CASCFEN üzvləri ATƏT-in Belqrad toplantısına qatılıb

Bakı, CASCFEN, 30.03.2015 – Martın 26-27-də Serbiyanın paytaxtı Belqradda “ATƏT regionunda jurnalistlərin təhlükəsizliyinin qorunması və inteqrasiyası” mövsuzunda konfrans keçirilib. Bütün ATƏT ölkələrinin rəsmi səviyyədə təmsil edildiyi tədbirə bir sıra ölkələrin QHT nümayəndələri də qatılıb.

Dəvətlilər arasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, həmçinin qurumun məsləhətçisi Vüqar Xəlilov da olub.

Ayrı-ayrı sessiyalarda “Jurnalistlərin qorunmasında ATƏT-in öhdəlikləri”, “Şarli Ebdu olayından sonra jurnalistlərin təhlükəsizliyi: mediaya qarşı zorakı hücumlar”, “Qadın jurnalistlərin internetdə təhlükəsizliyi”, “Media və jurnalistlər üçün rəqəmli təhlükəsizlik və internet savadlılığı”, “Jurnalistlərin qanunla qorunması və inteqrasiyası”, “Jurnalistlərə qarşı zorakılıqlarda cəzasızlıq” məsələləri müzakirə edilib.

Vüqar Xəlilov (ağ köynəkdə) iş başında

Vüqar Xəlilov (ağ köynəkdə) iş başında

CASCFEN təmsilçiləri bütün sessiyalara qatılaraq müzakirələrdə fəal iştirak ediblər. Azər Həsrət jurnalistlərin qorunmasında ATƏT-in öhdəlikləri mövzusunda müzakirələrdə çıxış edərək məsələyə tək tərəfli yanaşmanın doğru olmadığını qeyd edib. O, bildirib ki, jurnalistlərin qorunmasından danışarkən həm də məsələyə ifadə azadlığı mədəniyyəti kontekstində yanaşmaq lazımdır. Qurum sədri başçılıq etdiyi təşkilatın bu yöndə təcrübəsinə istinad edib.

Jurnalistlərin qanunla qorunması və inteqrasiyası mövzusunda müzakirələrdə isə Azər Həsrət qeyd edib ki, bu peşədən sui-istifadə halları da diqqətdən qaçmamalıdır. O, öz çıxışında deyib ki, bir sıra hallarda siyasət adamları, başqa insanlar jurnalistikadan sui-istifadə edərək özlərini günahsız qurban kimi qələmə verməyə çalışır. “Biz çalışmalıyıq ki, mediadan, jurnalistikadan belə sui-istifadə hallarının qarşısını alaq. Jurnalistikayla siyasəti bir-birinə qarışdıran insanların məqsədi heç də xoş ola bilməz”, – deyə CASCFEN sədri bildirib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçlə özçəkim

Azər Həsrətin ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçlə özçəkimi

Rusiya və Ukraynadan olan nümayəndə heyətlərinin qarşıdurmasıyla daha çox diqqət çəkən 2 günlük konfrans boyu öldürülmüş jurnalistlərin məsələsi də gündəmə gətirilib. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bu sırada Elmar Hüseynovun da adını çəkib. Tədbirdə iştirak edən Azərbaycanın rəsmi təmsilçilərindən biri məsələyə aydınlıq gətirərək bildirib ki, Elmar Hüseynovun qatilləri məlumdur. Sadəcə, xarici ölkə vətəndaşları olmaları və gizlənmələri səbəbindən onlar həbs edilə bilmir. O, qeyd edib ki, Azərbaycan hakimiyyəti bu qətlin üstünün açılmasında hamıdan çox maraqlıdır.

Azər Həsrətin Alison Makkenziylə özçəkimi

Azər Həsrətin Alison Makkenziylə özçəkimi

Onu da əlavə edək ki, CASCFEN təmsilçiləri konfrans boyu ayrı-ayrı nümayəndə heyətlərilə görüşlər keçirib, söhbətlər edib. Azər Həsrət ABŞ Helsinki Komissiyasının siyasi müşaviri Aleks Conson və bu ölkənin ATƏT-dəki nümayəndəliyinin siyasi məsələlər üzrə təmsilçisi Çad Uiltonla görüşüb. Eyni zamanda o, Bosniya və Hersegovina Jurnalistlər Assosiasiyasının baş katibi Borka Rudiç, Rusiya İctimai Palatasının üzvü Georgi Fyodorov, ATƏT-in Ukraynadakı layihə koordinatoru Marına Bezkorovayna, Belarusun Serbiyadakı konsulu Andrey Metelitsa, ATƏT-in Bişkek ofisinin hərbi-siyasi departamentinin məsləhətçisi Andrey Butsman, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, Beynəlxalq Mətbuat İnstitutunun keçmiş icraçı direktoru Alison Makkenzi və başqalarıyla görüşərək konfransda qaldırılan məsələləri müzakirə edib.

CASCFEN təmsilçiləri martın 29-da Vətənə qayıdıb.

CASCFEN Mətbuat Xidməti

Oxunma sayı: 600
Share