Bir Azərbaycan gəncinin yazdırdığı uzun yazı… – Video

Azər Həsrət, azer@azerhasret.com

Avropanın, Qərbin Azərbaycana, türk dünyasına və ümumilikdə Şərqə münasibəti aşağılayıcıdır. Bunu hər zaman hiss etmişəm. Hiss etdiyim anda da bizi özlərindən aşağıda görənlərə yerini göstərməsini bacarmışam. Buna görə, təbii ki, sevilmirəm çox zaman. Onlar belə halları heç bağışlamazlar çünki.

Aprelin 26-da Qazaxıstanda prezident seçkisini müşahidə etmək üçün ATƏT/DTİHB tərəfindən qısa müddətli missiyaya dəvət edilmişdim. Çoxlu maraqlı müşahidələrim olmuşdu. Missiyanın davranış qaydalarını rəhbər tutaraq onlar haqqında yaza bilmirəm. Amma ümumi sözlərlə qeyd edirəm ki, əsasən Avropadan gələn müşahidəçilərdən bəzilərinin qazaxlara aşağı növdən insanlar kimi baxması diqqətimdən heç qaçmadı. Lakin mən də mənəm. Onlara gərəkli cavabı, bir qədər də sərt dildə, verməli oldum. Yəni adamlar tanımadıqları, bilmədikləri bir məmləkətin dos-doğru, saf insanlarını aşağı kateqoriyadan sanırdılar. Qazaxlarsa hər addımda bunun belə olmadığını göstərməyi bacardılar. Nə isə, bunları giriş olaraq yazdım ki, mayın 2-4-də Riqada (Latviya) keçirilmiş bir tədbirdən müşahidələrimə həm də dəxli var.

BMT-nin əsas strukturlarından olan UNESCO-nun dəvətlisi olaraq qeyd olunan günlərdə Riqada keçiriləcək 3 May Dünya Mətbuat Azadlığı Günü tədbirlərinə qatıldım. Bu gün mənim üçün özəl bir gündür. Bir zamanlar Azərbaycanda həmin günlə bağlı tədbirləri mən də təşkil edirdim. Hətta ötən il başçılıq etdiyim CASCFEN-in qurultayını da həmin gündə keçirmişdik.

Nə isə. UNESCO-nun tədbirləri mayın 3-4-nü əhatə edəcəkdi. Buna qədərsə mayın 2-də Riqadakı Stokholm İqtisadiyyat Məktəbində rusdilli media üçün yan tədbir təşkil edilmişdi. Biz də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluyla birlikdə o tədbirə qatıldıq. (Bu arada, tədbirə bir-birimizdən ayrı getmişdik, orda rastlaşdıq.)

Tədbir elə ilk andan tək tərəfli olmasıyla diqqət çəkdi. Gündəmdə Azərbaycan da vardı. Çünki “Qafqaz bölgəsi üzrə siyasi təhlilçi, Azərbaycanda insan haqları və mətbuat azadlığı eksperti” kimi təqdim edilən Arzu Qeybullanın çıxışı vardı gündəlikdə. Özü də bu ad ora son anda əlavə edilmişdi. Çünki əvvəlki gündəliklərdə onun adını görməmişdik. Amma məsələ onda deyil.

Məsələ bundadır ki, bu gənc və sözün həqiqi mənasında Azərbaycan mediasından xəbərsiz xanım gözünü yumub ağzını açdı, nə açdı. Təmkinlə dinlədik. Bir Azərbaycan tablosu cızdı. Ölkəmizi həqiqi mənada tanımayanların gözlərinin önündə Şimali Koreya, yaxud Hitler Almaniyasını əməlli-başlı canlandırdı. Onun cızdığı Azərbaycan tablosuna inanılarsa, bu ölkədə heç bir azadlıqdan söhbət gedə bilməz. Həbsxanalar dolub-daşır, fərqli fikir söyləyənlər mütləq təqib edilir. Bir sözlə, bu ölkə dəhşətmiş.

