Çax-çax baş ağrıdar, dəyirmansa… – Yeniləndi

Azər Həsrət

Azər Həsrət

Azər Həsrət, azer@azerhasret.com

“Azadlıq” radiosu yenə də Azərbaycan mövzusuna müraciət edəcək. Bu dəfə də hər zamankı adamlar hər zamankı mövzuda ölkəmizlə bağlı müzakirə keçirəcək. Təbii ki, radio öz ənənəsinə sədaqətini də qoruyur: qarşı tərəf və ya alternativ deyə biləcəyimiz heç kimi dəvət etmir.

Radionun ingilis dilli saytında elan edilib ki, iyunun 10-da Vaşinqtonda “Azərbaycanın Avropa Oyunlarının gerçək qiyməti” adlı müzakirə keçiriləcək. Müzakirənin o tarixə təyin edilməsi də, təbii ki, oyunların açılışı ərəfəsinin bilərəkdən seçilməsilə bağlıdır.

Bu tədbirlə bağlı radionun internet saytında dərc edilmiş elandakı bəzi yanlışlar da diqqətdən qaçmır.

İddia edilir ki, Avropa Oyunlarında 30 idman növündə yarışma təşkil ediləcək. Halbuki rəsmən elan olunub ki, cəmi 20 idman növü nəzərdə tutulur.

Daha sonra iddia edilir ki, bu oyunların Bakıda təşkili üçün ən azı 10 milyard dollar xərclənib. Halbuki heç bir rəsmi qurum belə bir rəqəm açıqlamayıb.

Ən sərt iddia isə budur ki, Azərbaycan ən çox senzura tətbiq edən ölkələrdən biridir. Biz, Azərbaycan vətəndaşı olaraq 1998-ci ildə rəsmi senzura ləğv edildikdən sonra bu ölkədə heç bir formada senzura görməmişik. Azərbaycan senzuranın bütün növlərindən imtina edib və heç kim bunun əksini iddia edə bilməz.

Bütün bunların işığında, gözlənildiyi kimi, 100-dək siyasi məhbusun mövcudluğu iddia edilir. Hər zamankı kimi bu “100 siyasi məhbus”un xəyali siyahısı belə elan edilmir.

Bunlar öz yerində.

Əsas məsələ bu müzakirədə kimlərin iştirak edəcəyidir. Məlum şəxslərdir: dəfələrlə eyni mövzuda və eyni formatda Azərbaycana qarşı kampaniyalarda yer almış adamlar.

İlk müzakirəçi Kənan Əliyevdir. Çörəyi Azərbaycanı tənqid etməkdən çıxır. Bu yaxınlaradək “Azadlıq” radiosunun Azərbaycan xidmətinə başçılıq edirdi. İndi isə “Azadlıq” və “Amerikanın səsi” radiolarının birgə rusdilli proqramının icraçı redaktoru kimi təqdim edilir. Mənsə bu Kənanı 1997-ci ildə Azərbaycanı tərk etdiyi zamanlardan xatırlayıram. Yadımda qalan əsas məsələ o idi ki, Kənan Kazımoğlu imzasıyla tanınan bu şəxs ABŞ-a köçmək üçün bir amerikalı xanımla evlənmişdi. Anlaşılan o idi ki, adam o çətin illərdə Azərbaycanı beləcə atıb aradan çıxmışdı. İndi Vaşinqtonda oturub bizə demokratiya dərsi keçir…

Digər bir müzakirəçi məlum Arzu Qeybulladır. Bu gənc xanımı da bəzi dairələr həvəsləndirib dünyanın hər tərəfinə çəkirlər ki, Azərbaycanı tənqid etsin. Açığı, gənc olduğu üçün haqqında çox danışmaq istəməzdim. Yalnız bir məsələni qeyd edim ki, bu qıza heyif olur.

Deyilənlərə görə, bu Arzu xanım bir Türkiyə vətəndaşıyla evlidir. Ailə və özəl məsələlərinə qarışmaq istəməzdik əlbəttə. Amma sadəcə bir məsələni düşünmədən keçə bilmirik: əcəba, onun Azərbaycana və Türkiyəyə qarşı bu qədər nifrətlə yüklənməsinin evliliyinə bir dəxli varmı görəsən?

…Bir zamanlar bu Arzunun rəhmətlik atası Qeybulla Qeybullayev Türkiyənin indiki prezidenti, o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanın müşaviri işləyirdi. Yəni daha bir sual da bizi düşündürür ki, bu gənc xanım necə olur ki, bir zamanlar onun ailəsinə çörək vermiş Türkiyə prezidenti Ərdoğana və onun ölkəsinə qarşı bu qədər nifrət püskürə bilir?

1994-97-ci illərdə Azərbaycanda ABŞ səfiri olmuş Riçard Kozlariç də bizi “topa tutacaq” bu ansamblda. Haqqında yetərincə bilgi olduğu üçün üzərində çox dayanmırıq. Sadəcə qeyd edirik ki, birdəfəlik bitmiş bu keçmiş diplomat Azərbaycanı tənqid etməyi özünün mövcudluq forması kimi seçib. Yatır-durur, yuxuda nə görürsə, qaçır “Azadlıq” radiosuna ki, bəs, Azərbaycanda senzura varmış, insan haqları pozulurmuş. İndi də Avropa Oyunları üzrə ekspert qismində çıxış edəcək.

Dördüncü şəxs də yaxşı tanıdıqlarımızdandır: Devid Kramer. ABŞ Dövlət Departamentindən tutmuş Human Rights Watch-a qədər yol keçmiş və hələlik son dayanacaq kimi ermənipərəst senator Con Makkeynin institutunu seçmiş bu adam da Azərbaycana qarşı təşkil edilən hər tədbirdə boy verir. Yəni digər üç nəfər kimi bunun da çörəyi Azərbaycanı tənqid etməkdən çıxır…

Bu adamlar indi yenə də öz ağıllarınca Azərbaycanı “yıxıb-sürüyəcəklər”. Gözlərini yumub ağızlarını açacaqlar ki, bəs, sən demə, Azərbaycanda Avropa Oyunları səbəbindən insan haqları pozulurmuş. Bəs, sən demə, dünya hələ də Azərbaycandakı “repressiv rejim”ə dözürmüş, gərək yerindən duran hər kəs gözünü silib ölkəmizə qarşı bir bəyanatdan-zaddan verməliymiş və s.

Bunların əməlləri bəzi dəlilərin əməllərindən heç nəylə fərqlənmir. Yəni nə baş versə belə öz bildiyini və olmayan ağlının kəsdiyini deyəcək dəlinin.

İndi bunlara təkrar izah etməliyik ki, ay “Azadlıq” radiosu, niyə biz sənin, yəni ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin uzantısının sözüylə oturub-durmalıyıq? Axı siz kimsiniz ki, ikidə bir Azərbaycan kimi öz inkişaf yolunu seçmiş ölkələrə dov gəlmək istəyirsiniz? Ümumiyyətlə, əgər doğrudan da obyektiv müzakirə təşkil etmək istəyirsinizsə, niyə bir dəfə də olsun birtərəfli tənqid etdiyiniz tərəflərdən də kimisə dəvət etmirsiniz? Etməzsiniz, çünki dəvət etsəniz sizin yalanlarınızı yerindəcə faş edəcəyindən qorxursunuz.

Olsun. Öz bildiyinizi edin. Bizsə burda öz işimizdə olaq. Necə deyərlər, çax-çax baş ağrıdar, dəyirman da öz işində olar…

Oxunma sayı: 2488
Share