Rus dili məsələsi və bir “başkəsən”

Azər Həsrət

Azər Həsrət

Azər Həsrət, azer@azerhasret.com

Bir neçə gün öncə internetdə Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbovun müsahibəsi yayımlanmışdı. Təbii ki, bunun özü xəbər deyil. Xəbər olan həmin müsahibənin rus dilində, özü də bəzi jurnalistlərin iddia etdiyi kimi, “şedevr” kimi təqdim edilməsi idi. Ölkənin ən populyar qəzetlərindən olan “Yeni Müsavat”dakı həmkarlarımız bu müsahibə haqqında qısa şərh yazaraq onu “Vasif Talıbovun rus dilində şedevr müsahibəsi – video” başlığı altında (14 noyabr 2014) təqdim etmişdilər. Şərhdə deyilirdi ki, “Bir baxaq və Naxçıvan rəhbərinin intellektinə heyran olaq…”

Bunun ardınca xəbər yayıldı ki, bu şərhin hazırlanmasında rolu olduğu deyilən jurnalist Aygün Muradxanlı ölümlə hədələnib. “Yeni Müsavat”ın “Vasif Talıbov üçün müxbirimizi başını kəsməklə hədələdi – skandal” başlığı altında verdiyi xəbərdə (17 noyabr 2014) deyilir ki, sosial şəbəkədə özünü Vüqar Cəfərov kimi təqdim edən şəxs məlum video-müsahibəni tirajladığı üçün jurnalisti ölümlə hədələyib.

Burda diqqətimi çəkən iki məqam var: media qurumlarımızın bir məmurun öz ana dilindən fərqli dildə verdiyi müsahibəyə rişxənd eləməsi və bunun yayılmasına görə jurnalistin hətta ölümlə hədələnməsi.

Əvvəlcədən deyim ki, Vasif Talıbovun məlum müsahibəsinə baxmışam və onun intellektilə bağlı hər hansı problem görmürəm. Yəni Azərbaycanda kifayət qədər tanınan bir siyasi xadim olması baxımından Vasif müəllim tam normal bir müsahibə verir. Rus dilini kifayət qədər yaxşı bilən birisi kimi, bəli, mən də iddia edə bilərəm ki, cənab Talıbovun bu dildə danışığını tənqid etmək olar. Amma özümüzə bu sualı verdikdən sonra: Vasif Talıbov ildə-ayda bir dəfə işlətdiyi əcnəbi dildə mükəmməl danışa bilməyə borcludurmu? Əgər o, ana dilimizdə müsahibə verərkən qüsurlu danışsaydı, bu başqa məsələ. Yad bir dildə müsahibə verib, əslində, o qədər də tənqidə səbəb olacaq səviyyədə danışmır, amma jurnalistlərimiz bunu ona irad tuturlar. Heyrət etməmək mümkün deyil!

Və bu jurnalistlərə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndan bir xatırlatma: “3.1. Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır”. Vasif Talıbovla bağlı məlum xəbərdə onun istifadə etdiyi dilə görə qabardılaraq pislənilməsinə cəhd elementi var ki, bu da jurnalist etikasıyla bir araya sığmır. Belə olan halda “Yeni Müsavat” da daxil olmaqla məlum videonu məhz tənqidi yöndən yayan bütün kütləvi informasiya vasitələri “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na uyğun olaraq səhvi aradan qaldırmalıdırlar: “3.4. Jurnalist və kütləvi informasiya vasitəsi buraxdığı səhvi, həmin səhvi kimin müəyyən etməsindən asılı olmayaraq, maksimum qısa müddətdə və tam həcmdə aradan qaldırmalıdır”.

Sual oluna bilər ki, bütün bunları niyə yazıram? Ona görə yazıram ki, həmkarlarım belə məsələlərdə diqqətli olsunlar. Vasif Talıbovun (elə başqa məmurların da) hansısa xarici dili bilməməsi, yaxud da zəif bilməsi qətiyyən qüsur deyil və buna görə onun intellektinə şübhə etmək yanlışdır. Hələ mən onu da soruşa bilərəm ki, Vasif Talıbovun rus dilində danışığına rişxənd edənlərin özləri, yaxud da işlədikləri qurumların rəhbərləri bu dili nə qədər mükəmməl bilir? Mənim tanıdıqlarım var və şəxsən görmüşəm ki, Vasif Talıbovdan qat-qat zəifdirlər rus dilində. Amma heç vaxt buna görə onlara irad tutulmasına razı olmadım, olmaram da.

Doğa biləcək bir suala da aydınlıq gətirmək istərdim. Soruşa bilərlər ki, bu video bir çox saytda yayımlandığı halda niyə məhz “Yeni Müsavat”ın üzərində dururam? Cavab çox sadədir: ona görə ki, bu qəzet hər zaman media etikasına mümkün qədər sadiq olub. Hətta səhvlərini etiraf edəcək, qarşı tərəfə mütləq imkan yaradacaq qədər. Digər tərəfdən də məhz bu qəzetin jurnalisti olayla bağlı ölümlə hədələnib. Elə bu yazının da yazılmasının ikinci əsas səbəbi bu hədədir.

Sosial şəbəkədə özünü Vüqar Cəfərov kimi təqdim edərək jurnalist Aygün Muradxanlını hədələyən bu şəxsin kimliyi mütləq müəyyən edilməlidir. Bundan sonra isə ona müvafiq cəza verilməlidir. Yəni Azərbaycan hüquq mühafizə orqanları belə təhlükəli özbaşınalığı cavabsız qoymamalıdır. Əgər o, doğrudan da Vasif Talıbova xüsusi rəğbəti olan biridirsə, həmin xəbərlə bağlı etik çərçivədə, hədəsiz-filansız bir müraciət göndərib qəzetdə dərc edilməsini xahiş edə bilərdi.

Bu adamın tapılıb cəzalandırılmasında həm də hörmətli Vasif müəllim maraqlı olmalıdır məncə. Çünki onun özü, barəsində haqsız yerə yaradılan rəyə heç bir reaksiya vermədiyi halda kiminsə çıxıb belə hədələr səsləndirməsi çox zərərli meyldir. Təbii ki, Azərbaycanı sevməyənlər bu adamın kimliyinin, Vasif Talıbova yaxın olub-olmamağının fərqinə varmadan olayı mütləq Naxçıvan rəhbərinin adına yazmaqla ümumilikdə ölkəmizi yenə də gözdən salmağa cəhd edəcəklər. Ona görə də bu olay sonadək çözülməli, qəzetlər yanlışı düzəltməli, jurnalisti öldürəcəyini iddia edənsə cəzasını almalıdır.

Oxunma sayı: 3960
Share