İlk imkanda söz aldım. Cavab verdim. Dedim ki, bu gənc xanım, birincisi, Azərbaycanda yaşamır. İkincisi, Azərbaycan mediasında heç bir formada iştirakı olmayıb və yoxdur. Üçüncüsü də ümumiyyətlə ölkəylə düz-əməlli əlaqəsi də yoxdur. Belə bir adamı Azərbaycan mediası üzrə ekspert kimi necə təqdim edirsiniz? Bu suallarım moderator – New York Times şirkətinin vitse-prezidenti və baş müşavirinin köməkçisi Devid Makkrou tərəfindən bir qədər rişxəndlə qarşılandı. Maraqlıdır ki, zalın bizdən sağ tərəfindəki gənclər də eyni reaksiyanı verdilər. Yəni anladım ki, bizim fərqli mövqeyimizə qarşı əvvəlcədən köklənib bunlar.

Mənim fikrimi Hikmət Babaoğlunun çıxışına verilən reaksiya da təsdiqlədi. O, söz alıb Arzu Qeybulla adlı gəncin Türkiyədə yaşadığını, ermənilərin İstanbulda çıxan “Agos” qəzetində çalışdığını qeyd edərək dedi ki, bu şəxs necə Azərbaycan mediasının təmsilçisi kimi çıxış edə bilər? Bu sualı verər-verməz demokartiya beşiyi ABŞ-ın ən “öncül” ifadə azadlığı örnəyi olan qəzetinin təmsilçisi Makkrou ümumiyyətlə onun səsini kəsdi! Bəli, fikrini tamamlamağa belə imkan vermədi! Fərqli mövqeyin səslənməsinə izn verilmədi bu tədbirdə!

Arzu Qeybullanın bizim çıxışlarımıza reaksiyası qısa oldu: bunu da gözləyirdim.

Məlum Emin Milli də ordaydı və ona növbədənkənar söz verildi. O isə bizə təşəkkür etdi ki, “Azərbaycan hakimiyyətinin əsl simasını göstərdik”.

Bu yan tədbirdən sonra hər ikimiz bu qənaətə gəldik ki, tək tərəfli müzakirə açanların məqsədi yenə də Azərbaycanı qaralamaqdan başqa bir şey deyil. Çünki burada fikir plüralizmi rəsmən yasaqlandı! Və bunu bizə demokratiya dərsi keçmək istəyənlər etdi! Təbii ki, sapı özümüzdən olan baltaların köməyilə!

Bunlar öz yerində.

Sonrakı 2 gün ərzində UNESCO-nun tədbiri keçirildi. Normal, yaxşı təşkil olunmuş tədbir idi. Hər şey əla idi. Saat kimi dəqiq, gülərüz personal, yüksək xidmət də öz yerində. Ümumiyyətlə isə, Latviya bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər şey etməyi bacardı.

Yeri gəlmişkən, UNESCO-nun bu qəbildən olan tədbirinə ilk dəfə 2004-cü ildə Serbiyada, Belqradda qatılmışdım. O dəfə məruzəçi idim. Bu dəfə isə sadəcə iştirakçı oldum.

İlk gün tədbir proqrama uyğun keçirildi. Heç bir qeyri-adi hadisə baş vermədi. Sakit, fərqli fikirlərə təmkinli yanaşma, hər kəsə danışmaq üçün imkan yaradılması bizim də ürəyimizcə oldu. Yəni adına uyğun oldu bu tədbir.

Mayın 4-də tədbirlər eyni axarda davam etdi. Amma nə sirdirsə, lap sonda gündəliyə dəxli olmadan konkret Xədicə İsmayıl mövzusu ortaya atıldı. “Jurnalistlər üçün rəqəmli təhlükəsizlik” mövzulu plenar iclasda Latviyalı aparıcı İlze Yaunalksene birbaşa Azərbaycandan, Xədicədən başladı və sözü onun müdafiəçilərindən olan Piter Nurlanderə verdi. Bu adam isə ümumilikdə Azərbaycanın repressiv obrazını cızdı, təbii ki, başqa heç kimin adını çəkmədən Xədicə İsmayıl üzərində qurdu çıxışını. Təmkinlə dinlədik və anladıq ki, bunların məqsədi iclası məhz bu məsələyə həsr etməklə diqqət cəlb etməkdir. Düzü, bir balaca səbrsizlik etsəydik, istədikləri alınacaqdı. Amma “ya səbr” deyib sonrasını gözlədik.

