“Nidaçılar”, Sərdar Əlibəyli və Əvəz Zeynallı

Azər Həsrət

Azər Həsrət

Azər Həsrət, azər@azerhasret.com

Son aylar ərzində Azərbaycanda QHT-lərlə, özəlliklə də ölkə daxilində fəaliyyət göstərən xarici QHT-lərlə bağlı proseslər fonunda bir də “siyasi məhbus” dəllallarının fəallığı diqqət çəkir. Ən maraqlısı isə budur ki, kiminsə yatıb yuxuda gördüyü, səhər qalxıb tərtib etdiyi hansısa siyahı əsas tutularaq Azərbaycan yerdən-yerə vurulur. Ölkəmizin yerini xəritədə belə düz-əməlli tanımayan bir sıra xarici təşkilatlar, bəzi deputatlar bizi az qala dünyanın bütün bəlalarının səbəbkarı kimi qələmə verirlər. İddiaları da budur ki, Azərbaycanda diktatura var, sən demə, insanlar qorxudan küçəyə belə çıxa bilmir, biz çox ciddi senzura və basqı altında yaşayırıq. Hər halda, onlar belə iddia edir.

Təbii ki, ölkə içində oturub hər şeyi öz dərisində hiss edən və ədalət hissini itirməmiş insanlar isə bunun əksini görür. Bu ölkədə hətta elə bir durum da var ki, illər öncə “siyasi baxışlarına görə təqibə məruz qaldığı üçün” Azərbaycandan mühacirət etmiş insanlar belə istədikləri vaxt bura gəlib-gedir, hətta övladlarına Bakının tən ortasında toy da edirlər. Amma o beynəlxalq siyasət dəllalları bunu da görməzlikdən gəlir, iddia edirlər ki, Avropa Azərbaycan siyasi mühacirlərilə dolub-daşır, çünki bu ölkədə dözülməz şərait var. Nə isə, sözümüz bunda deyil. Keçək əsas məsələyə.

Məni bu yazını yazmağa sövq edən səbəb “nidaçı” kimi tanınan gənc Ömər Məmmədlinin Prezident İlham Əliyevə əfv üçün müraciəti oldu. Bu gənc normal olaraq ölkə başçısına müraciətlə “valideynlərinin yaşlı olmasını, özünün gəncliyini, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilini başa çatdırmaq istəyini nəzərə alaraq” ona imkan yaradılmasını xahiş edir. Şəxsən düşünürəm ki, düz də edir. Çünki bu cür gənclərin kimlərinsə fitvasına aldanaraq həbsxanalara düşməsi təkcə onların özlərinin deyil, yaxınlarının, mənsub olduqları toplumların da böyük itkisidir. Bu baxımdan bu gəncin müraciətini təqdir etmək lazımdır.

Yeri gəlmişkən, bir müddət öncə daha altı “nidaçı” da Prezidentə müraciət edərək bu ölkəyə azadlıqda daha çox fayda verə biləcəklərini bəyan etmişdi. Çox sağlam və əsaslı yanaşmadır. İstər Ömər Məmmədlinin, istərsə də ondan öncə Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadənin prezident İlham Əliyevə müraciəti, məncə, uyğun şəkildə nəzərə alınarsa, bu, işin faydasına olar. Bu gənclər enerjilidir, millətə və dövlətə fayda verməyə hazırdır və buna görə də onlara o imkan yaradılmalıdır.

Bu arada daha bir məqamı qeyd edim ki, Avropalılar “siyasi məhbus” iddialarıyla Azərbaycanın üzərinə gələrkən qeyri-siyasi səbəblərlə həbsə düşmüş həmkarımız Sərdar Əlibəyli də çox kişiyana bir açıqlamada bulundu. O, çörəyi “siyasi məhbus”lardan çıxanlara müraciətlə adının belə siyahılardan çıxarılmasını yumşaq şəkildə tələb etdi. Əsaslandırması da bu idi ki, hər kəsin Azərbaycanın üzərinə ayaq açmaq istədiyi, Ukrayna, Yaxın Şərq, Rusiya kimi ölkələrdə baş verənlərin həm də bizə risk təşkil etdiyi bir vaxtda bədxahlarımızın əlinə bəhanə vermək olmaz.

Açığı, belə bir müraciəti şəxsən mən “Xural” qəzetinin həbsdəki baş redaktoru Əvəz Zeynallıdan da gözləyirdim. Çünki bilirəm ki, Əvəz bəy Millət və Dövlət məsələlərində həmişə həssas olub və şübhə etmirəm ki, indi də eyni səviyyədə həssaslığını qoruyur. Hər halda, bizim ondan belə bir gözləntimizin olduğunu bilməsini istərdim.

Həm də düşünürəm ki, istər birilərinin fitvası üzündən yanlış yola düşərək dustaq olan “nidaçılar”ı, istərsə də Sərdar Əlibəyli, Əvəz Zeynallı kimi insanları artıq həbsdən azad etmək üçün cənab Prezident öz iradəsini nümayiş etdirməklə “siyasi dustaq” dəllallarını birdəfəlik susdura bilərdi. Söz yox ki, biz Azərbaycanın hüquqi dövlət olması, hər şeyin qanunlarla həll edildiyini gözardı etmirik. Və əlbəttə ki, istər Azərbaycan dövləti, istərsə də onun rəhbəri hansısa beynəlxalq qurumların basqıları qarşısında geri çəkilib güzəştə də getməməlidir. Sadəcə, öz vətəndaşımız olan, ya zəlzələdən, ya vəlvələdən hazırda həbsdə olan, azadlıqda olacağı təqdirdə bu ölkəyə daha çox fayda verə biləcək insanların dustaq evində saxlanması işin xeyrinə deyil. Əlbəttə, məsələnin daha doğrusunu, bütün hallarda, cənab Prezidentin özü bilir və ona yol göstərmək də bizə düşməz.

Sonda özəlliklə vurğulamaq istərdim ki, yenə də kimlərsə ortaya atılıb bu gəncləri gözümçıxdıya salacaqlar ki, niyə Prezidentə müraciət edirsiniz? O adamlara demək lazımdır ki, kimsənin başqasının seçiminə qarışma haqqı yoxdur. Hər kəs etdiyi əmələ görə özü cavab verir və bu, başqalarının zərərinə deyilsə, anlayışla qarşılanmalıdır.

Bir də onu əlavə edim ki, Sərdar Əlibəylinin müraciətindən yetərincə uzun zaman keçsə də beynəlxalq qurumlar hələ də onu siyasi məhbus siyahısında saxlamağa davam edirlər. Bu isə bir daha sübut edir ki, onlara süni də olsa şişirdilmiş siyahılar lazımdır…

Oxunma sayı: 3771