Qısır qafalı leş gözləyənlər…

Azər Həsrət, azer@azerhasret.com

İl 2014, 21-ci yüzildir. Bunlarsa hələ də orta yüzillər təfəkküründən uzağa gedə bilmirlər. Danışanda Avropa, ABŞ demokratiyasından, dəyərlərindən dəm vururlar. Amma danışdıqlarının yanından keçəcək qədər də səviyyələri yoxdur.

Sözümün canı var.

Kəndimizdə, Xaçmazın Dədəlisində ev tikirəm. Yaxın dostlarım, özəlliklə də Facebook izləyicilərim az qala bütün prosesi görürlər. Çünki hər daşı daş üstündə qoyanda şəklini çəkib dostlarla paylaşıram. Nə qədər də olmasa ev tikirəm, sevinirəm. Üstəlik bu ev bizim ailəmizin Ata Yurdudur. Bəli, babalarımdan qalmış iki qatlı evi dağıdıb yerində çağımıza uyğun kiçik bir ev tikirəm.

Mənim bu tikinti işimə dostlarım da sevinir. Paylaşdığım şəkillərə baxıb “xeyirli olsun” deyirlər. Hər şəkli də ən azı yüz nəfər bəyənir, onlarla insan xoş arzularını bildirir.

Düzdür, iş bir az zəif gedir. Çünki elə sürətlə ev tikəcək qədər maddi imkanlarım da yoxdur. Həm də tələsməyə gərək duymuram. Kimsənin yaşamadığı Yurdda ev tikirəm axı…

Demək olar ki, bütün yayı və indi də payızı bu işə zaman və enerji xərcləyirəm. Və sevinirdim ki, bugünədək heç kimsənin ağzından çiy söz çıxmadı bu evlə bağlı. Hətta uzaq xaricdən belə dostlar, tanışlar yalnız və yalnız xoş diləklərini çatdırırlar. Adətdəndir zatən. Birisi bir xeyirli işə başlayanda “Allah xeyir versin” deyərlər. Hələ hələ bizim milli mentalitetimizi, dəyərlərimizi nəzərə alsaq, bu cür diləklər mütləq olmalıdır.

Amma bu yüzlərlə diləyi diləyənlərin arasında biri də tapıldı ki, nifrinini qusmaqdan özünü saxlaya bilmədi.

Məsələ nifrin qusmağın özündə deyil, onu kimin qusmağındadır. Bəlkə də başqa, özəlliklə də məni tanımayan birisi olsaydı bu mövzuya heç toxunmazdım da. Amma məni yaxşı tanıyan, kim olduğumu yaxşı bilən və üstəlik də özünü hazırkı hakimiyyətdən qat-qat üstün tutan birisi bu qədər aşağı enərək bütün milli dəyərləri ayaqlar altına atıb bir neçə gün öncə “Xoş gördük, dostlar. Kənddən salamlar! İkinci mərtəbəyə yavaş-yavaş başladıq” fikrilə müşayiət olunan şəklin altına belə yazdı: “Rejim qulluğunu bir az da artır, tezliklə daha yüksək “mərtəbəyə” qalxarsan. Ancaq özünü “türkçü” adlandırmaqdan daşın!” Bunu yazan kim ola sizcə? Xaliq Bahadır! Bəli, “Azadlıq” qəzetinin məşhur yazarı, Xalq Cəbhəsi Partiyasının qalmaqallı simalarından biri!

Yuxarıda da qeyd etdiyim kimi, bizim milli dəyərlərimiz tələb edir ki, insanlar bir-birilərinə düşmən olsa belə hansı sözü harda deyəcəyinə diqqət etməlidir. Örnək üçün, iki qan düşmənindən birinin yası düşərsə, belə bir gündə düşmənçilik unudular, hətta mərhumun ailəsinə başsağlığı verilər. Yaxud da düşmənlərdən biri xeyirli bir işə başlarsa, digər düşmən onunla haqq-hesabını bir müddət sonraya saxlar. Yəni bizim yüzillərin ötəsindən gələn dəyərlərimiz ictimai münasibətləri belə tənzimləyir. Bu tənzimləmədən kənara çıxanlarsa hər zaman qınağa tuş gəlib, lənətlənib.

Demək istədiyim odur ki, bu Xaliq bəyin mənimlə siyasi polemika açmaq, mübahisə etmək və özünün təbirincə desək, “rejim qulluğu”nda ittiham etmək, özümü “türkçü” adlandırmaqdan çəkindirmək fikri varsa, bunun üçün birbaşa və başqa şəraitdə müraciət edə bilərdi. Etməyib. Amma tikilməkdə olan evimin şəklinə baxıb, nifrinini məhz ora qusub!

Yenə də təkrarlayıram ki, bu məsələnin üzərindən keçə bilərdim. Amma ona görə keçmirəm ki, Xaliq Bahadır və onun qəzeti, partiyası durmadan “rejim”ə əxlaq dərsi keçməklə məşğuldur. O zaman sual edirəm, budurmu əxlaq? Budurmu dəxli olmadan və üstəlik də milli dəyərlərimizlə daban-dabana zidd olan davranış sərgiləyib özünü daha üstün göstərmək?

Soruşmaq istərdim: xoşunuza gəlməyən nədir axı? Olmaya iddia edəcəksiniz ki, bu evi mənə bu “rejim” tikir? Əgər içinizdə belə bir xılt varsa, onu boşaldın! O evi mənə kimsə tikmir! Sizin düşündüyünüz kimi “rejim” tiksəydi, indi o ev tamamlanmış olmalıydı! Amma görürsünüz ki, mən onu sürünə-sürünə tikirəm və üstəlik də hər bir daşının qoyulmasını bütün dünyaya göstərirəm. Çünki əməlim təmizdir də, ondan.

