Avropa oyunları və yandırılan itlər…

Azər Həsrət, azer@azerhasret.com

Yenə də səs-səsə veriblər. Azərbaycanı gözdən salmaq, qaradan da qara göstərmək üçün xaricdəki mərkəzlər və onların Bakıdakı uzantıları dəridən-qabıqdan çıxırlar. Hətta o həddə ki, Bakıda ölü itlərin yandırılmasını belə 1-ci Avropa Oyunlarının boykot edilməsi üçün əsas kimi qələmə verəcək qədər aşağı eniblər.

Beynəlxalq Amnistiya (Amnesty International – AI) təşkilatı hesabat yayaraq iddia edir ki, Azərbaycanda ən azı 22 “vicdan məhbusu” var. Adlar da sadalanır. Məlum şəxslərdir – yunusovlar filan.

İnsan Haqlarını Müşahidə (Human Rights Watch – HRW) adlı təşkilat da ondan geri qalmamaq üçün dərhal bir açıqlama yayıb. Bu siyahıda isə 12 “siyasi məhbus”dan söhbət gedir…

Bu iki təşkilatın iki aydan bir etdiyini gündəlik edən “Azadlıq” radiosu da xislətinə sadiqdir. Bakıda itlərin öldürülüb yandırılmasına yanan bu radiodur.

Rusdilli bir video paylaşıblar. Öldürülmüş itlərin yandırıldığını göstərir. Və bunu heyvan hüquqlarının pozulması kimi qələmə verirlər. Hərçənd həmin videonun Bakıda çəkildiyi də şübhəlidir.

Lap elə tutaq ki, Bakıda çəkilib. Lap elə tutaq ki, itlər doğrudan da yandırılır. Bəlkə o itlər yoluxucu xəstəlik daşıyıcısıdır? Yaxud da sadəcə ölü itlərdir, sanitariya məqsədilə yandırılır? Bunlar niyə araşdırılmır?

Hələ bunu bir tərəfə qoyuruq. Ölü itlərin yandırılmasının 1-ci Avropa Oyunlarına nə dəxli var? Yəni bu hadisəni belə Avropa Oyunlarıyla əlaqələndirmək üçün hansı ağlın (ağılsızlığın və əslində qərəzin) sahibi olmaq lazımdır?

1-ci Avropa Oyunları

1-ci Avropa Oyunları

Ümumiyyətlə bu “Azadlıq” radiosunun yayımlarını nəzərdən keçirəndə bir daha əmin oluram ki, Azərbaycan hökuməti onun FM dalğasında yayımını yasaqlamaqda düz edib!

Bu radio sadəcə problemləri işıqlandırmır, açıq şəkildə Azərbaycan dövlətini, bəli, məhz Azərbaycan dövlətini gözdən salmaq üçün gecə-gündüz çalışır! Və nə yazıq ki, bəzi düşüncəsiz gənclərimiz də onun təbliğatına aldanır! Guya bu radionun ifadə azadlığı, demokratiyaya töhfə verdiyini düşündükləri üçün…

(Bura onu da əlavə edim ki, 26 fevral günü Xocalı faciəsinin mahiyyətinə işıq tutmalı olduğu yerdə belə “Azadlıq” radiosu Bakının hansısa küncündə çətin şəraitdə yaşayan bir qaçqın ailəsinə Azərbaycan hökumətinin qayğı göstərməməsini əsas mövzu etmişdi. Halbuki heç olmasa həmin gün ərzində digər bütün məsələləri bir kənara qoyub işğalçı Ermənistanın Xocalıda soydaşlarımızı necə soyqırıma məruz qoyması haqqında danışmaq lazım idi… – A.H.)

Deyəsən elə adı çəkilən beynəlxalq insan haqları təşkilatlarını da narahat edən əsas məsələ budur: onların antiAzərbaycan təbliğatının ruporu qismində çıxış edən radionun FM dalğasından məhrum edilməsinə yanırlar.

Bir də ona yanırlar ki, ötən ilin sonunda “Azadlıq” radiosunun Bakı bürosunda axtarış aparılıb, qapısı möhürlənib. Bunu da qanunsuz əməl elan edir bu başabəla təşkilatlar.

Halbuki özləri də yaxşı bilirlər ki, “Azadlıq” və bənzəri radioların ölkəmizdə fəaliyyətinə izn verib-verməmək Azərbaycan dövlətinin müstəsna hüququdur! Azərbaycan hətta heç bir səbəb olmadan belə bu və buna bənzər radioların fəaliyyətini dayandıra bilər və kimsəyə də buna görə hesabat verməyə borclu deyil!

Bu HRW bir də iddia edir ki, “neçə illərdir ki, hökumət müstəqil qəzet və TV kanallarını basqı altında tutur və bir çox müstəqil media qurumlarını fəaliyyətini dayandırmağa məcbur edib”!

Örnək varmı? Təbii ki, yox! Çünki son illər ərzində hər hansı TV, radio kanalının, qəzetin, agentliyin qapadılması halı olmayıb! Ümumiyyətlə, Azərbaycanda çox illər bundan öncəyə təsadüf edən bir neçə istisna olmaqla hansısa media qurumunun qapadılması halı baş verməyib!

