Budur sizin Avropanız?

Azär Häsrät

Azär Häsrät

Azər Həsrət, azer@azerhasret.com

2014-cü il sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilərək səsvermədən keçib. Daha dəqiq desək, qurumun bir qrup üzvünün təşəbbüsü və səyləri nəticəsində AP Azərbaycana qarşı növbəti yanlış sənəd qəbul edib.

AP Azərbaycanın təmsil olunmadığı, amma əməkdaşlıq etdiyi qurumdur. Ölkəmiz Avropa İttifaqının üzvü deyil. Bu səbəbdən də ölkəmizin hər hansı nümayəndəsi və ya nümayəndə heyəti AP-nin iclaslarına qatılmır və müzakirələrdə iştirak etmir. Parlamentlər səviyyəsində əməkdaşlıq 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” çərçivəsində tənzimlənir. Bu sazişin müddəalarına əsasən, Aİ ilə Azərbaycan arasında aparılan müzakirələrə parlamentləri də cəlb etmək üçün AP-nin və Milli Məclisin deputatlarından ibarət əməkdaşlıq komitəsi yaradılıb. Əməkdaşlıq Komitəsinin iclasları ildə bir dəfə keçirilir. Yalnız tərəflərin razılığı olduğu halda birgə bəyanat və tövsiyələr qəbul edilə bilər.

2011-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının parlament formatı olan Avronest Parlament Assambleyası təsis olunub. Qurum “Şərq tərəfdaşlığı” ölkələri ilə parlamentarilər səviyyəsində demokratiya, insan haqları və qanunun aliliyi məsələlərini müzakirə etmək üçün platforma kimi nəzərdə tutulmuşdu. Eyni zamanda, Azərbaycan onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərəcəyinə, Avropa İttifaqı ilə əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidli idi.

Göründüyü kimi, bu gözləntilər nəinki özünü doğrultmadı, üstəlik, AP-də Azərbaycana qarşı ardıcıl fəaliyyət göstərən qrup formalaşdı və bütün səylərini qurumun mövqeyini və imkanlarını Azərbaycana qarşı yönəltmək üzərində cəm etdi. 1996-cı ildə Aİ ilə Azərbaycan arasında imzalanmış sazişə əsasən, AP-nin ölkəmizlə bağlı qəbul etdiyi sənədlər qarşılıqlı razılıq əsasında müzakirəyə çıxarıla və qəbul edilə bilər. Həm də hər hansı məsələ əvvəlcə əməkdaşlıq komitəsində müzakirə edilməlidir. Ən azından bu gün müzakirə edilən məsələlər öncə “Avronest”in müzakirəsinə çıxarıla bilərdi. Amma göründüyü kimi, elementar prosedur qaydaları belə bir kənara atıldı.

Ekspertlər AP-də fəaliyyət göstərən anti-Azərbaycan qrupun motivlərini müxtəlif cür izah edirlər. Onun Ermənistan və ya erməni lobbisi ilə əlaqəli olması, islamofobiya, Azərbaycandan narazı olan müxtəlif dairələrin təsiri və s. kimi əsaslı izahları var.

Azərbaycana qarşı təzyiqlərin məhz ölkəmizin müstəqil siyasəti, xüsusilə enerji ehtiyatlarının hasilatı və nəqlində öz milli maraqlarına uyğun addımlar atması ilə bağlı olduğunu iddia edənlər də haqlıdırlar. Qərbin bəzi dairələri hesab edirlər ki, müxtəlif ölkələrin zəngin enerji ehtiyatları yalnız onların maraqlarına xidmət etməlidir. Buna nail olmadıqları təqdirdə isə müxtəlif bəhanələrlə təzyiqlərə başlayır, sanksiyalar tətbiq edir və hətta hərbi müdaxilələrə qədər gedib çıxırlar. İraq, Liviya, Suriya və digər ölkələrdə baş verənlər, hər halda, bunun sübuta ehtiyacı olmayan əyani örnəkləridir.

Bu təzyiqlər həm də ölkəmizin anti-İran və anti-Rusiya xarakterli layihələrdə yer almaqdan imtina etməsi ilə bağlı ola bilər. Sirr deyil ki, həm Qərb mediası, həm də bəzi ekspertlər Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq üçün durmadan dəridən-qabıqdan çıxırlar.

Təbii ki, son 11 ildə Azərbaycanın inkişafı da Avropada bəzilərini bərk narahat edir. 2011-2014-cü illərdə ölkəmizə qarşı qəbul olunmuş 4 qətnamənin xarakteri də onların sifarişli olduğuna dəlalət edir. Örnək üçün, 2012-ci il mayın 24-də qəbul edilmiş qətnamə “Avroviziya” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkil olunduğu bir vaxta təsadüf edirdi. Halbuki cəmi bir ay sonra AP ilə Milli Məclisin əməkdaşlıq komitəsinin iclası təyin olunmuşdu və tələsmədən narahtlıq doğuran məsələləri orada da müzakirə etmək olardı.

