Xəzər TV. Azər Həsrətlə “Tərs bucaq”. 19 oktyabr 2014 – Video

Tərs bucaqda xoş gördük, əziz tamaşaçılar.

Çexiyanın paytaxtı Praqada, adını “Ehtiyac sahibləri” kimi tərcümə etdiyimiz “People in Need”təşkilatı Azərbaycanla bağlı aksiya keçirib. Xaricdə oturub ölkəmiz haqda qarayaxma kampaniyası aparan sapı özümüzdən olan baltaların da yaxından iştirak etdiyi aksiya Azərbaycan xalq yaradıcılığındakı şəbeh və küçə oyununu xatırladıb.

“Ehtiyac sahibləri” təşkilatı Avropa Birliyinin Azərbaycana xüsusi qərəzli münasibətilə fərqlənən genişlənmə işləri komissarı, Çexiyalı keçmiş kommunist Ştefan Fülenin Sosial Demokrat Partiyasına yaxınlığıyla bilinir. Üstəlik bu təşkilatın Çexiyada vətəndaş cəmiyyətinin maraqlarını ayaqlar altına atdığı da geniş bilinən bir məsələdir. Elə ona görə də bu qurum öz ölkəsindəki problemləri görməzlikdən gəlib Azərbaycan kimi yeni demokratiyaları hədəfə almaqla guya insan haqlarına xidmət etdiyini göstərmək istəyir. Nəticədə də bu cür küçə oyununa qədər enir.

Soruşmaq istərdik ki, “Ehtiyac sahibləri” təşkilatı, örnək üçün, ABŞ-da daha bir qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz edən 49 nəfərin həbsinə ümumiyyətlə səssiz qaldığı halda necə olur ki, heç vaxt məşğul olmadığı, düz-əməlli tanımadığı Azərbaycana bu qədər “can” yandırır? Hər halda, açıq sualdır.

Söz ABŞ-dan düşmüşkən, son iki ayda dünyanın diqqətini cəlb edən məlum Ferguson olayları yenidən qızışıb. Polis daha bir qara dərili gənci öldürüb və insanlar etiraz üçün küçələrə çıxıb. Etirazçılar həm də ona etiraz edir ki, Sent Luis prokuroru Robert Makkallok ədalətsiz mövqe tutur.

"Tərs bucaq", 19 oktyabr 2014

“Tərs bucaq”, 19 oktyabr 2014

“The Guardian” qəzeti, 9 oktyabr 2014: “Prokuror Makkallok polisin tərəfini tutmaqda günahlandırılır. Narazılar bir zamanlar qara dərili şəxs tərəfindən öldürülmüş ağ dərili polis zabitinin oğlu olan prokurorun işdən kənarlaşdırılmasını, Missuri qubernatoru Cey Niksonun hadisəni araşdırmaq üçün yeni prokuror təyin etməsini tələb edirlər. Etirazçılar həm də Ferguson meri Ceyms Nouls və şəhər polis rəisi Tom Cəksonu istefaya çağırırlar”.

Göründüyü kimi, yerli insanlar polis özbaşınalığından, bu özbaşınalığı araşdırıb günahkarları cəzalandırmalı olan hüquq mühafizə orqanlarından şikayətçidir. Özü də bu etirazlar bu il avqustun 9-da polisin silahsız bir qaradərili gənci öldürməsindən sonra vüsət alıb. Yəni insanlar irqi ayrıseçkilkdən cana doyaraq küçələrə çıxıblar. Ədaləti təmin etməli olan dövlət qurumlarısa etirazçılara divan tutub. Sonucda bugünədək son 49 nəfər də daxil olmaqla 300-dək etirazçı həbs edilib və oktyabrın 13-də daha bir qaradərili gənc polis tərəfindən öldürülüb. Burada maraqlı məqam ondan ibarətdir ki, gənci öldürən polis zabiti bunu işdən kənar vaxtda edib, mülki geyimdə olub və öz qurbanına 17 güllə vurub. İddia olunur ki, qaradərili gənc polisə atəş açdığı üçün cavab atəşilə öldürülüb. Şahidlər və öldürülmüş Vonderit Mayers adlı 18 yaşlı gəncin yaxınları isə polisin yalan danışdığını, mərhumun silahsız olduğunu deyir. Onlar Mayersin səndviç yeyərkən öldürüldüyünü bildirirlər.

Bütün bu özbaşınalıqlara etiraz etdiyi üçün həbs edilənlər arasında ABŞ-ın məşhur filosoflarından biri, akademik və ictimai-siyasi xadim Kornel Uest də var. Bu şəxs öz çalışmalarında ABŞ-dakı irqçiliyi və ədalətsizliyi qısa olaraq “irqçi partiarxal dövlət” təqdimatı ilə ifadə edir.

Polisin tərəf tutması hələ avqustun 9-da Maykl Braun öldürüldükdən sonra da məlum idi. Fergusonda etirazlar baş qaldırdığı zaman polislər öz həmkarlarını qorumaq üçün kütləvi etiraz aksiyasına başlayacaqlarını bəyan etmişdilər. Onların məntiqinə görə, adam öldürən polis cəzalandırılmamalıdır. Elə Missuri rəsmiləri də bu cür düşünür.

Reuters, 7 oktyabr 2014: “Missuri rəsmiləri məhkəmə qaradərili gənci öldürmüş ağdərili polisi günahsız elan edəcəyi təqdirdə baş verəcək etirazları önləmək üçün kəşfiyyat bilgiləri toplayıb hərəkət planları cızır”.

Fikir verirsinizmi? Xalqın etiraz edəcəyini bilirlər, buna uyğun hazırlıq da görürlər. Bu isə bir daha sübut edir ki, ABŞ ədalət sistemi qüsurludur, siyasi hakimiyyətdən asılıdır və müstəqil deyil.

Ümumiyyətlə isə, ABŞ-da polislə ən adi mübahisə belə öldürülmək üçün səbəbdir. Bu ölkə polisiylə yüksək səslə danışan insanı rahat bir şəkildə öldürüb qanını batıra bilir hüquq mühafizəçiləri. Hələ adam qara dərili, yaxud da müsəlman olsa, ümumiyyətlə qanı bir qəpiyə dəyməz.

Bütün bunların fonunda yenə də Çexiyada təşkil edilmiş küçə oyununa qayıtmaq istərdim. Nə həmin oyunun rejissor və oyunçuları, nə də onlar kimi dünyada insan haqlarını qoruduğunu iddia edən beynəlxalq təşkilatlar ABŞ-da baş verməkdə olan qanlı polis olaylarına ən adi reaksiyanı belə vermirlər. ABŞ-da az qala hər gün insanlar polis tərəfindən öldürülür, irqi, dini ayrıseçkilik adi hala çevrilib. Bir tərəfdə hədsiz zənginləşmə, digər tərəfdə isə hər gün həyatın dibinə yuvarlananların arasında fərqlər katastrofik şəkildə artır. İnsan haqlarının pozulamsı isə normaya çevrilib, amma beynəlxalq qurumlar hələ də Azərbaycanda barəsində ən adi istintaq aparılanları siyasi məhbus elan etməklə məşğuldur. Budurmu sizin ədalətiniz?

Gecəniz xeyrə qalsın.

Oxunma sayı: 912
Share