İranla 6-lığın razılaşması, Azərbaycanın yeni rolu – Şərh

Azər Həsrət

Azər Həsrət

Azər Həsrət, azer@azerhasret.com

İranla 6-lıq ölkələri arasında əldə edilmiş razılaşma, heç şübhəsiz, bölgəmizdəki proseslərə ciddi təsir edəcək. Ümumiyyətlə isə bu olay qlobal siyasi prosesləri yeni bir məcraya yönəldə biləcək.

Hər şeydən öncə qeyd edim ki, İran bu razılaşmaya getməklə Qərbin, özəlliklə də buna can atan ABŞ-ın İslam Respublikasının içinə nüfuz etməsinə şərait yaratmış oldu. Diqqət edildikdə buna zərurət və imkanların olduğu da nəzərdən qaçmır. İran əhalisi razılaşma xəbərini alar-almaz küçələrə tökülüb az qala bayram etdi. Halbuki bu razılaşma İrandan daha çox Qərbə lazımdır və bayram edəcək tərəf də Qərbdir. Belə anlaşılır ki, İran əhlinin bayram edən kəsimi (təbii ki, hamı haqda demirik) elə günü sabah Qərbin ruporuna çevrilməyə hazırdır.

İrana Qərbin nüfuz etməsi üçün şəraitin yaranması isə o deməkdir ki, ölkənin hazırkı ictimai-siyasi münasibətlər sistemi ilk dönəmdə yavaş-yavaş, bəlli bir müddət sonra isə kəskin şəkildə dəyişəcək. Mümkündür ki, Qərb bir müddət İranın nazıyla oynamağa davam etsin, ölkənin içərisində mövqelərini möhkəmlətsin və ardından da bir inqilabla klerikal rejimə son qoysun. Hər halda, mən belə düşünməyə daha çox meylliyəm və nə qədər haqlı olduğumu zaman göstərəcək.

İranın bu razılaşmaya getməsi Rusiyanın zərərinədir. Çünki Qərbə qarşı dirənişdə Rusiya İranın birmənalı dəstəyinə də arxayın idi. Amma bundan belə bu dəstək birmənalı olmaqdan çıxacaq. Hətta bir müddət sonra öləziyəcək də. Deməli, razılaşma sadəcə İranın özünü dizə gətirmək anlamı daşımır, həm də Rusiyanın bir qolunun qırılması deməkdir.

Yaxın Şərq proseslərində özünəməxsus mövqe sərgiləyən İran bundan sonra daha inamlı hərəkət edəcək. Hətta inqilab xəstəliyinə tutulmuş ərəb ölkələrinə açıq nüfuz etmək, onların daxili işlərində rol almaq niyyətini də sərgiləyəcək. Lakin o da mümkündür ki, İran Türkiyənin bu yöndəki acı təcrübəsini nəzərə alaraq ərəb qazanına başını o şəkildə soxmasın. Hər halda, belə davranmaq üçün gerçəkci düşüncə sahibi olmaq lazımdır. Nəzərə alsaq ki, İslam inqilabından sonra İrana başçılıq edən bütün rəhbərlər reallıq hissindən uzaq düşməklə ölkəni orta əsrlər səviyyəsinə qədər geri atmağı bacarıblar, onda İranın o səhvləri edəcəyi daha ağlabatan görünür. Hələ bura onu da əlavə edək ki, ABŞ da İranın proseslərdə xərclənməsində maraqlıdır.

Türkiyə açısından baxdıqda, bu razılaşma onun da faydasına deyil. Çünki İranın Qərblə münasibətlərindəki istənilən yumşalma Türkiyənin bölgədəki önəmini eyni dərəcədə azaldır. Baxmayaraq ki, İran bütün göstəricilər üzrə Türkiyədən zəif dövlətdir, Qərb tarazlıq üçün ondan istifadə etməkdə maraqlıdır. O baxımdan Türkiyə bölgədə artıq yeganə söz sahibi deyil. Qərb özünə yeni bir söz sahibi də icad etməyi bacarıb və qalır həmin söz sahibini idarə edilən duruma tam gətirmək. Yəqin ki, bunu da bacaracaqlar.

Və əsas məsələ – Azərbaycan. Biz bu razılaşma sonucu nə qazanıb nə itirə bilərik? Bəri başdan deyim ki, Azərbaycan bu razılaşmadan itirəcəklərindən daha çox qazana biləcək. Çünki İranın dərhal Qərbsevər olacağını demək olmaz. Deməli, bu ölkənin Qərb standartlarına doğru hərəkəti üçün örnəklərə ehtiyac var. O örnəklər isə uzaqda deyil, İranın Quzey sərhədində – Azərbaycandadır. Bəli, bu baxımdan Azərbaycan Qərbə bugünədək olduğundan daha çox lazımdır. Yəni İranın Qərbin arzu etdiyi çərçivəyə yaxınlaşdırılması üçün əsas rolu Azərbaycanın oynayacağı şəksizdir. Ən zəif təhlilçilər də anlayır ki, burada əsas iki amil – İslam dini və İran əhalisinin demək olar ki, yarısının Türk olması Azərbaycanın rolunu müəyyən edir.

Sual oluna bilər ki, İslam və Türklük məsələsində Türkiyə niyə gözardı edilir? Çox sadə bir səbəbdən: Türkiyənin İran üzərində nüfuz sahibi olması Qərbə lazım deyil. Digər tərəfdən də İran Türkləri birmənalı olaraq (kiçik istisnalarla) Azərbaycan Türkləridir. Yəni bizdəndirlər – Quzey Azərbaycan Türklərindən.

Azərbaycanın Qərb üçün olduğu kimi İsrail üçün də önəmi bir qədər artacaq. Çünki Türkiyəylə, ərəb ölkələrilə münasibətləri bərbad olan İsrailin güvənə biləcəyi tək müsəlman ölkəsi Azərbaycandır. İranın bu razılaşmadan sonra mövqelərinin daha da möhkəmlənməsi təbii ki, İsrail üçün arzu olunan deyil. O baxımdan iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda İsrailin Azərbaycana ehtiyacı artmış olacaq.

Bu razılaşmanın bir də bizim üçün zərərli tərəfi ola bilər: neftin qiymətinin düşməsi. Amma nəzərə alsaq ki, neftin qiyməti göründüyü kimi təbii şəkildə düşüb-qalxmır, idarə edilir, o zaman əndişəyə gərək yox. Hətta əndişə üçün səbəb yaransa belə, bunun İranla 6-lıq ölkələri arasındakı razılaşmayla əlaqəsi olan deyil.

Bütün bunlardan çıxış edərək Azərbaycanın yeni roluna hazırlaşmasının gərək olduğunu ayrıca vurğulamaq istərdim.

Bu arada xatırlatmaq istərdim ki, İranla əldə edilmiş razılaşma Yaxın Şərq xəritəsinin yenidən cızılması planlarının tərkib hissəsidir. Bunun işarələrini “Yeni Orta Doğu xəritəsində Türkiyə və Azərbaycan” (2 avqust 2011) adlı yazımda da tapmaq olar.

Oxunma sayı: 2906