Guya nazir bunu hədələyibmiş…

Azər Həsrət

Azər Həsrət

Azər Həsrət, azer@azerhasret.com

Şər-böhtan pis şeydir. Şər atmaq o qədər alçaq hərəkətdir ki, kiməsə şərçi deyəndə bunu sakit qarşılaması mümkün deyil.

İnsan kimsəyə şər atmasın gərək. Amma adamlar da var ki, şər, böhtan, yalan bunların həyat fəlsəfəsi, yaşam səbəbidir. Şər atıb pul alırlar. Şər atıb özlərini daha baha qiymətə satırlar.

Birisi var, özünə ad qoyub. Özünü hər tərəfdə yazıçı kimi təqdim edir. Bir dəfə ondan soruşdum ki, adını yazıçı qoymusan, bəs sənin axı heç bir əsərin yoxdur? Heç olmasa bir hekayəndən, zaddan varsa, xəbər elə, oxuyaq dedim. Cavabı bu oldu ki, heç nəyi yoxmuş. Amma azad insan olduğu üçün özünü yazıçı adlandırmaqda da sərbəstdir…

Bu adam indi də gecəli-gündüzlü 1-ci Avropa Oyunlarını gözdən salmaq üçün çalışır. Vətənini atıb sığındığı Almaniyada oturub nələrsə uydurur. İnsanların hislərini zədələyəcək uydurmalar heç nədir bu adam üçün.

Bir neçə gün öncə çağdaş texnologiyaların verdiyi imkanlardan istifadə edərək elə bir xəbər yaydı ki, bu adam, dünyanın ən ləyaqətsiz adamı belə onu etməzdi.

Yaz(dır)dı ki, Bakıda avtobus qəzasında ağır zədə almış Avstriyalı idmançı Vanessa Şahinoviç, bəs, sən demə, xəstəxanada keçinib. Bunu əməlli-başlı tirajladı bu adam. Özü də iddia etdi ki, idmançının ölüm xəbərini guya Bakı Avropa Oyunları Təşkilat Komitəsindən (BEGOC) adının açıqlanmasını istəməyən birisi veribmiş.

Sonra rəsmi mənbələr xəbəri təkzib etdi. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov şəxsən açıqlama verdi ki, idmançını müalicə edən xəsətəxanayla da, onun ailəsilə də əlaqə saxlayıb, hər şey yolundadır.

Bu yalan dağarcığı, baxın, sonra nə etdi. Az öncə yaydığı yalan xəbəri biabırçı bir şəkildə təkzib etdi. Və özünün uydurduğu yalanı da başqalarının adına yazdı: “20 iyunda sosial şəbəkələrdə avstriyalı idmançının vəfat etdiyi barədə məlumatlar yayılıb”. İndi gəl bu adamdan soruşma ki, hansı sosial şəbəkələrdə? Kim yaymışdı bu xəbəri? Axı sizin özünüz uydurmuşdunuz bu yalan xəbəri, necə olur indi başqalarının adına yazırsınız?

Soruşmadıq o günlərdə. Zatən düşündük ki, bu tiplərə baş qoşmağa dəyməz.

Biz baş qoşmadıq, amma bunlar da boş dayanmadılar. Yenə də bir bəhanə uydurub az qala bütün Almaniya mediasını ayağa qaldırıblar. Guya Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov üçüncü şəxs vasitəsilə bu elementə xəbər göndərib ki, “artıq sən təhlükəsizlikdə deyilsən”.

Camaat nə hayda, bu nə hayda. Hər kəs Bakıda bayram əhval-ruhiyyəsində, Avropa Oyunları ən yüksək səviyyədə həyata keçirilir, bu adam da durub iddia edir ki, o boyda nazir onu hədələyirmiş. Hələ durub sosial şəbəkələr üzərindən Azərbaycan Prezidentinə də xəbər göndərir ki, bəs, xəbərin olsun, Sizin naziriniz məni hədələyir.

Şər, böhtan görmüşdük, amma bu qədərini də yox!

Bir adam nə qədər utanmaz olmalıdır ki, dəxli olmadan bir naziri belə bir iddiayla ittiham etsin? Üstəlik, ölkənin prezidentinə də müraciət etsin ki, bəs, nazirin məni hədələyir?

Bütün bunlardan əlavə, Almaniya mətbuatı doğrudanmı bu qədər qeyri-ciddi duruma düşüb ki, hansısa yoldan ötənin uydurmalarını bu qədər həvəslə tirajlayır? Bəs Sərhədsiz Reportyorların Almaniya qolu necə, bu avantüraya həvəslə qoşulursa, ona nə ad verək?

Avropa Oyunlarında qüsur axtaranların əli hər şeydən üzüldü, indi də bu ucuz hoqqalara əl atırlar. Yazıqlar olsun deyək, boş verək getsin. Zatən bunlar xarabalıq bayquşlarıdır. Hər şeyi qara rəngdə görərlər. Hər tərəf gözəlliklərlə dolu olsa belə zibillik axtararlar. Bunu da tapmayanda durub həyatlarına təhlükə olduğunu iddia edərlər ki, sən demə, o boyda nazir bunu hədələyirmiş…

Oxunma sayı: 2155