Sözügedən yazışmadan fraqment

Sözügedən yazışmadan fraqment

Bu arada çoxdankı dostum, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözü gedən şəklin altına Xaliq bəydən öncə yazdığı şərh də lap yerinə düşüb: “Başqan müdrikdir. Tikintidən canlı yayım verir ki, sonra ağzıgöyçəklər deməsin ki, Azər Həsrətə villa bağışlayıblar”. Sahib bəy həqiqətən çox uzaqgörən adammış vallah! Ondan düz 2 saat 21 dəqiqə sonra Xaliq Bahadır elə məhz buna bənzər bir ibarəylə könlümüzü bulandırmaq istədi! Amma istəyinə nail ola bilmədi. Çünki dostlarım onun cavabını verdi. Özü də artıqlamasıyla!

Görürsünüz, adi bir münasibət bunların xislətini ortaya çıxarmağa yetir. Bununla belə bir az da irəli gedib ümumiyyətlə bu adamın mənsub olduğu dəstənin mahiyyəti haqqında bir neçə söz demək də yerinə düşərdi.

Hər kəsin gözü önündə bir müddət öncə ölkə Prezidenti İlham Əliyev xoş məram nümayiş etdirərək haqqında mübahisələr gedən bir neçə məhbusu azad etdi. Təbii ki, belə bir hərəkət təqdir olunasıdır. Bundan sonra Azərbaycan hakimiyyəti vətəndaş təşəbbüslərinə sıcaq yanaşaraq mübahisəli məhbus problemini həll etmək üçün bir işçi qrup yaratdı. Bu qrupa həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin üzvləri daxil edildi. Aralarında şəxsən mənim çox güvəndiyim və yaxşı tanıdığım Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Sahib Məmmədov, Azay Quliyev, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı, Eldar Zeynalov, Arzu Abdullayeva kimi şəxslərin olduğu qrupun millət və dövlət naminə böyük işlər görəcəyi şübhəsizdir. Amma fikir verdinizsə, bu Xaliq Bahadırın da təmsil olunduğu qəzet və partiya bütün bunlardan da öz cılız siyasi məqsədləri üçün istifadə etməyə çalışdı.

İddia etdilər ki, hakimiyyət bunlardan qorxduğu üçün o məhbuslardan bəzilərini azad etdi. Amma bəlli oldu ki, azad edilənlər heç də bunların adamları və tərəfdarları deyil, bir zamanlar bunlara uyub səhv etdikləri üçün həbsə düşənlərdir. Yəni cənab Prezident alicənablıq edib onları bağışladı ki, normal həyata davam etsinlər.

Sonra da iddia etdilər ki, bu işçi qrup da, sən demə, onların davamlı basqı və tələbləri sonucu qurulub. Amma qrupun tərkibini də “daşa basmaqdan” çəkinmədilər.

Bunlar iddia edirlər ki, həmin tərkib ədalətsiz olacaqmış! Ədəbsizliyin də bu qədərinə nə deyəsən axı?

İndi bunlara bir-bir xatırladaqmı ki, bu güvənmədikləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Sahib Məmmədov və digərləri neçə dəfə elə onların özlərini həbsdən çıxarıb? Adam axı bu qədər unutqan olmaz! Siz bu qısır qafanızla bu millətə nəyi sübut etmək istəyirsiniz? Hətta sizin sevimliniz Leyla Yunusovanın yaxın dostu Mirvari Qəhrəmanlı da orda təmsil olunur. Daha nə istəyirsiniz?

Bunların nə istədiyi şəxsən mənə bəllidir. Bu dəstə Azərbaycanda daim problem olmasını istəyir. Bunlar üçün sakit, sabit Azərbaycan əlverişli deyil. Elə olmasaydı problemli məhbuslarla bağlı bu işçi qrupunu gözdən salmağa deyil, onun işinə yardımçı olmağa çalışardılar. Hələ xatırladım ki, belə bir qrupun təşkilini bunların çox sevib ətəyində namaz qıldığı ABŞ Dövlət Departamenti, Avropa qurumları da dəstəklədi. Və dərhal da onları az qala xain elan etdilər. İndi gəl də bunlardan soruşma ki, məgər o siz deyilmiydiniz ki, dünyaya səs salıb bəzi şəxsləri siyasi məhbus elan edən? İndi nə oldu, həmin adamların qapısı açılacaq deyə narahat oldunuz? Nədir, onlar həbsdən çıxarsa çörəksiz qalacağınız sizi bu qədərmi əndişələndirir? Narahat olmayın, Azərbaycan dövləti bütün bəd əməllərinizə rəğmən yenə də sizə sahib çıxacaq.

Sonda qeyd edim ki, Xaliq Bahadırın ən adi məişət məsələsinə verdiyi reaksiya, bax, burdan qaynaqlanır. Bunlar hər şeyi qara rəngdə görürlər. Çünki beyinləri, qafaları qısırdır. Bunların ağlı yaxşı heç nəyi idrak edə bilmir. Leş gözləyən quzğun kimidirlər. Qarınlarının doyması üçün mütləq nəsə, kimsə bədbəxt olmalıdır. Amma nə yaxşı ki, sayları azdır və azalmağa da davam edir. Bunu sübut etmək üçün uzağa da getmək lazım deyil. Xaliq Bahadırın məlum şərhini cəmi bir nəfər bəyənib ki, o da yəqin onun ağlında olan ikinci nüsxədir…

Oxunma sayı: 798
Share