Nurlanderin bu çıxışı faktiki olaraq səsləndiyi anda unuduldu! Çünki heç bir müzakirəyə səbəb olmadı! Bəhreyndən olan və Azərbaycanla heç bir tanışlığı olmayan digər çıxışçının sadəcə müqayisə üçün ölkəmizin adını çəkməsindən başqa heç bir şəkildə bizimlə bağlı fikir səslənmədi. Heç sual verən də olmadı. Heç Xədicə kimdir, niyə Azərbaycan bu qədər “repressiv” ölkədir deyib soruşan da olmadı. Belə olduğu halda biz anladıq ki, bunların məqsədi bizim reaksiyamıza nail olmaqla ortalığı canlandırmaq imiş. Sonradan əldə etdiyimiz bilgilər də bunu təsdiq edir. Tvitterdə izlədiyim bəzi yazışmalarda “Azərbaycan hakimiyyəti nümayəndələri”nin Xədicə məsələsinə reaksiya verməməsindən təəssüf ifadə edilirdi…

Və bununla da tədbir sona çatdı.

Piter Nurlander

Bu şəxs Media Hüquq Müdafiə Təşəbbüsü adlı təşkilatın rəhbəridir. Buna qədərsə yolu Soros Fondundan və Article 19 adlı məlum təşkilatlardan keçib. Təbii ki, bu təşkilatların da Azərbaycana münasibətini nəzərə alsaq, Nurlanderin barıtı çox eləməsi bizi təəccübləndirməməlidir. Və təəccübləndirmədi də.

Arzu Qeybulla

Bu qıza acıdım doğrusu. Çünki ya bilərəkdən, ya da biməyərəkdən kimlərinsə əlində alətə çevrilib. Özü də çox təhlükəli alətə.

Hikmət Babaoğlu özünəməxsus təmkinlə fasilələrdən birində onu söhbətə dəvət etdi. Müşahidə etdim ki, bu qız bizə qarşı əməlli-başlı aqressivdir. Hikmət müəllim sakit bir tonda, normal bir dildə izah etməyə çalışdı ki, bu yanaşma doğru deyil. O isə bizə iradlarını sıralamağa başladı. Mənim mayın 2-də onun çıxışına verdiyim reaksiyanı burdan-bura Babaoğlunun adına yazdı. Adam çaşıb qaldı ki, belə bir fikir səsləndirməyib. Mən də izah etdim ki, o fikirlər mənə aid idi. Amma deyəsən inandıra bilmədik.

Rəhmətlik atası Qeybulla Qeybullayevi sayğıyla andıq, rəhmət dilədik. Qayıtdı ki, “mənim atam da həmişə fikirlərimlə razı olurdu”. Düzü, “Ərdoğanın müşaviri olan bir adam ona qarşı qızının radikal çıxışlarıyla necə razılaşa bilərdi” kimi bir sual ünvanlamaq keçdi könlümdən, amma qızın aqressivliyini görüb bundan daşındım.

Arzu Qeybullanın naşılığını sadə bir örnəklə diqqətinə çatdırdım. Dedim ki, siz o məlum çıxışınıza bizim reaksiyamızdan sonra tvitterdə yazmısınız ki, “Yeni Azərbaycan” və “525-ci qəzet”in nümayəndələrinin reaksiyasına məruz qalmısınız. Axı bu tədbirdə “525-ci qəzet”dən kimsə yoxdur? Cavabı bu oldu ki, “bəs siz orda işləmirsiniz?” Sübut edə bilmədim ki, heç bir zaman o qəzetdə işləməmişəm. İnanmaq istəmədi sadəcə. Və dedim ki, sizin Azərbaycan mediası sahəsində naşılığınız elə burdan da görünür. Xoşuna gəlmədi, bir qədər də aqressivləşdi.

