Şəki səfərimiz haqqında yazı

Azər Həsrət, azer@azerhasret.com

Ötən həftə Şəkiyə səfər etmişdik. Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə bu şəhərdə informasiya təhlükəsizliyi məsələlərilə bağlı bölgə jurnalistlərinin iştirakilə konfrans keçirib bir sənədli film təqdimatına qatılmaq üçün. Təbii ki, Şəkiyə gəlib onun görməli yerlərini ziyarət etməmək də günah olacağından bu fürsəti də əldən verməmişdik. Amma bütün bunlar sonra olacaqdı. İndi isə səfər təəssüratlarımızı çıxış nöqtəsindən – Bakıdan başlamaq istərdik.

Bir dəfə də yazmışdım, təkrar etməyi faydalı saydığım üçün indi də yazıram: Bakının tıxaclarından, səs-küyündən ayrılıb üzü Şamaxıya gedən hər kəsin diqqətini çox yüksək keyfiyyətli asfalt yol və yol boyu aparılan tikinti-quruculuq işləri cəlb etməyə bilməz. Doğrudan da istər yolun özü, istərsə də yol üstündəki Qobustan rayonu, Şamaxı şəhəri, ayrı-ayrı kəndlərdə aparılan işlər Azərbaycan haqqında xoş təəssüratlar yaratmağa yetərlidir.

Şamaxıdan sonra İsmayıllı yolu başlayır ki, bu haqda bir dəfə də yazmışdım: bərbaddır! Bəli, bərbaddır! Hardasa 40 km-lik bu yol kəsimi nəyə görəsə hələ də ölkədəki ümumi inkişafdan ciddi şəkildə geri qalır.

İsmayıllıdan üzü Qəbələyə, Oğuza və Şəkiyə doğru yol haqqında isə ən yüksək fikirləri demək olar. Bu yol təptəzə və olduqca hamardır. Yəni ən bərbad maşınla belə bu yolu rahat getmək olar. Yalnız bir qüsuru var: yol boyu sürücülərə təhlükə təşkil edən inəklər! Nə sirdirsə, istər gedərkən, istərsə də geri dönərkən bu yolun sağında və solunda çoxlu sayda inəyə rast gəlinir. Bəzən bu inəklər saymazyana şəkildə yola çıxır, qəza şəraiti yaradır və onları bu əməldən çəkindirəcək kimsə də yoxdur. Yaxşı olardı ki, o rayonların müvafiq qurumları bu problemi mütləq aradan qaldırsın.

Və bütün bu yolları, mənzərələri arxada qoyub Şəkiyə çatırıq. “Sürücülərimiz”in hər ikisi yetərincə peşəkardır. Umud Rəhimoğlunun “Mercedes”ini əvvəlcə özü sürür, bir müddət sonra Yadigar Məmmədli sükan arxasına keçir. Maşındakı 3-cü şəxs olaraq mən isə yol boyu dincəlirəm. Və rahatca mənzil başına çatırıq.

Şəki yenə də şəxsən məni valeh edir. Bir il öncə də bu şəhərə gəlmişdim. Gəzmiş, görmüş, dincəlmişdim. Hələ də xatirələrim yeni idi, amma yenidən üzümə gülən fürsət bu şəhərin gözəlliklərindən təkrar həzz almağa imkan yaradır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, xarici əlaqələr komissiyasının sədri və Şəkidən seçilmiş deputat Cavanşir Feyziyevdir bu dəfə bizi Şəkiyə yığan. Məhz onun təşəbbüsüylə bir müddət əvvəl Şəkidə Azərbaycanın ilk qadın qəzet redaktoru Xədicə Əlibəyova və “İşıq” qəzeti haqqında sənədli filmin baxışı nəzərdə tutulurdu. Bu iş bir az uzandı, üstəlik informasiya təhlükəsizliyi məsələsi gündəmə gəldi və belə bir səfər alındı.

Gecəni “Şəki Saray” otelində keçirdik.

"Şəki Saray" otelinin girişində özçəkim

“Şəki Saray” otelinin girişində özçəkim

4 ulduzlu olsa da əməlli-başlı 5 ulduzlu xidmət təklif edən bu oteldə diqqətimi bir maraqlı məqam çəkdi: otelin salonunda Çələbi xandan Bəxtiyar Vahabzadə, Rasim Ocaqova qədər Şəkinin gəlmiş keçmiş böyük kişilərinin iri şəkilləri bütöv bir divar boyu asılıb. Öyrəndim ki, bu şəkillərin bura asılmasının təşəbbüskarı da Cavanşir Feyziyevdir. Niyə də olmasın? Şəki özünün bu cür oğullarıyla haqlı olaraq öyünə bilər və elə bu gün Şəkini layiqincə təmsil edən Cavanşir Feyziyevlə bərabər digər iki deputat – Yaqub Mahmudov və Əli Məsimlini də o kişilərin sırasına aid etmək olar.

Cavanşir Feyziyev də o kişilərin yolunu davam etdirir

Cavanşir Feyziyev də o kişilərin yolunu davam etdirir

Səhər yeməyindən sonra Mətbuat Şurasının sədri Əfaltun Amaşovun rəhbərliyi altında otelin yaxınlığındakı icra hakimiyyətinə yollanırıq. Burada icra başçısı Elxan Usubov bizi qəbul edir. İlk dəfə gördüyüm bu məmurun müsbət aurası var. Danışdıqca hiss olunur ki, vətəndaş cəmiyyəti, azad media məsələlərini yetərincə anlayır. Həm də çox sadə bir insan təsiri bağışlayır.