Sonuncu qətnamə isə “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində qəbul edilib. Göründüyü kimi, Azərbaycana qarşı fəaliyyət göstərən qrup məqsədyönlü şəkildə ələmatdar hadisələri hədəf seçir və bu, artıq adət halını alıb. Həmin qətnamənin 15-ci bəndində Beynəlxalq Olimpiya Komitəsinə Azərbaycan hakimiyyətinə təsir göstərilməsi üçün çağırış edilməsi də bu kontekstdə başa düşülməlidir. Yəqin ki, gələn il l-ci Avropa oyunları ərəfəsində məlum qrup təkrar bənzər təşəbbüslərlə çıxış edəcək.

Azərbaycanın əleyhinə qəbul edilən qətnamələri hazırlayan və müzakirəyə çıxaran qrupun tərkibi də maraqlıdır. 2012-ci ildəki qətnamə 754 deputatı olan AP-nin yalnız 56 üzvünün iştirakı etdiyi iclasda müzakirə edildi və 49 nəfərin lehinə səsverməsi nəticəsində qəbul olundu. İddia olunur ki, budəfəki qətnamə layihəsi 46 deputat tərəfindən hazırlanıb. Ancaq onların kimliyi açıqlanmır. Çox böyük ehtimal ki, həmin qətnamə layihəsi elə Azərbaycanda, lap elə özünü Milli Şura kimi təqdim edən hayhayı gedib vayvayı qalmış qurumda və ya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən QHT-lərdən birinin ofisində hazırlanıb və sonradan məlum qrupun sənədi kimi AP-nin gündəliyinə daxil edilib. Onu da qeyd edək ki, sentyabrın 18-də bu qətnamə müzakirəyə çıxarılarkən iclas zalında cəmi 30-40 deputat iştirak edib. Həmin gün AP-nin müzakirəsinə ümumilikdə 8 məsələ çıxarılıb. Müzakirələrdən sonra iclas zalına daxil olan parlamentarilər də məsələlərin mahiyyətinə varmadan düymələri basıblar. Nə etmək olar, bu da avroparlamentarilərin təmsil olunduqları quruma, Avropa İttifaqı dəyərlərinə, Avropa xalqlarının taleyinə göstərdikləri bir münasibətdir.

O ki qaldı həmin 46 nəfərə, onların bu və ya digər şəkildə erməni lobbisi ilə əlaqəli olduğu iddia edilir. Hətta deyilir ki, Azərbaycanda Ermənistanın kəşfiyyat-diversiya qrupunun həbs edilmiş bir üzvü ürək xəstəliyindən dünyasını dəyişdikdən sonra həmin qrup Ermənistan rəhbərliyinə başsağlığı verib. Təbii ki, öz ata-baba yurdunu ziyarətə gedən azərbaycanlının ermənilər tərəfindən işgəncələrlə qətlə yetirilməsi ilə əlaqədar bir söz də səsləndirilməyib. Bunu da ermənipərəstlik, islamofobluq, xristian həmrəyliyi – qısası, kim necə istəyir elə də başa düşsün.

Qətanmənin məzmununa baxaq. Onun motivi 6-cı bənddə açılır. Burda deyilir: “Azərbaycan hökuməti Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ziyalıları və gənc fəalları arasında əlaqələrin yaranmasına mane olmamalıdır. Bu sahədə Leyla Yunusla Arif Yunusun fəaliyyəti böyük əhəmiyyət kəsb edirdi”.

Göründüyü kimi, əsas məqsəd Azərbaycan cəmiyyətini ermənilərə güzəştə getməyə hazırlamağa hesablanmış “xalq diplomatiyası”nı müdafiə etməkdir. Maraqlıdır, İŞİD və “Taliban”la Qərbi barışdırmağa, Qərb ictimai rəyini onların xeyrinə güzəştə getməyə çalışan qüvvələrə qarşı Avropa və ABŞ-da necə davranılardı? Ukraynada Krımın itirilməsi ilə barışıb Rusiyaya güzəştə getməyə çalışanlar həbs olunanda bu, Ukrayna xüsusi xidmət orqanlarının peşəkarlığı kimi təqdir olunurdusa, eyni fəaliyyətlə Azərbaycan hüquq mühafizə orqanlarının məşğul olması üçün niyə Avropa qurumlarının xeyir-duasını gözləməliyik?

