsa, onda bizim qurultayımız kolxozçuların qurultayından heç nə ilə fərqlənməyəcək».

Q.Məhərrəmlinin çıxışından sonra Rəşad Məcid «Qulu müəllim, kolxozçularla işiniz olmasın. Bununla ikinci dəfədir Mətbuat Şurasında kolxoz sözunü eşitdirirsiz» deyə etirazını bildirdi.

Arif Əliyev: «Biz qaydaları seçdiyimiz adamların əyninə necə gəldi biçirik»

Arif Əliyev isə bildirdi ki, Avropa ilə bizim fərqimiz ondadır ki, onlar qaydalar fikirləşir və o qaydalara uyğun yaşayırlar: «Biz isə adam seçirik, sonra o qaydaları onun əyninə necə gəldi biçirik və sabahı düşünmürük. Azərbaycan Mətbuat Şurası hələ yenicə Dünya Mətbuat Şuraları və Avropa Müstəqil Mətbuat Şuraları Alyansına qəbul edilib. Bəlkə də sədr heç bilmir bu nə vaxt olub. İndi onların bizə məktubu gəlib. Məktubda Azərbaycan Mətbuat Şurasında qurultay qabağı yaranan yeni vəziyyət barədə informasiyaların onları narahat etdiyi bildirilir. Əgər Mətbuat Şurası qurultayda buna yol verərsə, deməli, bu ilin sonunda həmin təşkilatlar qurultaylarında Azərbaycan Mətbuat Şurasını sıralarından çıxaracaqlar. Bəlkə bu lazımdır sizə? Nizamnaməyə edilən hər hansı bir dəyişiklik yalnız Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındıqda hüquqi qüvvəyə minir və yalnız bundan sonra təsdiq edilir. Bu saat 4 yox 8 il də edə bilərsiniz. Ömürlük də müəyyənləşdirərsiniz. Amma «Qeyri-hökumət təşkilatları haqqında» qanunda deyilir ki, Ədliyyə Nazirliyində rəsmi şəkildə təsdiq olunduqdan sonra nizamnamə fəaliyyət göstərə bilər».

Zeynal Məmmədli: «Sədrlik müddətini uzatmaqla jurnalistka heç nə qazanmır»

Qeyd edək ki, bu çıxışlar zamanı Əflatun Amaşov sakitcə oturmuşdu. Çızışlara diqqətlə qulaq assa da replika vermədi. Növbəti çıxışçı Zeynal Məmmədli isə nizamnaməyə dəyişikliyin qanunla uyğunlaşmadığını dedi: «Biz müxtəlif adamlar bir yerdə yaşamağa məhkumuq. Əgər biz jurnalistlər özümüz dəyişmiriksə, ictimai rəyi necə dəyişəcəyik? Özümüzü qanundan kənara qoyuruq. Sədrin müddətini 4 il və ömürlük etməklə jurnalistka heç nə qazanmır. Qanundan kənar çıxmağa ixtiyarımız yoxdu. Əsas məsələ sədri, idarə heyətini seçmək deyil, önəmli olan problemlərimizi müzakirə etməkdir. Mən bu qurultayda problemlərimizin müzakirəsini görmürəm. Fikirlər ancaq kimin sədr olması ətrafında cəmləşib. Nizamnaməyə dəyişikliklər məhz bu qurultayda ola bilməz».

Azər Həsrət: «Nizamnamə Quran ayəsi deyil, onu istədiyimiz vaxt dəyişə bilərik»

Bütün bu çıxışlara sanki cavab olaraq Azər Həsrətin çıxışı hazırlanmışdı. Tribunaya çıxan A.Həsrət uca səslə danışaraq bildirdi ki, nizamnamə Quran deyil: «Məgər Quran ayəsidirmi ki, biz onu dəyişə bilməyək? Əlbəttə bu bizim əlimizdə olan şeydir. İki ildən bir sədr seçmək vaxt və enerji itkisidir. Sədr dəyişməklə yenilik etmək mümkün deyil. Gəlin biz başqalarını tənqid edəndə öz işimizi də tənqid edək. Yəni bu gün qanunvericiliyə əməl olunmasını tələb edən adamlar özləri də bir-iki dəfə çıxıb ictimaiyyət qarşısında hesabat verməlidir ki, nizamnamələrə özləri nə qədər əməl ediblər. Bax bu sualların cavabları maraqlıdır».

