Bunlar niyə belə tərbiyəsiz olur?

Azər Həsrət, azer@azerhasret.com

Sosial medianın geniş yayılması və əlçatan olması insanlar arasındakı fərqləri də bəzən heçə endirir. Bu media imkan verir ki, dağ başında qoyun otaran çobanla bir universitetdə dərs deyən professor, yaxud da adi kəndlilə deputat, nazir heç bir vasitəçi olmadan ünsiyyət qursun, söhbət eləsin, müzakirə açsın.

Bu yeni texnologiya həm də yeni münasibətlər sistemi gətirib özüylə. Adi həyatdakı qaydaların böyük çoxluğu bu müstəvidə də keçərlidir. Amma bəzən bəzi adamlar hətta ən adi qaydaları gözləməkdə çətinlik çəkirlər. Ədəb həddini, əxlaq sınırını aşanlar tez-tez çıxır qarşımıza. Baxırıq, görürük gəncdir, çox zaman da dünyadan xəbərsizdir, təcrübəsizdir, təmkinlə yanaşırıq. Düşünürük ki, gənclərin səhv etmə haqqı var. Çünki biz də bir zamanlar gənc olmuşuq, səhv etmişik, səhvimizi anladıqda üzr də istəmişik. Yəni insan halıdır, hər şey ola bilər və bir el sözümüzdə deyildiyi kimi “anlayan anlamayana borcludur”.

Bütün bunlarla bərabər bəzən elə hallara da rast gəlirik, açığı, ortaya çıxan sualların cavabını heç cür tapa bilmirik. Çünki bizim düşüncəmizdə fərqli fikirlərə hər zaman yer var, amma söyüşə, təhqirə heç zaman təmkinli yanaşa bilmərik. Yəni bizi və fikirlərimizi, əməllərimizi hər kəs, hətta bizdən yaşda da, başda da xeyli aşağıda olanlar istənilən sərtlikdə tənqid edə bilər, amma təhqir edənlərə dözmərik. Bu, bizim prinsipimizdir və sosial şəbəkələrdə bizimlə münasibətlərdə həddini aşanları mümkün olduqca tərbiyələndirməyə çalışırıq, bu alınmayanda da bloklayırıq ki, haydı, başqa qapıya.

Tərbiyə həddi. Bax, bu həddi aşanların çoxu, çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyətindən narazı olub ona alternativliyə iddia edən siyasi təşkilatların üzvləri olur. Kimsə düşünməsin ki, bu yazımla həmin siyasi qüvvələri hədəfə almaq kimi bir məqsədim var. Sadəcə anlamadığım, anlamaqda çətinlik çəkdiyim bir məsələni aydınlaşdırmaq üçün yazıram bu yazını.

21 iyunda “Xəzər” TV-də mənim təqdimatımda yayımlanan “Tərs bucaq” verilişində bəzi Qərb media qurumlarının Azərbaycana qarşı kampaniyaçılığını şərh etmişdim. Suallar vardı, cavablandırmağa çalışmış, ümumi durumu şərh etmişdim. Zatən hər bazar günü etdiyim, Azərbaycanın daxili siyasi gündəmindən uzaq bir verilişdir “Tərs bucaq”.

Bir də bütün verilişlərimizi istisnasız olaraq YouTube və Facebook üzərindən paylaşırıq ki, baxa bilməyənlər istədikləri vaxt bu imkandan istifadə etsinlər. Üstəlik, Facebook səhifəmizdə (facebook.com/tersbucaq) verilişlərimizin müzakirəsi üçün də şərait yaradırıq. Yəni insanlar bizimlə nədəsə razı olmadıqda və ya hansısa təklifləri olduqda, buyursunlar, müzakirə açsınlar. Bu da bizim fərqli fikirlərə sayğımızdan, özümüzə qarşı tənqidlərə açıq olmağımızdan irəli gəlir.

Bizim belə xoş məramımız, yuxarıda da qeyd etdiyimiz kimi, bəzən yanlış anlaşılır, şəxsimizə və işimizə qarşı təhqirlərə tuş gəlirik. Şübhə etmirik ki, bu təhqirləri bizə ünvanlayanlar çamur içində olan, geri zəkalı, ağzından çıxanı qulağı duymayanlardır.

21 iyundakı verilişimizin Facebook səhifəmizdə yayımlanmasından sonra bir şərhə rast gəldim. Profilində şəkli olan, adını Rəsulbəyli Etibar kimi qeyd edən və AXCP adlı yerdə işlədiyi göstərilən birisi “sizə yuxarıdan tapşırıq gəlib hə ki, avropanı batırasız. heç vicdanınız sızlamır ki bu qeder xalqa yalan məlumat verirsiz. çaqqal yığını” yazaraq bizi təhqir edirdi. Təmkinlə oxuyub adamı tərbiyəyə dəvət etməyə çalışdıq: “Yazdığınız tərbiyə həddini aşdığı üçün cavab vermirik”. Daha irəli gedərək, görün nə yazır bu adam: “verede bilmersiz cunki demeye sozunuz ola da bilmez. sizin kimilernen bu xalqın axırı ne olacaq Allah bilir”. (Adamın yazdıqlarını olduğu kimi təqdim edirik. Azərbaycan dili bizi bağışlasın. – A.H.)

Sözü gedən şərhlər

Sözü gedən şərhlər

Belə anlaşıldı ki, heç vaxt rast gəlmədiyim, tanımadığım və məni də yəqin ki, tanımayan bu adam heç bir əxlaq sınırı tanımadan ədəbsiz şəkildə, dəxli olmadan təhqirə də yol verir, əsassız ittihama da, üstəlik, normal mükaliməyə dəvəti də rədd edir.

İşim yox, o onun tərbiyəsi(zliyi), o da özü. Yəqin ki, bu cür adamlar evdə ata-anaları, böyüklərilə də belə küçə səviyyəsində ünsiyyət qururlar. Ümumiyyətlə isə bu cür adamların tərbiyəsi onların böyüklərinin əxlaqının inikasından başqa bir şey deyil. Zatən deyirlər axı, uşaq evin güzgüsüdür.

Bizi maraqlandıran başqa məsələdir. Necə olur ki, bu tərbiyə, ədəb anlayışından məhrum adamlar AXCP kimi bir qurumda olur həmişə? Axı bunlar niyə öz başlarına yalnız küçə leksikonundan anlayanları toplayır? Məgər siyasi mübarizəni, lap belə kəskin şəkildə də olsa, ədəb çərçivəsində aparmaq doğrudanmı mümkünsüzdür? Necə olur ki, AXCP üzvü olduğunu bəyan edənlər hər yetdiklərini bu cür küçə leksikonuna “qonaq etməyi” normadan sayırlar? Bu, nə təşkilatdır, bunun bir başçısı, heç olmasa elementar ədəb qaydalarını anlayan rəhbəri yoxdurmu? Axı bu adamlar bu gün məni söyürlərsə, bir gün siz rəhbərləri söyməyəcəklərinə kim təminat verir?

Vallah anlamıram, billah anlamıram: bunlar niyə belə tərbiyəsiz olur? Bir anlayan varsa bizə də anlatsın lütfən.

Oxunma sayı: 546