Xarabalıq axtaran bayquşlar

Azər Həsrət, azer@azerhasret.com

Gözəl görüntülər idi. Çox möhtəşəm idi. Bir Azərbaycanlı olaraq qürur duydum, sevindim. Çünki günlərdir həyəcanla gözləyirdik ki, necə olacaq görəsən?

Allah utandırmasın deyirdik. Zatən sağda-solda üstümüzə gəlmək üçün fürsət güdənlər var, onlara bəhanə verməyək deyirdik.

Vermədik də! Hər şey mükəmməl oldu və 1-ci Avropa Oyunlarının o möhtəşəm və rəngarəng açılışına bütün dünya şahidlik etdi!

Biz bacardıq! Özü də ən yüksək səviyyədə! Azərbaycan dövləti, bu oyunların təşkilati işlərinə başçılıq edən ölkənin 1-ci xanımı Mehriban Əliyeva, onun arxasında sözün həqiqi mənasında bütün varlığıyla dağ kimi dayanan Prezident İlham Əliyev və təbii ki, bu iş üçün səfərbər edilmiş minlərlə işçi və könüllü mümkün olandan da artığını etdilər ki, heç bir qüsur olmasın!

Olmadı da!

Oyunların açılış mərasimi kimsənin tənqidinə yer buraxmadı! Möhtəşəmlik görmüşdük, gözləyirdik, amma bu qədərini biz belə arzu etsək də təsəvvür etmirdik!

Açılış mərasimi arzu və təsəvvür etdiyimizdən qat-qat, bəli, qat-qat artıq səviyyədə, üzümüzü sözün həqiqi mənasında ağ edəcək qədər uğurlu oldu!

Möhtəşəm görüntüdən bir an

Möhtəşəm görüntüdən bir an

Bütün bunlara sevindik. Dostlarımız sevindi. Millətimiz sevindi, bizi sevən hər kəs sevindi. Hakimiyyət, müxalifət demədən Azərbaycanı sevən hər kəs sevindi!

Sevinməyənlər də oldu. Təbii ki, ilk sırada ermənilər və onların dostları. Onlarla bərabər çörəyi Azərbaycana qara yaxmaqdan çıxan bəzi əcnəbilər. Bir də bu ermənilər və əcnəbilərin ardınca sürünən adı Azərbaycanlı olub özünü ermənidən də pis aparanlar…

Sosial şəbəkələrdə izlədik və gördük onları. Məlum antiAzərbaycançılar açılış boyu iş başındaydı. Azlıqdaydılar. Özlərinə əl qatsalar da, günlərdir, aylardır kampaniya hazırlıqları görsələr də bütün çalışmaları boşa çıxdı. Qəzəbdən dəli olmuşdular. Özlərini divara çırpırdılar. Ona görə də ağızlarını Allah yoluna qoymuşdular. Qarşılarına keçən hər kəsə diş qıcayırdılar.

Bunlar o qədər hədlərini və ədəb sınırlarını aşdılar ki, hətta Azərbaycan jurnalistikasında hər kəsin tanıyıb sayğı duyduğu, üstəlik də müxalif mövqeyilə seçilən Prof. Nəsir Əhmədlini yaltaq adlandırdılar.

Dünənki uşaq, burnunun suyunu axıda-axıda kimlərin əlində alət olduğunu hələ də anlamayan birisi Nəsir Əhmədli kimi ağsaqqal, əxlaqlı, bütün ömrünü Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli kimlik davasına həsr etməkdə olan bir insana yaltaq damğası vuracaq qədər tərbiyəsizlik etdi. Səbəbsə Avropa Oyunlarının açılışı idi.

Nəsir Əhmədlidən paylaşım

Nəsir Əhmədlidən paylaşım

Nəsir müəllim yazmışdı ki, “1-ci Avropa Oyunlarının açılışı mərasiminə baxarkən gözü yaşarmayan bir kimsə oldusa, onun qan tərkibini yoxlamaq lazımdır”. Burda hakimiyyətlik bir şey varmı? Təbii ki, yox! Amma Nəsir müəllimin dediyi kimi “qanı yoxlanması” lazım olanın özü buna reaksiya verdi!

Həmin o reaksiyanın sahibi zatən bütün gecəsini Avropa Oyunlarının gözdən salınmasına həsr etmişdi. Hər şeyi qara rəngdə görürdü. Xarabalıq axtaran bayquş kimi bu qızcığaz olmayan yerdən problemlər icad etmək üçün can qoyurdu.