525 deyəndə məni nəzərdə tuturmuş...

525 deyəndə məni nəzərdə tuturmuş…

Onu da deyim ki, məni öz bloqunda artıq adımla “525-ci qəzet”in təmsilçisi kimi təqdim edir bu “ekspert”: “Pro government journalists say all is good in Azerbaijan and then…”

Arzu Qeybullanın blogundan

Arzu Qeybullanın blogundan

Hikmət müəllimin bir böyük kimi, ədəb çərçivəsində fikirləri də xoşuna gəlmədi bu “Azərbaycan üzrə media eksperti”nin.

Bir zamanlar jurnalistlərin etiraz mitinqlərinin önündə getdiyimi, demək olar ki, bütün etiraz aksiyalarında aparıcı, təşkilatçı, ən pis halda iştirakçı olduğumu deməyim də onun işinə yaramadı. Çünki inandıra bilmədim…

8 il “Azadlıq” qəzetində işlədiyimi və əslində, bu qəzetdən başqa heç vaxt heç bir qəzetdə işləmədiyimi deməyim də onun təəccübünə səbəb oldu…

Belə anladım ki, bu qızın özünü hansısa səbəblərdən inandırdığı öz gerçəkləri, öz dünyası var…

Onun halına təkrar acıdım mən. Hikmət müəllimlə də söhbətimdə dedim. Bunun Azərbaycana, eyni zamanda Türkiyəyə çox böyük nifrəti var. Heç bir siyasi səbəbdən ola bilməz bu. Nəsə şəxsi məsələdir məncə. Ümumiyyətlə isə bu qızın Türklüyə, Türk millətinə nifrətini sezirəm çoxdandır. Örnək üçün deyim ki, 20 Yanvar, Xocalı, 31 Mart faciələrinin ildönümlərində onun paylaşımlarını izləmək yetər ki, bunun belə olduğuna əminlik yaransın. Ya bu faciələrin üstündən susaraq keçir, ya da yaxın çevrəsindəki erməni dostlarını kofe içməyə dəvət edir…

Və 24 aprel günü 104 yaşlı bir erməni qadınının erməni “qoyqırımı”ndan bəhs edən videosunu həvəslə paylaşır. Fərqinə varmadan ki, həmin qadının sözügedən 1915-ci ildə cəmi 4 yaşı olub və inadla söylədikləri heç də uşaq yaddaşının məhsuluna bənzəmir: “Memories of an Armenian Massacre”.

Arzunun həvəslə paylaşdığı erməni nağılı...

Arzunun həvəslə paylaşdığı erməni nağılı…

Yeri gəlmişkən, Arzunun ən yaxın çevrəsindəkilər əsasən ermənilər və Azərbaycana qarşı məqsədli şəkildə köklənənlərdir. İstəyənlər buyurub bir müddət izləsinlər, bunun belə olduğunu görəcəklər. Sirri nədir bunun, anlamıram doğrusu…

Lap deyək ki, Azərbaycanda doğrudan da insan haqları problemləri var. Lap doğrudan da sən bu problemlərə qarşı mübarizə aparırsan. Sözüm yox. Amma bu iş üçün ermənilərlə eyni sırada yer tutmağı hara yozaq?…

Yaxud, əgər doğrudan da “Qafqaz üzrə təhlilçi”sənsə çıxışlarının birində də Ermənistanda insan haqları problemlərindən niyə danışmırsan? Bu da maraqlı sualdır. Di gəl ki, hələ bir ağlabatan cavab yoxdur ortalıqda…

Bu Arzuya çox tövsiyə edərdim ki, düşünmək üçün Maksim Qorkinin “İzergil qarı”sındakı “Larra haqqında əfsanə”ni oxusun. Çünki bir Azərbaycanlı olaraq onun taleyinə qətiyyən biganə deyiləm. Onun qurtuluşunu arzu edirəm…

Riqa

Bu şəhər çox xoşuma gəldi. Amma Bakıyla heç bir formada müqayisə edilə bilməz. Şəhərin ən azından mən gördüyüm hissəsində yenilikdən əsər-əlamət yoxdur! Yolları da ürəkaçan durumda deyil. Bununla belə qaldığım Bellevue Park Hotel Rigadakı xidmətin yüksək səviyyəsini də ayrıca qeyd etmək istərdim.

