Bəzi adamlar üçün “likbez”

Azər Həsrət, azer@azerhasret.com

Ağlıma gəlməzdi ki, həm də bəzi adamlar üçün “likbez” təşkil etməli olaram. Amma oldum.

Xırda bir məsələ idi. Çoxmənalı bir sözdən istifadə edib bir tvit atmışdım. İngilis dilində yazmışdım ki, “#Azerbaijan! We are pretending to be a country of sport and friendship”.

Məni tanıyan və eyni zamanda ingilis dilini bilənlər anlamışdılar ki, “Biz idman və dostluq ölkəsi olmağa iddia edirik” demək istəyirəm.

Amma yenə də məni tanıyan, lakin hər hərəkətimdə ilişməyə bir səbəb axtaran bəziləri də oldu ki, bundan öz ağıllarınca “uzaqgörən” nəticə çıxarıb “hakimiyyət yönlü jurnalist Azər Həsrət”in qaş düzəldən yerdə göz çıxardığını iddia etdilər.

Neynək, elə olsun. İndi ki, bunlar mənim mövqeyimi və zatən nə demək istədiyimi anladıqları halda belə yazdıqlarımdan öz ağıllarınca nəticə çıxarırlar, məcburən izahat verməli oluram.

Bunların iddiasına görə mən “pretending” deyəndə nəzərdə tutmuşam ki, biz “özümüzü elə göstəririk ki, idman və dostluq ölkəsiyik”. Elə burdan da hərəkət edərək sosial şəbəkələrdə yenə də öz ağıllarınca və təbii ki, öz səviyyələrində “müzakirə” açıblar. Bu müzakirələrdə həm də ədəb və əxlaq çərçivəsində fikirlər yer alsa da əksəriyyəti küçə səviyyəsində olduğu üçün müdaxilə etmirəm. Çünki onların səviyyəsinə enmək fikrim yoxdur. Təbii ki, həmin müzakirələrə xoş məramla və qərəzsiz qatılanlara da sayğımı ifadə edirəm.

İndi isə “pretending” sözünü öz ağıllarınca yozanlar üçün “likbez” məsələsinə gələk.

Onlar iddia edir ki, mən “Azərbaycan özünü elə göstərir ki” demək istəmişəm. Buna dəlil də gətirirlər ki, ingilis dilində həmin söz həmin mənanı ifadə edir. Düzmü deyirlər? İlk baxışdan, bir az da ingilis dilinə tam vaqif olmayanlar üçün, bəli.

Beləliklə, 1998-ci ildə, indi mənə çamur atanlar hələ ayaqyalın palçıqda oynayan vaxtlarda ABŞ-dan şəxsən gətirdiyim “The Oxford American Desk Dictionary” (1998) sözlüyündə “pretend” sözünün izahına baxaq:

pretend /pritend/: claim or assert falsely so as to deceive (tərcüməsi: aldatmaq məqsədilə iddia etmək və ya təsdiqləmək)

Bu, həmin o adamların dediyi ilə üst-üstə düşür və doğrudur. Əgər mənim yazdığım tvitdəki “pretending” sözü yalnız bu mənanı ifadə etsəydi, həmin adamlardan üzr istər, səhv etdiyimi çəkinmədən etiraf edərdim. Amma yuxarıda da qeyd etdiyim kimi, çoxmənalı söz olduğu üçün elə yenə də eyni mənbədə onun daha bir izahına baxaq:

pretend /pritend/: a) lay claim to (a right or title etc.); b) profess to have (a quality etc.)

“Lay claim to” elə mənim nəzərdə tutduğum “pretending” sözünün mənasıdır ki, tərcüməsi “iddia etmək”dir. Mötərizədəki “a right or title etc.” isə “bir haqqa və ya rütbəyə və s.” deməkdir. Yəni bunu tam olaraq belə tərcümə edib belə də anlamaq əsassız deyil: “Bir haqqa və ya rütbəyə iddia etmək”. (“Sahib çıxmaq” da demək olar) Atdığım tvitdə də bu mənanı nəzərdə tutaraq yerində işlətmişəm. Yəni o “uzaqgörən” nəticəni deyil.

“Profess to have a quality” isə “özündə bir keyfiyyətin olmasını israr (bəyan) etmək” anlamı verir. Yenə də mənim tvitimdə bu iddia yer alır və əlbəttə ki, Azərbaycanın özündə idman və dostluq ölkəsi olma keyfiyyətinin varlığında israr etməsini nəzərdə tutmuşam. Təbii ki, buna haqqı çatdığı anlamında.