Arif Əliyev qanunsuzluqlara tüpürdü, Rəşad Məcid isə Azər Həsrətlə məzələndi

Azər Həsrətin çıxışı başlanandan əsəbləri gərgin görünən Arif Əliyev axır ki, özünü saxlaya bilməyib tüpürərək salonu tərk etdi. Çıxış bütünlüklə Arif Əliyevin əleyhinə yönəlmişdi. Bu narazılığa isə heç kim fikir vermədi. Çünki qurultay iştirakçılarının 95%-i Əflatun Amaşovu dəstəkləyirdi. Onların əksəriyyəti rayon və paytaxtda nəşr olunan tanınmamış qəzetlərin nümayəndələri idi. Tüpürməyinin yalnız əsəblərini sakitləşdirdiyinə kömək etdiyini görən Arif Əliyev bir azdan salona qayıtdı. Rəşad Məcid isə Azər Həsrətin çıxşından sonra «Sənin bu dərəcədə inkişaf edəcəyini gözləməzdim. Uğurlar sənə, fəaliyətini davam elə və gələn qurultayda namizədliyini ildarə heyətinə ver» deyərək çıxışçını alqışladı.

Beləliklə, qurultaya fasilə verildi. Fasilədən sonra nizamnaməyə dəyişiklər səsə qoyuldu və yekdilliklə qəbul olundu. Əflatun Amaşov isə alternativi olmadan açıq keçirilən səsvermədə 3 nəfər bitərəf və bir nəfər əleyhinə olmaqla sədr seçildi. Qeyd edək ki, onun sədrliyinə etiraz edən bir nəfər tanınmış jurnalist Rey Kərimoğlu idi.

Ədliyyə Nazirliyinin nümayəndəsi də qanunsuzluğa göz yumdu, Əli Həsənov isə jurnalistləri təhqir etdi

Etirazçıların çıxışından sonra nizamnaməyə dəyişiklik barədə fikrini bildirmək üçün qurultaya Ədliyyə Nazirliyindən nümayəndə dəvət olunmuşdu. O, nizamnaməyə dəyişikliyin qurultayın üzərinə düşdüyünü, amma Ədliyyə Nazirliyində təsdiq ediləcəyini vurğulasa da, təsdiq olunmamış nizamnamə əsasında keçirilən qanunsuz sədr seçkisinəeçkiyə göz yumdu. Belə olduğu halda nizamnaməyə edilən dəyişiklik təsdiqini tapmamış onun əsasında sədrin seçilməsi həqiqətən qanunsuz idi. Rəşad Məcid isə bunu belə izah etdi: «Yeni sədr nizamnaməyə dəyişiklik Ədliyyə Nazirliyində təsdiqini tapana qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edəcək. Dəyişiklik təsdiq olunduqdan sonra Əflatun Amaşov Mətbuat Şurasının yeni sədri kimi 4 il fəaliyyətinə davam edəcək».

Xatırladaq ki, qurultayda iştirak edən Prezident Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov prosesləri sakitcə izləyirdi. O, sonda çıxış edərək jurnalistləri sərt şəkildə təhqir etdi «Bu gjün bir iki qəzet müxalifəti mətbuatı nə günə salıb. Sizin heç vaxt hörmətiniz olmayacaq. Sizə ev, maşın da verilsə yenə sizin hörmətiniz olmayacaq». Ə. Həsənov daha sonra bildirdi ki, həbsdəki jurnalistlər Azərbaycanın beynəçlxalq imicinə ağır zərbə vurur. Ümid edirik onlar azadlığa çıxacaqlar». Çıxışının sonunda Əli Həsənov media və onun nümayəndələrinin problemlərinin həll olunacağı yolunda addımlar atılacağını qeyd etdi.

İNTİQAM

Qaynaq: Bizim yol qəzeti

Oxunma sayı: 6695