Elxan Usubovla (soldan öndə) görüş

Elxan Usubovla (soldan öndə) görüş

İcra başçısı bizə Şəkidə aparılan tikinti-quruculuq, bərpa işləri haqqında danışır. Şəkinin tarixi simasını qoruyub saxlamaq üçün hətta Fransadan yüz il öncəyə aid şəkilləri belə gətirdib. Onları bizə də göstərir. Şəkinin o zamankı halı gözümüzün önündə canlanır.

Elxan Usubov deyir ki, son bir neçə il ərzində Şəkiyə turist axını güclənib. Bir il ərzində 5 min turist, növbəti il ərzində 25 min, sonuncu il ərzində isə təxminən 100 min turist gəlib bu bölgəyə. Böyük rəqəmdir əlbəttə. Və üstəlik onu da qeyd edim ki, Şəkinin turizm potensialı, şəxsi qənaətimə görə, bununla bitməməlidir. Çünki bu şəhər və bütövlükdə bölgə həqiqətən də göz oxşayan mənzərələri, tarixi məkanlarıyla daha çox sayda turist cəlb edə bilər.

İcra başçısıyla görüşü ulu öndər Heydər Əliyevin binanın önündəki heykəlini ziyarətlə başa vururuq.

Daha sonra böyük Şəkili, böyük Azərbaycanlı, böyük Türk Bəxtiyar Vahabzadənin abidəsi önünə çiçəklər qoyuruq.

Bəxtiyar Vahabzadənin abidəsi önündə özçəkim

Bəxtiyar Vahabzadənin abidəsi önündə özçəkim

Bunun ardınca Azərbaycan maarifçiliyinin əvəzolunmaz təmsilçisi, Şəkinin layiqli övladlarından biri Mirzə Fətəli Axundzadənin büstünü ziyarət edirik. Ustadın büstünə çiçəklər buraxıb xatirə şəkli çəkdiririk.

M.F.Axundzadənin abidəsi önündə özçəkim

M.F.Axundzadənin abidəsi önündə özçəkim

Az sonra isə onun ev-muzeyinə aparırlar bizi. Bura dağların qoynunda gözəl bir yerdir. 200 il öncənin ab-havasıyla bələdçi xanım bizə Axundzadədən, onun yaradıcılığından, yaşamından söz edir. Burada da xatirə şəkilləri çəkdirib otelə dönürük.

Axundzadənin ev-muzeyində özçəkim

Axundzadənin ev-muzeyində özçəkim

Oteldə Şəki də daxil olmaqla Qax, Qəbələ, Oğuz, Zaqatala və Balakəndən gəlmiş həmkarlarımızın iştirakıyla informasiya təhlükəsizliyi məsələlərilə bağlı konfrans işinə başlayır. Maraqlı çıxışlarla yadda qalan konfrans yetərincə fəal atmosferdə keçir. Mətbuat Şurasının sədri Əflatun Amaşov, ev sahibi qismində Cavanşir Feyziyev, MŞ sədr müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə çıxış edir.

Konfransın rəyasət heyəti

Konfransın rəyasət heyəti

Eyni zamanda bölgə mətbuatından “Şəki” qəzetinin baş redaktoru Akif Salam, “Zaqatala” qəzetinin baş redaktoru İbrahim İbrahimov, “Oğuz” qəzetinin redaktoru Nazim Hüseynov, “Qəbələ” qəzetinin redaktoru Oqtay Məmmədov, “Şəlalə” qəzetinin redaktoru Novruz Şabanov (Qax), “Balakən” qəzetinin redaktoru Mürsəl Mikayılov, “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov da çıxış etdi. Çıxışcılar arasında bəndənizlə bərabər MŞ İH üzvləri Rəşad Məcid və Yadigar Məmmədli, Modern.az-ın təsisçisi Elşad Eyvazlı da var. Bütün çıxışlar maraqla qarşılanır və hiss edilir ki, belə bir mövzuda bu bölgədə konfransın keçirilməsinə doğrudan da ciddi ehtiyac varmış.

Konfrans iştirakçıları

Konfrans iştirakçıları

Konfransdan sonra “İşığın düşmə bucağı” adlı sənədli filmə baxış keçirilir. İdeya müəllifi Cavanşir Feyziyev, layihə rəhbəri Əflatun Amaşov və senari müəllifi Bəxtiyar Qaraca olan film yüksək maraqla qarşılanır.

Baxışdan sonra Cavanşir Feyziyev qonaqları Şəkinin təbiət qoynundakı görməli yerlərindən birində nahara dəvət edir və beləcə iki günlük səfərimiz yekunlaşır.

Bu səfər mənim üçün həm də “Xalq qəzeti”nin redaktoru Tahir Aydınoğlunun M.F.Axundzadə ruhunda fikirləri, eyni qəzetin bölgə müxbiri İlqar Həsənovun duzlu-məzəli söhbətlərilə yadda qalır.

Bir də özəl olaraq vurğulamaq istərdim ki, bizimlə birlikdə olan MŞ katibliyindən Rəhim Hüseynzadə və Əvəz Rüstəmli burada da operativlik nümayiş etdirərək Azərbaycan ictimai rəyini informasiyalarla təmin etməyi bacardı. İşinin ustası deyilənlər belə olsa gərək.

İşlərimizi tamamlayıb Bakıya dönürük. Yenə də yol boyu sıralanmış inəklər diqqətimizi çəkir və bir müddət sonra Şəkinin və bütövlükdə bölgənin o məsum rahatlığından çıxıb Bakının gurhaguruna düşdüyümüzü fərq edirik…

Oxunma sayı: 1184
Share