Beynəlxalq qarayaxma maşını necə işləyir?

Azər Həsrət, azer@azerhasret.com

Ötən həftə qeyd etmişdim ki, mənə qarşı beynəlxalq səviyyəli bir təxribatla üz-üzəyəm. Bilərəkdən ayrıntılarına varmamışdım. Çünki bəzi məqamlara aydınlıq gətirmək lazım idi. Daha doğrusu, bəzi adamların reaksiyasını öyrənmək istəyirdim. Amma öyrənə bilmədim.

Mayın 2-4-də Riqada UNESCO-nun təşkilatçılığıyla 3 May Dünya Mətbuat Azadlığı Günü tədbirlərinə qatılmışdıq. Bir öncəki yazımda (Bir Azərbaycan gəncinin yazdırdığı uzun yazı…) bu olayları geniş təsvir etdiyim üçün üzərində dayanmıram. Burada toxunmaq istədiyim və təxribat kimi qiymətləndirdiyim məsələ sonradan baş verib. Özü də şəxsimə böhtanla müşayiət edilib.

Biz Azərbaycana qayıtdıqdan bir gün sonra sosial şəbəkələrdə Florian İrminger adlı bir nəfərin hazırda həbsdə olan İntiqam Əliyevə məktubu yayımlandı. Məktub bu sözlərlə başlayırdı: “Mayın 2-də Riqada Dünya Mətbuat Azadlığı Günü tədbirində hakimiyyət yönlü iki jurnalist (Azər Həsrət və Hikmət Babaoğlu) dedi ki, sən “Azərbaycana radikal İslam gətirdiyin üçün” həbsdəsən”.

Açığı, sonrası da bu qəbildən səfsəfəylə dolu olan məktubu oxuyanda gözlərim kəlləmə çıxdı. Adam tanımadan, bilmədən, üstəlik də çıxışımın videosu göz önündəykən mənə, elə Hikmət Babaoğluna aid olmayan fikirlər üzərindən uzaq gedən nəticələr çıxarır, öz ağlınca bizi və bizim “bağlı olduğumuz” hakimiyyəti yıxıb-sürüyür.

Araşdırma apardım, görüm bu adam kimdir. Bəlli oldu ki, Azərbaycana qarşı ənənəvi qarayaxmalarıyla daim diqqətimizdə olan İnsan Haqları Evi Fondunun Cenevrə ofisinin rəhbəridir. Məktubundan belə anlaşılır ki, mayın 2-də Riqada, Stokholm İqtisadiyyat Məktəbində keçirilən tədbirdə iştirak edib. Və sensasiya yaratmaq üçün demədiyimiz, işarə belə etmədiyimiz sözləri Hikmət müəllimlə mənim ayağıma yazıb. Elə məktubunu da uydurduğu yalanın təsiri altında tamamlayır bu adam: “Bu iki adamın sənin haqqında dedikləri göstərir ki, əqidən sadəcə həqiqət məsələsi deyil, şəxsən özünə qarşıdır. Söhbət faktlardan deyil, sənin cəzalandırılmağından gedir. Bu əsassız ittihamlar hakimiyyətin vətəndaş cəmiyyətinə hücumlarının parodiyasına bənzərdir”.

Bu Florian məktubunda dönə-dönə qeyd edir ki, İntiqam Əliyevin radikal islamla əlaqələndirilməsinə gülməkdən başqa əlacı yoxdur. Gülsün, bir söz demirik. Amma bu adamın gülüşünün həqiqətlə heç bir əlaqəsinin olmadığını nəzərə alsaq, psixikasında bir problem olduğunu iddia edə bilərik.

Qeyd etdiyim kimi, Florian adlı adamın yalan üzərində qurulmuş məktubu sosial şəbəkələrdə sağa-sola paylaşıldı. Bir çox şəxslərin bunu nəzərə alıb məni tənqid etdiyini də gördüm. Bəziləri isə sadəcə şərhsiz paylaşdılar.

Paylaşanlar arasında İntiqam Əliyevin qızı Nərmin Kamilsoy da vardı. Elə bu reaksiyamın gec ortaya çıxmasının səbəbkarı da odur. Məsələ ondadır ki, Nərmin xanımın öz Facebook divarında adı keçən məktubu paylaşdığını görüncə, dərhal ona şəxsən müraciət edib olaya aydınlıq gətirmək istədim. Amma üstündən düz 5 gün keçməsinə baxmayaraq bu xanım mənə cavab vermir. Yəni anladığım budur ki, yalana ortaq olmaq istəyir. Halbuki ona yazmışdım ki, zatən mənim çıxışımın videosunu da paylaşmısınız, orda aydın görünür ki, mən İntiqam Əliyevə heç işarə belə etmirəm.

Nərmin Kamilsoya yazdığım məktub

Nərmin Kamilsoya yazdığım məktub

Təəssüf ki, hələ də bir reaksiya gəlməyib. Amma çox arzu edərdim ki, Nərmin xanım da, İntiqam bəy də məsələyə münasibət bildirsin. Sadəcə bunun yalan olduğunu anladıqlarını deməklə yetinməsinlər. Azərbaycana qarşı yorulmadan fəaliyyət göstərən şəbəkələrin yalan üzərində qurulmuş təbliğatını da şərh etmələrini istərdim onların.

Bir də onu istərdim ki, bu cür təxribatçıların arxasınca sürünənlər nəhayət ki, ayılsınlar. Ayılsınlar və görsünlər ki, Azərbaycan adına edilən ən xırda yaxşılıq belə onlarda necə qıcıq yaradır. Belədirsə, deməli bu adamların dərdi Azərbaycanda insan haqları deyil. Onların dərdi sadəcə bizim cəmiyyətimizin sabitliyini çalxalamaq, insanlarımızı qarşı-qarşıya gətirməkdir. Ona görə də göz görəsi uydurmalarla bizim kimi insanları gözdən salmağa çalışırlar. Özü də beynəlxalq səviyyədə.

Bax, beynəlxalq qarayaxma maşını belə işləyir.

Sonda məlum tədbirdəki çıxışımın da yer aldığı videonu təqdim edirəm ki, ingiliscə bilənlər özləri baxıb bir daha əmin olsunlar ki, bu Florian adlı təxribatçı yalan danışır! Özü də ağ yalan!

Oxunma sayı: 668