Qətnamənin 3-cü bəndi də Arif və Leyla Yunusların müdafiəsinə həsr olunub. Həmin bənddə deyilir: “Hakimiyyət Leyla Yunus, Arif Yunus və bütün hüquq müdafiəçilərinin fiziki və psixoloji sağlamlığını təmin etməli, təcili olaraq onlara zəruri tibb xidməti göstərilməsini, o cümlədən xəstəxanaya yerləşdirilməsini təmin etməlidir”. Halbuki az əvvəl aparılmış monitorinqlərdən sonra beynəlxalq qurumlar Azərbaycanda penitensiar xidmət sahəsində uğurlu islahatlar olduğunu qeyd etmişdilər. Psixi sağlamlığa gəlincə, bu, bir insanın fərdi durumu ilə bağlı məsələdir. L.Yunusun efir qarşısında soyunub təbii ehtiyaclarını ödəmək səviyyəsində psixi aşınmasının səbəbkarı, hər halda, Azərbaycan penitensiar xidməti deyil.

Qətnamənin 12-ci bəndində müxtəlif Avropa qurumları Azərbaycana qarşı daha sərt addımlar atmağa, “daha çox prinsipi” ilə hərəkət etməyə, hətta vəziyyət dəyişməyənə qədər Avropa Komissiyasını Yaxın Qonşuluq Siyasəti çərçivəsində Azərbaycana ayrılan maliyyəni dayandırmağa çağrılır.

Maraqlıdır, bu şantaj metodları ilə AP-dəki məlum qrup kimi qorxutmağa çalışır? Azərbaycanın Avropa Komissiyasının qəpik-quruşuna bir o qədərmi ehtiyacı var? Axı onsuz da Azərbaycana ayrılan vəsait Ermənistana ayrılan vəsaitdən çox-çox az idi. Bəlkə Azərbaycandan kəsib Ermənistana “daha çox” ötürmək niyyəti var bu “avropalıların”? Bunu daha çox açıq şəkildə etmək olmazdımı?

Azərbaycandan “daha çox” pay istəmək prinsipini ört-basdır etmək üçünsə “daha çox” demokratiya haqda ucuz tələblər gündəmə gətirilir. Hərçənd “daha çox” məsələsində ifrata varıldığını ara-sıra avropalı emissarların özləri də etiraf edirlər. Etiraf edilir ki, sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər Avropa və ABŞ-da daha çoxdur, nəinki Azərbaycanda. Etiraf edilir ki, Azərbaycanın mətbuat və söz azadlığı sahəsində qanunvericilik aktları daha liberaldır, nəinki Avropanın. Azərbaycandan “Diffamasiya haqqında” qanunun qəbulunu istəyən siyasətçilərin öz ölkələrində bu qanunun ictimai müzakirəsi belə keçirilməyib. “Daha çox” prinsipinin bir məqsədi də budur – Azərbaycanı hüquqi ekperimentlər üçün platsdarma çevirmək.

Qətnamənin ikinci bəndində “Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Həsən Hüseynlinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasının, onlara qarşı bütün ittihamların aradan qaldırılmasının” tələb edilməsi də hüquqi cəzasızlıq mühiti yaratmağa çağırış kimi qimətləndirilməlidir. Milli təhlükəsizlik və vergi qanunvericiliyi istənilən ölkə üçün prioritet məsələlərdir. Dövlət varsa, o öz təhlükəsizliyini təmin etməli və büdcəsini formalaşdırmaq üçün vergi qanunvericiliyinə əməl edilməsinə çalışmalıdır. Vergidən yayındırılaraq Türkiyədə və Almaniyada alınan daşınmaz əmlakların, milyonlarla avronun hesablarının sorulması AP-dəki məlum zümrəni niyə bunca narahat edir?

Azərbaycanda vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur. Bəyanatda adları çəkilmiş şəxslər konkret cinayət əməllərində təqsirləndirilirlər və onların mühakiməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq aparılır. Yerli məhkəmələrdən narazılıq olacağı təqdirdə isə həmin şəxslər Avropa Məhkəməsinə müraciət etmək hüquqlarını özlərində saxlayırlar. Yəni hələ məsələlər tam araşdırılmadan, ortada konkret məhkəmə hökmü olmadan bu avropalıların çıxıb Azərbaycan ədalət sistemini şübhə altına alması yalnız və yalnız ölkəmizə qarşı süni basqı imkanlarının yaradılması istəyilə bağlı ola bilər. Məhz ona görə də bunlar bugünədək sağda-solda səsləndirdikləri fikirləri AP-nin rəsmi sənədi kimi qəbul etdirmək üçün canfəşanlıq edirdilər. Amma bir şeyi unudurlar ki, Azərbaycan bütün məsələlərdə öz dövlət maraqlarından çıxış edir, hansısa 3-5 Avropa deputatının deyil, öz xalqının istəyi və iradəsinə uyğun davranır. İndi də elə olacaq.

Oxunma sayı: 4228