Əsl sənətçi və Mənsum İbrahimov fərqi

Azər Həsrət, azer@azerhasret.com

Lap çoxdan, bəlkə də bir il olar ki, bir yazı yazmaq keçirdi könlümdən. Ancaq hər dəfə “lənət şeytana” deyib vaz keçirdim. Lakin bu yaxınlarda Aynur Fətullayevanın təqdimatında İctimai TV-nin “Yeni gün” verilişinin qonağı olduqdan sonra qərarımı qətiləşdirdim. Səbəbkarsa Azərbaycan muğam sənətinin ən sayılıb-seçilən təmsilçilərindən biri Mənsum İbrahimov oldu. Yəqin ki, “nə dəxli var” deyib sual edəcəksiniz. Dəxli var və elə bu yazını məhz Mənsum İbrahimovu orda gördüyüm üçün yazıram.

Bəri başdan deyim ki, hörmətli sənətçimizi ilk dəfə görmürdüm təbii ki. Dost-yoldaşlığımız olmasa da tez-tez tədbirlərdə rast gəlirik bir-birimizə. Çox zaman da TV və radio kanallarımızda dinləyirəm onu. Bəzən də könlüm çəkəndə iş vaxtı internetdə tapıb dinləyirəm. Bir sözlə, bu sənətçi mənim üçün sənətinə, şəxsiyyətinə gerçəkdən dəyər verdiyim birisidir.

İndi də gələk İTV-dəki təsadüfi görüşümüzə.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ilə birlikdə media məsələlərindən danışmaq üçün dəvət edilmişdik ora. Tam təsadüf, Mənsum İbrahimov da heyəti – tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovla birlikdə ordaydı. Efir öncəsi gözləmə otağında TV-dən həm də onun ifasını dinləmək imkanımız oldu.

Biz studiyada yerimizi tutub efirə hazırlaşarkən də o, gözəl bir ifayla tamaşaçıları feyziyab etdi. Bizsə, TV tamaşaçılarından fərqli olaraq, onu üzbəsurət dinləyə bildik. Hər zamankı kimi möhtəşəm idi. İfa bitdikdən sonra arada reklam fasiləsi oldu, görüşdük, xoş-beş etdik. Birlikdə şəkil çəkdirdik və ayrıldıq. Ayrılanda diqqət etdim ki, öz qavalını (dəfini) özü götürdü. Yəni kimsə onun üçün qaval daşımadı. Yenə də deyəcəksiniz ki, nə dəxli? Bu dəfə də dəxli var və əslində, bu yazını yazmağımın əsl səbəbi də budur.

Yadigar Məmmədli, Mənsum İbrahimov və Azər Həsrət

Yadigar Məmmədli, Mənsum İbrahimov və Azər Həsrət

Yuxarıda qeyd etmişdim axı, bir yazı yazmaq keçirdi könlümdən. Bax, elə həmin yazı da bu mövzuda idi. Ancaq Mənsum bəy haqqında deyil. Başqası, bəlkə də heç barəsində yazılmağa layiq olmayan birisi haqqında. İndi də deyilə bilər ki, layiq deyilsə, niyə yazırsan? Bu da səbəbsiz deyil. Yazıram ki, başqalarına örnək olsun.

Hardasa bir il öncə (bəlkə də daha çox) İTV-nin eyni verilişinə dəvət edilmişdik. Biz efirə hazırlaşarkən, bu dəfəki kimi, Mənsum İbrahimov zirvəsinin yanından belə heç zaman keçə bilməyəcək yeni sənətçilərdən biri də eyni qaydada ifa edirdi. Muğam deyildi. Gitarada özü çalıb özü oxuyurdu.

Yadımdadır ki, o, hələ təzə-təzə səhnəyə çıxanda bir balaca diqqətimi cəlb etmişdi. Amma sonrakı illərdə görəndə ki, eyni şeyi, özü də bizə yad olan musiqini təkrarlamaqdan başqa bunda heç bir yenilik yoxdur, dinləməkdən vaz keçdim.

