Qara təbliğat alınmadı, oyunlar başlayır

Azər Həsrət, azer@azerhasret.com

Azərbaycan artıq 1-ci Avropa Oyunlarını başlamağa hazırdır. İyunun 12-si, Bakı vaxtıyla axşam saat 20.15-də başlayacaq açılış mərasiminə bütün dünya şahidlik edəcək. Ölkə rekord qısa müddətdə bu oyunların yüksək səviyyədə keçirilməsi üçün idman infrastrukturunu müasir standartlara uyğun qurmağı və açılış gününə tam hazır səviyyəyə gətirməyi bacardı. Hətta bu iş vaxtından əvvəl yerinə yetirildi.

Faktiki olaraq bütün idman obyektləri açılış və yarışlar üçün hazırdır. Heç bir çatışmazlıq yoxdur.

Amma bütün bu müddət ərzində Azərbaycanın bu böyük uğuruna kölgə salmaq istəyən dairələr də boş durmadılar.

AntiAzərbaycan təbliğatçıları əllərindən gələni etdilər ki, bu böyük tədbiri gözdən salsınlar. Amma alınmadı. Çünki qurduqları təbliğat boş və əsassız idi. Səfərbər edə bildikləri bəzi beynəlxalq təşkilatlar və media qurumlarının özləri belə eyni əsassız iddiaları təkrar-təkrar paylaşmaqla, əslində, öz tərəfdarlarına və oxucularına, tamaşaçılarına uzun müddətli sayğısızlıq nümayiş etdirmiş oldular.

Onların boykot çağırışları da heç bir effekt vermədi. Nəinki hansısa dövlətin rəsmiləri, ümumiyyətlə ən adi bir idmançı belə oyunları boykot etmədi. Əksinə, hər kəs sevinclə, həvəslə Bakıya gələcəyi günü gözləyirdi və artıq istər Media Kəndi, istərsə də Atletlər Kəndi jurnalistlər və idmançılarla dolub-daşır.

Onlar inadkarlıqla antiAzərbaycan təbliğatını davam etdirdikcə Azərbaycan ictimaiyyəti də daha sıx birləşdi, təmkinini qorudu və məhz əsas günü – o möhtəşəm açılış mərasimini gözlədi. Gözlədi ki, bütün dünyaya o təbliğatların və qarayaxmaların nə qədər qərəzli və əsassız olduğunu böyük faktla göstərsin.

Azərbaycana qarşı bu təbliğatda, nə qədər təəssüfləndirici olsa da, ABŞ və əlaltılarının ölkəmizdə formalaşdırıb ayaqda tutmağa çalışdığı 5-ci kolon da yaxından iştirak etməyə çalışdı. Düzdür, Azərbaycan ictimai rəyi bu kəsimi inkar edib yaxına buraxmadığından onlar çox da əl-qol aça bilmədilər. Amma adda-budda, kol dibində öz təbliğatlarını qurub ağalarına xidmət etmək üçün az da olsa çalışa bildilər. Lakin onların da fəaliyyətləri arzu etdikləri nəticəni vermədi.

Avropa ictimai rəyini də Azərbaycana qarşı çevirməyə çalışdılar. Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrdə boykot çağırışlarını alovlandırmağa cəhd göstərdilər. BBC, The Guardian, Independent, Le Monde, Frankfurter Allgemaine Zeitung, Spiegel, Deutsche Welle, habelə İsveç, Danimarka, Norveç və digər Avropa ölkələrinin nəhəng media orqanlarına eyni tezislər əsasında yazılar sifariş etdilər. Onlar da partiya vərəqi səviyyəsinə enərək müti şəkildə bu buyruqları icra etmək məcburiyyətində qaldılar. Çünki müstəqillikləri sadəcə görüntüdür. Əslində isə onlar müxtəlif maliyyə mərkəzləri və siyasi dairələrin nəzarəti altındadır.

Avropa Oyunlarının rəmzi hər yerdədir

Avropa Oyunlarının rəmzi hər yerdədir

Qeyd etdiyimiz kimi, tək bir idmançı belə bu oyunları boykot etmək haqqında fikir bildirmədi. Nəinki idmançı, iştirakçı ölkələrin idmana cavabdeh olan dövlət qurumları və milli olimpiya komitələri, eyni zamanda prezident və baş nazirləri belə boykot haqqında heç bir avantüraya uymadı. Bunların Avropa Oyunlarına qarşı qurmaq istədikləri oyunların heç biri alınmadı.

Nəticədə Azərbaycan dövlətinin ilk gündən elan etdiyi “idman siyasətə qarışdırılmamalıdır” prinsipi qalib gəldi. Qara təbliğat quran dairələr əllərindən gələni etdilər ki, idmanı öz çirkin siyasətlərinə alət etsinlər. Bu işə Mərkəzi Kəşfiyyat İdarəsinin qurub arxasında durduğu “Azadlıq” radiosundan tutmuş ABŞ dövlətinin puluyla fəaliyyət göstərib özünü müstəqil təşkilat kimi qələmə verən Human Rights Watch-lar, Freedom House-lar və bu qəbildən olan qurumlar nə qədər səy göstərsə də özləri deyib özləri eşitdilər. Bu da alınmayanda Avropanın cinsi təmayülü hər bir Azərbaycanlıda ikrah hissi doğuracaq Ulrike Lunaçek tipli siyasət adamlarını səfərbər etdilər. Amma yenə də alınmadı. İstədilər ki, bu tip siyasətçilərlə öz təbliğatlarına yeni “rənglər” qatsınlar, lakin o “rənglər”in elə özlərinə qarşı çevriləcəyini hesablaya bilmədilər.

