Avropa Oyunlarının təkrar təsdiqlədiyi gerçək

Azər Həsrət, azer@azerhasret.com

Bugünlərdə bir ingilis jurnalistlə söhbət edirdik. Bakıdadır. Avropa Oyunlarını işıqlandırmaq üçün gəlib. Fürsətkən idmandan başqa məsələlər haqqında da yazır. Çoxlu sualları vardı. Cavablandırdım. Qaranlıq məsələlərə aydınlıq gətirdim.

Adamı ən çox maraqlandıran ənənəvi mövzular idi: insan haqları, media azadlığı, korrupsiya, Qarabağ məsələsi və s.

O da bir sıra Qərb kampaniyaçılarının təsirindən kənar deyil anlaşılan. Qınamıram. Çünki anladığı dildə – ingilis dilində oxuduqlarının çoxu məhz o kampaniyaçıların qələmindən çıxanlardır.

Sırasıyla izah etdik. İzah etdik ki, Azərbaycan həmin dairələrin təbliğ etdiyi kimi orta əsrlər təfəkkürüylə oturub-duran bir ölkə deyil. Buranın insanları da, hakimiyyəti də birmənalı şəkildə Avropa, Qərb dəyərlərinə dəyər verməyi bacaranlardır.

Bütün bunları tək-tək izah etdikdən sonra qonağımız 1-ci Avropa Oyunlarının açılışında sonuncu məşəli niyə məhz Qarabağ savaşı veteranının yandırmasıyla maraqlandı. “Bununla Azərbaycan dünyaya nəyi çatdırmaq istədi”, – deyə o, soruşdu.

Buna da cavabımız oldu ki, yazımızda məhz o məsələnin üzərində dayanırıq.

Möhtəşəm görüntüdən bir an

Möhtəşəm görüntüdən bir an

Azərbaycan sadəcə bir Qarabağ qazisilə deyil, ümumiyyətlə bu oyunlarla dünyaya çox böyük bir mesaj vermiş olur.

Birincisi, açılışın milli koloritlərlə zəngin olması, eyni zamanda Avropanı simvolizə edən ayrıntılara yer verilməsi anlayan hər kəs üçün xoş məramlı bir mesajdır.

Milli koloritin olması bu deməkdir ki, Azərbaycan çağdaş dəyərlərə sahib çıxmaqla bərabər həm də öz milli kimliyini qorumaq əzmində və gücündədir.

Daha bir mesaj isə budur ki, bizdən bizə zidd tələblərdə bulunanlar bir daha düşünsünlər ki, Azərbaycan heç vaxt milli dəyərlərindən vaz keçən deyil.

Digər mesaj Avropa simvollarına yer verməklə çatdırıldı. Yəni biz Avropa və ya qlobal dəyərləri nəinki rədd etmirik, əksinə, ən yüksək səviyyədə qəbul edirik.

Ən əsas mesaj isə, əlbəttə ki, Qarabağ qazisi İlham Zəkiyevin sonuncu məşəli meydana gətirməsilə verildi. Dünyaya xatırladıldı ki, Azərbaycan hətta savaş insanlarının nifrətini belə sevgiyə çevirəcək gücə malikdir.

Açılış mərasimi və sonrakı günlərdə müşahidə edilən davranışlar da bunu təsdiq etdi.

Azərbaycan bu oyunları qəbul etməklə dünyaya göstərdi ki, bütün göstəricilər üzrə regionun ən güclü dövlətidir.

Burada qabarıq şəkildə nəzərə çatdırılansa budur ki, Azərbaycan xalqı və hakimiyyəti arasında iddia edilən uçurum yoxdur.

Nəinki uçurum, heç onun əlamətləri də gözə dəymir.

O əlamətlər ki, bəlli dairələr Qərb mediasında aylardır uydurmaqdadırlar. İndi onlar da təbliğatı səngidiblər. Çünki artıq özləri də görür ki, milyonlar xərcləyib dünyada haqqımızda mənfi rəy yaratmaq üçün sərf etdikləri enerji 1-ci Avropa Oyunlarının təkcə bir açılış törəniylə havaya uçdu.

Hətta ölkə içində oturub antiAzərbaycan qüvvələrin dəyirmanına su tökənlər belə özləri də bilmədən Bakıdakı nizam-intizamdan danışmalı oldular. Halbuki bu adamlar aylardır Oyunları gözdən salmaq üçün dəridən-qabıqdan çıxırdılar. İndi onların da səsləri kəsilib.

Kəsiləcəkdi zatən. Çünki ortada iş olunca fakt qarşısında qalanlar mütləq susarlar. Başqa yolu da yox ki.

Artıq son günlərin müşahidələri göstərir ki, Qərb mediası belə ənənəvi hücumları səngitməli olub. Çünki Azərbaycan bu Oyunları bir idman bayramı kimi təşkil edib, bu ruhda da gerçəkləşdirir. Ona görə də Azərbaycanı, onun böyük uğurlarını gözdən salmaq istəyənlərin istəkləri bu dəfə də baş tutmamış sayıla bilər.

Yəni mesaj həmin mesajdır: biz dövlət olaraq güclüyük, amma hələ ki, bu gücümüzü yalnız dinc yollarla nümayiş etdirməyə üstünlük veririk. Anlaması gərək olanlar anlasınlar artıq.

Oxunma sayı: 490
Share