Yeri gəlmişkən deyim ki, nə o məni tanıyır, nə də mən şəxsən onu. Yaşımız fərqli, sənətimiz fərqli, heç vaxt da yollarımız kəsişmədi. Amma ictimai fəal, eyni zamanda gerçək sənətə biganə olmayan birisi kimi yeni səslərə, yeni sənətçilərə həmişə maraq göstərmişəm ki, görəsən bunun gələcəyi necə ola bilər? Azərbaycan incəsənətinə nə faydası toxuna bilər? O gənc də, dediyim kimi, ilk günlər diqqətimi çəkmişdi, amma baxmayaraq ki, tez-tez efirdə görünür, tükənmiş birisinə bənzəyir. Zəhlətökənlik olmasın, məsələ heç bunda da deyil.

Məsələ ondadır ki, həmin gənc həmin vaxt ifasını bitirib studiyanı tərk edərkən gitarasını… yanındakı köməkçisinə uzatdı! Yəni belə anladım ki, bu dünənki uşaq özüylə gitara daşıyan gəzdirir ayrıca! Sanki təpəmdən bir qazan qaynar su tökdülər! Hələ bir onun ədasını görəydiniz! Özündən razı, sanki Rəşid Behbudov, Müslüm Maqomayev, Bülbül, daha nə bilim kimin çapında bir sənətçiymiş! Heyrət etdim və uzun müddətdir ki, bu haldan çıxa bilmirəm. İndi Mənsum İbrahimovu da eyni studiyada eyni vəzifə üçün görəndən sonra təkrar o gəncin məsələsinə qayıtmalı oldum ki, başqaları da bundan ibrət götürsün.

Mənsum İbrahimov sözün həqiqi mənasında böyük sənətçidir.

Muğam elə bir mürəkkəb musiqi növüdür ki, onu hər kəs ifa edə bilsə də dinləyicinin diqqətini cəlb edə bilməz. Yəni bu musiqi xüsusi istedaddan savayı ifaçının şəxsiyyətinin də taraz olmasını tələb edir. Ona görə də gerçək muğam oxuyanlar arasında bir nəfər də olsun nadürüst adama rast gəlinməz. Onların hamısı elə Mənsum İbrahimov kimi sözün həqiqi mənasında mənsum, dürüst, əxlaqlı və sadə insanlardır.

Heç eşitdinizmi şou-proqramlarda bu adamların bir-birini “qırması, didməsi” haqqında nəsə deyilsin? Deyilmir! Çünki bunlar, Mənsum İbrahimov da daxil, o qədər yüksək dəyərlərə söykənən insanlardırlar ki, o dedi-qodu, saçyoldu təfəkküründən bəsbəlli uzaqdırlar! Bunlar ancaq sənət və sadəliklərilə insanların diqqətini cəlb edə bilirlər. Başqa yollar, üsullar bunlarlıq deyil. Yanlarında da dünənki o “gitarist” kimi “yükdaşıyan” gəzdirməzlər heç zaman. Ona görə də həm özləri, həm də sənətləri aşağıdan yuxarı hər kəsin qəlbində özünə yer tapa bilir.

Çox sevindirici haldır ki, Mənsum İbrahimov kimi sözün həqiqi mənasında böyük sənətçilərimiz, özəlliklə də muğam ustalarımız bu gün yetərincədir. Əlibaba Məmmədov, Arif Babayev, Feyruz Səxavət, Şahnaz Haşımova, Nəzakət Teymurova, Nuriyyə Hüseynova, Səkinə İsmayılova və adının çəkilməsinə layiq olub da burda qeyd etmədiyim neçə-neçə sənət adamı var ki, onlar doğrudan da həm insan kimi şəxsiyyətlərilə, həm də sənətlərilə könülləri oxşaya bilirlər. Mənsum İbrahimov da bunların ən parlaq örnəklərindən biridir: sadə, təvazökar, istedadlı və həm də qabiliyyətli!

Hə, unutmadan onu da qeyd edim ki, muğam sənətçilərinin bu yüksək göstəriciləri həm də onların əsil-nəcabətindən xəbər verir…

Qaynaq: Teleqraf.com

Oxunma sayı: 600
Share