Bütün deyilənləri qısa olaraq belə yekunlaşdırmaq istərdim ki, ingilis dilindəki “pretend” sözünün məhz “iddia etmək” anlamından istifadə edərək bir tvit atmışam. İndi kimsə öz ağlınca və həm də mənim mövqeyimin ziddinə bir məna çıxarırsa, onunla işim yox. Amma o kəslər ki, bundan istifadə edib məni öz səviyyələrində təhqir edirlər, onlara da yazıqlar və keçmiş olsun deyirəm. Qınamıram. Allah bu adamları yerdə sürünmək üçün yaradıb. Təbii ki, belələrindən uçmağı gözləyə bilmərik.

Ümumiyyətlə isə çoxmənalı sözlər hər dildə var və onları hər kəs istədiyi kimi yoza bilər. Amma yozarkən həmin sözlərin hansı kontekstdə və kim tərəfindən işlədildiyi mütləq nəzərə alınmalıdır. Örnək üçün, ABŞ prezidenti Barak Obamadan bir iqtibasa baxaq:

“Al Qaeda is still a threat. We cannot pretend somehow that because Barack Hussein Obama got elected as president, suddenly everything is going to be OK.” Qaynaq: Brainy Quotes

“Əl-Qaidə hələ də təhdid olaraq qalır. Biz heç cür iddia edə bilmərik ki, Barak Hüseyn Obama prezident seçildiyi üçün hər şey bir and yaxşı ola biləcək.”

Göründüyü kimi, burada “pretend” sözü məhz ABŞ prezidentinin dilindən “iddia etmək” anlamında işlənib. Təbiidir ki, həmin sözü “yalandan iddia etmək” kimi də tərcümə etmək olardı. Amma gərək qalmır. Çünki burada “pretend somehow”, yəni “heç cür iddia edə” şəkli yer alıb ki, burada “yalandan” və ya “doğrudan” açıqlamasına gərək qalmır. Elə mənim tvitimdə də istənilən şəxs şəxsimə münasibətinə uyğun olaraq “yalandan” və ya “doğrudan” anlamı tapa bilər.

Hər şeyi qara görənlər, “xarabalıq axtaran bayquşlar” və ya “gözəlliklər içində zibillik axtaranlar” əlbəttə ki, o tvitdə “yalandan” anlamı görəcəklər. Bu, onların içindəki xıltdan irəli gəlir. Bunların zatı belədir, hər şeyi qara və pis görərlər.

Sonda bu tvitlə mənim nə demək istədiyimi doğru anlayan, yorumlayan və əks tərəfə yozmayan bütün dostlara təşəkkür edirəm.

Sözardı: Əslində, mənim “yanlışımı” aşkar edən bir ermənidir. Ona əvvəlcədən də reaksiya vermədim. Zatən bütün paylaşımlarıma bu və ya digər şəkildə reaksiya verir, öz ağlınca yozur və zamanımı alıb başımı qatmağa çalışır. Mənsə onun məqsədini anladığım üçün baş qoşmuram. Bu yazım da ona cavab deyil. Sadəcə ona görə yazıram ki, həmin erməni bir sürü “azərbaycanlı”nı bir sutkadır bu məsələylə məşğul edə bilib. Bəli, təşəbbüs o ermənidən gəlib, ardınca da çox “ağıllı həmvətənlərim” üstümə düşüblər ki, bəs, sən çaşırsan. Bir söz demirəm artıq burda. O erməni, o da siz. Sürünün onun arxasınca. Zatən sizin mənim Dövlətimə, mənim Millətimə bir faydanızın olacağını sanmıram ki…

Bir erməninin başlatdığı "müzakirə"

Bir erməninin başlatdığı “müzakirə”

…“Likbez”ə gəlincə, 1920-ci illərdə başladılan ictimai kampaniyanın adının qısaldılmış formasıdır. Rus dilindədir. Açması «ликвидация безграмотности», yəni “savadsızlığın ləğv edilməsi” deməkdir. Əsasən yaşlı insanlar üçün nəzərdə tutulmuşdu. Görünür, üstündən yüz ilə yaxın zaman keçsə də o kampaniyaya bəzi adamlar üçün hələ də ehtiyac qalıb…

Oxunma sayı: 771
Share