Bütün bu qaralama kampaniyasının zirvəsi kimi məhz 12 iyun günü əllərində olan partiya vərəqi səviyyəsinə enmiş çox hörmətli dünya mediası nümunələrini xalq arasında “kopi peyst” deyilən materiallarla doldurdular. Amma bu dəfə də yeni bir şey demədilər. Çünki deyəcək sözləri yoxdur.

IFEX (International Freedom of Expression eXchange – Beynəlxalq İfadə Azadlığı Mübadiləsi) təşkilatı isə bunların avantürasına uyaraq son həmlədə alət olmaq yolu tutdu. Oyunların açılış saatında bütün dünyadan Azərbaycana qarşı #Baku2015 Twitter həştəgiylə hücum hazırlayıblar. Öz ağıllarınca düşünürlər ki, bu yolla qara təbliğatda istədiklərinə nail olacaqlar. Amma unudurlar ki, bənzər həştəglər üzərindən bu günədək qurduqları təbliğat Azərbaycan ictimaiyyətinin sərt təpkisi üzündən iflas edib. Minlərlə gənc, ictimai fəal Azərbaycan hakimiyyətinin xəbəri belə olmadan o “qara hücumçular”a elə tutarlı cavab verdi və verməyə davam edir ki, onların bu qara əməlləri heç cür ayaq tutub yeriyə bilmir.

Artıq özləri də hiss edirlər ki, bu qara təbliğatla hər kəsi bezdiriblər. Ona görə də yaxın günlərdə, özəlliklə də möhtəşəm açılış tədbirindən sonra bunlar yavaş-yavaş öləziyəcək, bir müddət sonra isə adda-budda təbliğatla məşğul olacaqlar. Siyasi məhbus kimi qələmə verdikləri də həbsxanalarda günlərini saymağa davam edəcək. Sonra isə o “siyasi məhbuslar” bu xarici havadarlarının diqqətsizliyindən şikayətlənəcək, ardından da sərt bəyanatlarla onları tənqid edəcək.

Proseslərin gedişi onu göstərir ki, bu qara qüvvələr qlobal səfərbərliyə baxmayaraq tarixin təkərini geri döndərə bilmədilər. Bilməzlərdi də. Qeyd etdiyimiz kimi, istər Azərbaycan xalqı, istərsə də dövlət bütün bu proseslərdə hər zaman standartı müəyyən edən tərəf kimi çıxış etməyi bacardı.

Açılışa qədər diqqət çəkən ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan bütün bu hücumlara rəğmən öz təmkinini sonadək qorudu. Azərbaycan Prezidenti İlham Əliyev şəxsən heç bir mərhələdə sayıqlığını itirmədi, böyüklük etdi, qarayaxma komandasına qarşı hər hansı sərt hərəkətə yol vermədi. Bu isə bir dövlət başçısı üçün olduqca önəmli xüsusiyyətdir.

1-ci Avropa Oyunlarını gözdən salmaq istəyənlər qarşılarında daim Azərbaycan ictimaiyyətini – mediasını, QHT-lərini ayrı-ayrı vəzifə sahiblərini gördülər. Onlar hücumlarını artırdıqca Azərbaycan cəmiyyəti daha da birləşdi, Prezident İlham Əliyevə olan inam daha da artdı. Çünki ortada bir müharibə vardı və bu müharibədə xalqın öz liderinin arxasında olacağını hesablaya bilməyənlər uduzmağa məhkum idilər. Uduzdular da.

1-ci Avropa Oyunları tarixə sadəcə bir idman yarışı kimi deyil, Azərbaycan xalqını daha sıx birləşdirən, millətin monolitliyini təmin edən, onu məhz o qara dairələrin qərəzli şəkildə tənqid etdiyi öz Prezidentinin ətrafında möhkəm birləşdirən hadisə kimi düşdü. Liderin ağıllı və təmkinli davranışı, xalqın ona olan sonsuz inamı və güvəni bütün dünyaya bir daha göstərdi ki, Azərbaycana qarşı məkrli siyasət artıq uğur qazana bilmir. Azərbaycan xalqı yaxşı başa düşür ki, yaxın coğrafiyamızda Gürcüstanı, Ukraynanı, hətta Türkiyəni belə qarışdırmağa nail olmuş çevrələrin məqsədi elə Azərbaycanı da o sıraya qoşmaq, xaosa sürükləmək, bulanıq suda balıq tutmaqdır. Ona görə də bütün cəhdlərə baxmayaraq bu oyunların nəinki boykot edilməsi, ümumiyyətlə hər hansı bir şəkildə əngəllənməsi belə alınmadı.

Oxunma sayı: 465
Share