CASCFEN İdarə Heyətindən ilin ilk toplantısı

Bakı, CASCFEN, 09.02.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti 2015-ci ildə özünün ilk toplantısını keçirib. Toplantı CASCFEN sədrinin müavini, “Qazilər” qəzetinin baş redaktoru Rey Kərimoğlunun dəvətilə sonuncunun redaksiyasında baş tutub. CASCFEN təmsilçiləri qəzetin internet versiyasının fəaliyyətə başlaması münasibətilə Rey Kərimoğlunu və kollektivini təbrik edib.

İdarə Heyəti öz toplantısında CASCFEN-in ötən ilin 2-ci yarısında gördüyü işlərlə bağlı məlumatı dinləyib.

Toplantıdan görüntülər

Toplantıdan görüntülər

Təşkilatın sədri Azər Həsrət ötən ilin may ayında keçirilmiş qurultaydan sonra CASCFEN-in özəlliklə beynəlxalq müstəvidə fəaliyyəti haqda geniş bilgi verib. O qeyd edib ki, təşkilatın təmsilçisi CASCFEN-in tərəfdaşı olan Qazaxıstan Media Hüquq Mərkəzinin dəvətilə bu ölkənin 3 şəhərində jurnalistlər üçün seminarlarda təlimçi kimi iştirak edib. Bundan başqa, CASCFEN sədri noyabr ayında Strasburqda Avropa Şurası Parlament Assambleyasının binasında təşkil edilmiş “Demokratiya üçün dünya forumu”na qatılıb, burda çıxışlar edib. Elə həmin ayda Azər Həsrət özü Tbilisidə ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin təşkil etdiyi Güney Qafqaz media konfransına qatılıb.

Qurum sədri eyni zamanda CASCFEN-in onlayn etika mövzusunda seminarlarının davam etdirildiyini deyib. O həmçinin qeyd edib ki, eyni istiqamətdə seminarlar 2015-ci ildə də davam edəcək.

Daha sonra çıxış edən CASCFEN sədrinin müavinləri Nadir Azəri və Rey Kərimoğlu, həmçinin İdarə Heyətinin üzvləri Dr. Nüşabə Hüseynli, Lalə Musaqızı və Qalib İbrahimoğlu da ötən ilin fəaliyyətinə yüksək qiymət verib, 2015-ci ildə görüləcək işlər haqqında danışıblar.

Qurum üzvləri 2015-ci ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq bu yöndə jurnalistlərin fəaliyyətinə diqqət ayırmağa qərar veriblər. Nəzərdə tutulan işlər arasında bölgələrdə seminarların təşkili, həmçinin Novruz Bayramı və Milli Mətbuat Günü öncəsi CASCFEN üzvlərinin iştirakilə tədbirlərin keçirilməsi qərara alınıb.

İdarə Heyətinin toplantısında CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər və üzvü Ramilə Qardaşxanqızı da iştirak edib.

Toplantıdan görüntü

Toplantıdan görüntü

Oxunma sayı: 788
Share