“Beynəlxalq qurumların susqunluğunu qınayırıq”

Bakı, CASCFEN, 11.06.2016 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Bakı mərkəzli fəaliyyət göstərən rusdilli haqqin.az saytının Almaniyalı müxbiri Tomas Okkupayın həbsinə beynəlxalq jurnalist və insan haqları təşkilatlarının susqunluğunu qınayıb. O, mediaya verdiyi açıqlamada bildirib ki, Avropanın tam ortasında bir jurnalistə qarşı polisin zor tətbiq etməsi, onu həbsə atması və telefonunu müsadirə etməsinə susqun münasibət Qərb təşkilatlarının ikili standartlarının daha bir bariz nümunəsidir.

“Bizə daxil olan məlumata görə, iyunun 6-da Almaniyanın Bavariya (Bayern) əyalətinin Garmiş Partenkirxen (Garmisch-Partenkirchen) şəhərində böyük 7-liyin (G7) toplantısına etirazı işıqlandıran jurnalist Tomas Okkupay polis tərəfindən həbs edilib. 4 saat polis nəzarətində saxlanılan jurnalistə xəbərdarlıq edilib, onun mobil telefonu müsadirə olunub. Öz iradəsinə zidd olaraq peşə fəaliyyətini yerinə yetirməsi əngəllənən jurnalist polis əməkdaşının şəklini çəkməkdə ittiham edilib. Bu isə özəlliklə də Avropa üçün absurd bir ittihamdır. Çünki polis əməkdaşları heç bir halda ictimaiyyət qarşısında olarkən şəkillərinin çəkilməsini yasaqlaya bilməzlər”, – deyə Azər Həsrət bildirib.

Tomas Okkupay

Tomas Okkupay

CASCFEN sədri daha sonra bildirib ki, bu hadisənin özü nə qədər acınacaqlıdırsa, beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarının olaya bu qədər biganə yanaşması ondan daha acınacaqlıdır.

“Biz adətən Qərb təşkilatlarının Azərbaycan kimi ölkələrdə baş verən ən adi hadisəyə belə operativ reaksiyasını görürük. Amma Qərb dəyərlərinin beşiyi olan Almaniyada bir jurnalistə qarşı bu qədər açıq zorakılıq baş verdiyi halda Qərb mediasının və Qərb təşkilatlarının susqunluq nümayiş etdirməsi heç də təqdir ediləsi hal deyil”, – deyə CASCFEN sədri Azər Həsrət əlavə edib.

Oxunma sayı: 525
Share