AB ölkələrində insan haqları pozuntuları və ksenofobiya

Azər Həsrət

Azər Həsrət

Azərbaycan Respublikası Milli Məclisində “Avropa Birliyi ölkələrində insan haqları” mövzusunda dinləmələrdəki çıxışın mətni

Azər Həsrət, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri
azer@azerhasret.com www.azerhasret.com +994 50 335 2795

Bu il yanvarın 7-də Parisdə Charlie Hebdo jurnalının redaksiyasına basqın və sonrakı hadisələr sonucu 14 nəfərin öldürülməsi bütün Avropanı ayağa qaldırmışdı. Doğrudan da dəhşətli idi. Amma həmin hadisədən bir neçə gün sonra Nigeriyada Boko Haram terrorçularının 2 minədək insanı öldürməsi kimsənin tükünün belə tərpənməsinə səbəb olmadı. Avropa öz ərazisində 14 nəfər üçün matəm elan etdi, Nigeriyaya Allahın bir başsağlığını belə çox gördü…

Bunun adı ikili standartdır. Bütün məsələlərdə olduğu kimi insan haqları məsələsində də Avropa ikili standartı iş başındadır.

Vaxtımızın azlığını nəzərə alaraq sadəcə faktları konstatasiya etmək istərdim. Şərhləri sizə buraxıram.

Beynəlxalq Amnistiya təşkilatının məlumatına görə, Avropa Birliyi ölkələri özəlliklə də Afrikadan gələn köçkünlərin qitəyə girişini əngəlləmək üçün 1 il ərzində 2 milyard avrodan artıq vəsait xərcləyir. Köçkünlərin şəraitini yaxşılaşdırmaq üçünsə cəmi 700 milyon pul ayrılır.

Son günlər aralıq dənizində Afrikalı köçkünləri daşıyan bərənin batması sonucu 900-dək insanın həlak olması bir daha göstərir ki, Avropa Birliyi onlardan yaxa qurtarmaq üçün ən qəddar şəraitin yaradılmasından belə çəkinmir.

2014-cü ilin fevralında İspaniya sərhəd mühafizəçiləri 250 Afrikalı köçkünün ölkəyə girişini əngəlləmək üçün silahdan istifadə etmişdi. Nəticədə 14 nəfər ölmüş, digərlərininsə ölkəyə girişinə imkan verilməmişdi.

Beynəlxalq Ədalətli Mühakimə təşkilatının hesabatına görə, Avropada 2011-13-cü illərdə istintaq altında tutulan hər 5 nəfərdən 1-i müvafiq tərcümə xidmətinin təmin edilməməsindən şikayətçi olub.

Eyni təşkilat eyni illərdə hər 10 şübhəlidən 1-nin hüquqları haqqında bilgi alması və həbsinin səbəblərini öyrənməsi üçün müraciətlərinin cavabsız qaldığını bildirib.

Yenə də həmin illərdə şübhəli şəxslərin 13%-nin həbsdən sonra özünə vəkil tutması və ya vəkililə əlaqə saxlaması əngəllənib.

Beynəlxalq Həbsxanaları Araşdırma Mərkəzi adlı təşkilatın məlumatlarına görə, Avropa Birliyi ölkələrində dustaqxanalarda yol veriləndən daha artıq dustaq saxlanılır. Örnək üçün, yunan Kiprində yüz nəfərlik yerdə orta hesabla 137,5, Yunanıstanın özündə 136,5, İtaliyada 128,8, Belçikada 124,4 Maltada 133,6 nəfər dustaq saxlanılır.

Avropa ölkələrində eyni zamanda həm də dini və irqi ayrıseçkilik zəminində cinayət halları artmaqdadır. Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə islam, yəhudi dinindən olanlar, eyni zamanda dərisinin rəngi fərqli olanlar ayrıseçkiliyə məruz qalırlar.

Örnək üçün, bu ilin fevralında Fransanın Strasburq şəhərində yəhudi qəbristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılmışdı.

Yaxud da ötən ilin may ayında Brüsseldəki yəhudi muzeyinə hücum sonucu 4 nəfər öldürülmüşdü.

2012-ci ilin fevralında isə Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə hücumda bir kişi və 3 yəhudi uşağı öldürülmüşdü.

Avropa Birliyi Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Britaniya kimi ölkələrdə rəyi soruşulanların 75%-i antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50%-i təşkil edib.

Hər 100 nəfərdən 33-ü bu səbəbdən hücuma məruz qala biləcəyindən qorxur.

Antisemitizmlə bərabər Avropa Birliyi ölkələrində antiislam hərəkatları da getdikcə güclənməkdədir. Bu hal o qədər sürətlənib ki, ötən ilin oktyabrında Almaniya mərkəzli PEGIDA – Patriotische Europäer gegen die Islamisierung des Abendlandes – Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı adlı təşkilat da qurulub. Bu təşkilat təkcə Almaniyada deyil, bir sıra Avropa ölkələrində şöbələrini açıb, rəsmi dövlət iznilə kütləvi tədbirlər təşkil edir. Artıq on minlərlə sözdə vətənpərvər Avropalı PEGIDA-nın müsəlmanlara qarşı açıq nifrət saçan mitinqlərinə qatılır. Və dövlətlər də onların bu çağırışlarını sakit şəkildə seyr edir.

Məscid və başqa ibadət yerlərinə hücumlar da getdikcə adiləşir. Belə hallar Almaniyayla bərabər Fransada, Avstriyada, İsveçdə müşahidə edilib. Bəzən məscidlər yandırılıb, bəzən də onların qapısına kəsilmiş donuz başı qoyulub. Bununla da Qərb ölkələrində islamofobiya öz işini görməkdədir.

Və ən dəhşətlisi isə kiçik uşaqların zorla ailəsinin əlindən alınması Avropada getdikcə adiləşir. Hər il on minlərlə uşaq müxtəlif bəhanələrlə ailəsindən qoparılır və bir daha geri qaytarılmır. Bu münasibətə daha çox köçkün və qaçqın uşaqları məruz qalır. Örnək üçün, təkcə 2011-ci ildə Almaniyada yeniyetmələrlə iş üzrə dövlət qurumu – Jugendamt 38 min 456 uşağı zorla ailəsinin əlindən alıb ki, bunların da 5 mini türk uşaqlarıdır.

Sonda bir sitat: “Avropa hələ də bir çoxları üçün təcrid olunma, ayrıseçkilik və əziyyət məkanıdır”. Bu sözlər Human Rights Watch təşkilatının Avropa və Orta Asiya bölməsinin direktoru Bencamin Uorda aiddir.

Oxunma sayı: 2017