Əvvəlcə onun dərdi bu oldu ki, Ermənistan idmançıları meydana çıxarkən onları fitə basan olmayıb ki? Belə anladıq ki, araşdırma aparıb, öyrənib ki, deyəsən olub. Və dərd bunu götürüb. Görün, Tvitterdə nə yazır: “Alışılmış haldır! Ermənistan fitə basılır, Türkiyə isə ən çox alqış alır; Avropa Oyunlarının gerçək ruhu budurmu?”

Daha sonra bu xarabalıq axtaran yaratıq o möhtəşəm nümayişlə öz ağlınca məzələnir: “Arenanı su basdı, ay camaat, yığışın”.

Leydi Gaganın açılışda bir mahnı ifa etməsi də bunun xoşuna gəlmir və onun da “payını” verir. “Mən rəsmən Leydi Gaganı boykot edirəm” deyir bu xarabalıq aşiqi!

Onun gül vurduğu an isə açılış mərasiminin “qaranlıq yönü”nə aid fotoları əldə etməsi haqqında açıqlamasıyla gəlir: “Əgər maraqlanan varsa, Avropa Oyunlarının qaranlıq tərəfinə aid materialı olan yerli fotoqraf var”. Yəni demək istəyir ki, Azərbaycanı gözdən salmaq istəyən hər kəsə xidmət göstərməyə hazırdır…

Burada haqqında söhbət gedən şəxs Arzu Qeybulladır.

Buna bənzər digər biri isə açılış mərasimində iştirak edən Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğluna irad tutur ki, niyə bayram edirsiniz? Çox hörmətli Çavuşoğlu “Can Azərbaycan” dediyi Azərbaycanın bu böyük uğuruna bizim qədər sevinir, Tvitter üzərindən paylaşımlar edir, dünyayla öz sevincini paylaşır. Bir yarımqafalı xarabalıq bayquşu isə başından yekə danışaraq ona ağıl verməyə çalışır. Ki, nəyə sevinirsiniz, Azərbaycan, sən demə, dəhşətli bir yermiş…

Burada isə söhbət AXCP Mətbuat Xidmətinin işlərini məsafədən (Fransadan) idarə edən Natiq Adilovdan gedir.

Bu cür canfəşanlıq edənlər oldu dünən. Elə bu gün də var. Bunların qanını, Nəsir müəllim demişkən, doğrudan da yoxlamaq lazımdır. Çünki bir insanın qanı qarışıq olmasa, o, öz ölkəsinin uğurlarına kölgə salmaq üçün bu qədər çalışmazdı.

Biz, müxalifətçiliyi də, hakimiyyəti bəyənməyib tənqid etməyi də başa düşürük, qəbul edirik. Üstəlik, bunun belə olmasını da arzu edirik. Zatən Azərbaycan dövləti plüralist, azad cəmiyyətin oturuşmasında maraqlıdır. Amma bunların dərdi heç də azad cəmiyyət filan deyil. Elə olsaydı bütün Azərbaycanın adına qazanılan uğurlara belə bunlar bu qədər qəzəblənməzdilər. Qəzəblənirlərsə, yenə də Nəsir müəllim demişkən, bunların qanını yoxlamaq lazımdır.

Sonda qeyd edim ki, bu xarabalıq bayquşlarının adlarını yazmaq istəmirdim. Onsuz da yazını oxuyan kimi özlərini görəcəklər. Hələ başqaları da bu yazıda kimdən söhbət getdiyini anlayacaq. Amma sonradan düşündüm ki, adlarını da əlavə edim ki, “xətirləri” qalmasın.

Bir məqamı da qeyd etmək istərdim: bu bayquşlar Azərbaycanda söz və mətbuat azadlığının yoxluğundan danışırlar daim. Əsas sübutları da budur ki, Xədicə İsmayıl istintaq altında tutulur. Amma ondan danışmırlar ki, bu istintaq altında tutulan Xədicə İsmayıl ordan belə yazılarını yazır, hətta okeanın o tayında, dünyanın ən aparıcı qəzetlərindən olan New York Times-da yayınlaya bilir…

Oxunma sayı: 860
Share

1 Trackback to "Xarabalıq axtaran bayquşlar"

  1. on 18 December 2015 - 13:01 at 13:01