Azər Həsrət, Latviya Prezidenti Andris Berzinş və Hikmət Babaoğlu

Azər Həsrət, Latviya Prezidenti Andris Berzinş və Hikmət Babaoğlu

Ölkə Prezidenti Andris Berzinşin tədbir iştirakçılarının şərəfinə təşkil etdiyi qəbul üçün seçilmiş Dəmiryol Muzeyi isə kənardan sadəcə adi bir binanı xatırladır. Elə içi də çölü kimidir. Yəni hiss olunur ki, bu ölkə Avropanın bir parçası olsa da iqtisadi problemlərini, Azərbaycandan fərqli olaraq, hələ ki, həll edə bilməyib…

Latviya Dəmiryol Muzeyinin binası

Latviya Dəmiryol Muzeyinin binası

Borispol (Kiyev) hava limanı

Ukraynada ilk və son dəfə 2004-cü ilin “narıncı inqilabı” zamanı olmuşdum. Sevmişdim bu ölkəni. İndi də Ukrayna üçün ürək yandırıram. Amma bu dəfə üzüldüm. Çünki tranzit yolçu olaraq hava limanının içində belə əli silahlı əsgərlərin sərnişinləri yoxlamasını görmək heç də xoş bir səhnə deyildi. Harda qaldı o sabit, sakit Ukrayna? Əsər-əlamət belə yoxdur. Ölkə iç savaşa sürüklənib. Arzu kimi naşı gənclərin sayəsində. Bəli, məhz bu cür gəncləri cəlb edən mərkəzlər onların əlilə ölkələri qarışdırmağa çalışır. Azərbaycan kimi iç güvənliyi və daxili sabitliyi olan ölkələr bunun qarşısında duruş gətirə bilir. Gürcüstan və Ukrayna kimi Qərbin demokratiya kökəsinə aldananlar isə torpaq itkisi və iç savaşla üz-üzə qalırlar…

Bakı

Gecə saat 1-ə qalmış uçağımız Bakı üzərində pərvaz edib eniş zolağına yönəldi. Gözəl bir mənzərə seyr etdim. Hər tərəf alışıb yanır. Bakı o qaranlıq içərisində göz oxşayır. Möhtəşəm mənzərədir. Həm də qürurvericidir. O anlarda mart ayında Bakıda ilk dəfə qonağımız olmuş üç Qazaxıstanlı xanımın təəssüratı yadıma düşdü. Onların rəhbəri Bakı hava limanına enən kimi Facebook-da bu sözləri yazmışdı: «Ночной город неземной красоты». Gündüz gördükləri Bakını isə hələ də öyməklə doymurlar onlar. Bəli, Bakı haqqında ilk təəssürat budur. Arzuların Qərbdə yaratmağa çalışdığı təəssürat isə bunun əksinə yönəlikdir…

Və sonda: Qərbin demokratiya, insan haqları oyunlarına aldananlar, alət olanlar unutmasınlar ki, biz onlara elə alət kimi də lazımıq. İstifadə edəcəklər, sonra da bir kənara tullayacaqlar. Hər zaman da bizə yuxarıdan aşağı baxacaqlar. Yuxarıda qeyd etdiyim Qazaxıstan olayı buna ən yaxşı örnəkdir…

Oxunma sayı: 945
Share

1 Trackback to "Bir Azərbaycan gəncinin yazdırdığı uzun yazı… – Video"

  1. on 13 May 2015 - 10:59 at 10:59