Qapadıldığı iddia edilənlər isə siyasi olmayıb. Örnək üçün, “Sara” TV, yaxud da ABA TV vardı bir zamanlar. Kim iddia edə bilər ki, onlar hakimiyyətə qarşı idi? Yaxud da kim iddia edə bilər ki, onlar siyasi müxalif kanallar idi? Təbii ki, heç kim!

AI-nin hesabatında diqqətimi çox maraqlı bir məqam da çəkdi. Görün, nə yazılır: “Çətin və qeyri-müəyyən hüquqi şəraitdə Azərbaycan QHT-ləri məhdudiyyətlərdən yan keçən yollar tapmaqla maliyyə əldə edib xərcləməklə öz qanuni fəaliyyətlərini təmin etmək məcburiyyətində qalıblar”.

Diqqət edirsinizmi? Hüquq və qanunçuluqdan danışan bu beynəlxalq təşkilat, əslində, qanunsuz fəaliyyətə necə haqq qazandırır?

Hüquqi şərait, onların iddiasınca desək, çətin ola bilər. Çünki son bir ildə Azərbaycan hökuməti şəffaflığı təmin etmək üçün konkret qaydalar müəyyən etdi. İlk baxışdan çətin görünsə də heç bir beynəlxalq normaya zidd olmayan qaydalardır. Yəni bir az bürokratiya artıb, amma əsas odur ki, xaricdən maliyyə alanların hesabatlılığı yüksəlir. Bu, məhdudiyyət deyil, sadəcə ABŞ və bir çox Qərb ölkələrində uzun illərdir mövcud olan hesabatlılıq səviyyəsinin Azərbaycanda da tətbiqidir.

AI iddia edir ki, bu qaydalardan yan keçməklə maliyyə əldə edən QHT-lər öz “qanuni fəaliyyətlərini” təmin edirmişlər. Heyrət etməyək, nə edək?

İlk addımda qanun pozuntusuna yol verənlər necə qanuni fəaliyyətlə məşğul ola bilərlər? Bəs iddialı bir beynəlxalq insan haqları qurumu olan AI buna necə haqq qazandıra bilir?

Deyəsən bunlar antiAzərbaycan kampaniyasında o qədər ehtizaza qapılıblar ki, artıq nə yazdıqlarının, dediklərinin fərqində də deyillər!

Bir də iddialar vardı ki, Azərbaycan həbsxanaları “siyasi məhbuslar”la dolub-daşır. Rəqəm də bəzən yüzədək, bəzən də yüzdən çox olaraq göstərilirdi. İndi nə oldu da artıq 22, hətta 12-yə endi bu rəqəm? Bəs yerdə qalan 70-80 “siyasi məhbus” necə oldu? Havayamı buxarlandı onlar? Yoxsa gizlicə azadlığa qovuşdular da, xəbərimiz olmadı?

Məncə o adlar işə yaramır daha. Çünki adları kimsəyə məlum deyil, nəinki Qərbdə, heç Azərbaycanda heç kimin tanımadığı adamlardır. Belələrini bir zamanlar Leyla Yunusova və çetesi siyasi məhbus elan etmişdi, indi başı öz hayına qarışdığı üçün onlar unudulub deyəsən…

…Azərbaycan böyük idman tədbirinə hazırlaşır. Bu cür qaralama kampaniyaları da, yəqin ki, artacaq. Yalnız bir məsələdə diqqətli olmaq lazımdır ki, gənclərimiz bu kampaniyaların əsl mahiyyətini düzgün anlasın. Qalanı təfərrüatdır…

Yeri gəlmişkən, HRW və AI-nin Avropa Oyunlarını boykot çağırışlarını erməni təbliğat maşını da bizim bəzi beyinsizlərlə bərabər həvəslə tirajlamaqdadır…

Sözardı: 2004-cü ildə Bakıda böyük bir tədbir keçirirdik. 50-dək ölkədən qonaqlarımız vardı. Hazırlıq mərhələsində Nyu Yorkdakı təşkilatçımız Bakıyla bağlı bilgi paylaşmışdı. Dəhşətə gəlmişdim. Yazırdı ki, Bakıda tez-tez terror aktları olur, metroya, ictimai nəqliyyata minmək təhlükəlidir. Təbii ki, bu bilginin yalan olduğunu qətiyyətlə sübut etdim və hər kəsdə əminlik yaratdım ki, Bakıya gəlməyə qorxmasınlar. Gəldilər də. Bir dəfə gecə saat 2-də şəhərin küçələrində gəzdirdim qonaqlardan bir qrupunu. Heyrətdən gözləri bərəlmişdi ki, nə qədər sakit və rahat bir ortam varmış bu şəhərdə. Hətta o qədər adamı başqa bir axşam 3-5 nəfər olmaqla Azərbaycan ailələrində qonaq da etdik. Qorxu içində gəldikləri Azərbaycandan sonda sevgilərlə ayrıldılar. Həm də zorla. Çünki çox sevmişdilər buranı və getmək istəmirdilər…

Oxunma sayı: 1066
Share